Məhkəmə qərarları › İş №2-1(112)-6370/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6370/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6370/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə yolu ilə onun xx.xx.2019xx.xx.2021-ci il dövründə bələdiyyədə həqiqətən işlədiyinin təsdiq edilməsi və Biləcəri bələdiyyəsi tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyul ayının 18-də 65 yaşı tamam olduqdan sonra avqust ayının 8-də yaşa görə təqaüd almaq məqsədi ilə 4 saylı Bakı Dost Mərkəzinə ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi sənədlər (əmək kitabçası, diplom, hərbi bilet və s.) əsasında müvafiq araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, onun sığorta stajının müddəti cəmi 21 il 7 aydır (yəni 259 aydır). Yaşa görə təqaüd almaq üçün zəruri olan sığorta stajının müddəti Azərbaycan Respublikasının Qanunvericiliyiinə əsasən 25 ildir (yəni 300 aydır). Sığorta stajına daxil olmayan 41 ayın böyük bir hissəsi xx.xx.2019-xx.xx.2021-ci illərə təsadüf edir. Bu dövr ərzində o, müqavilə əsasında Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsində (SUN **********7 VÖEN **********) işləmişdir. Biləcəri bələdiyyəsində işlədiyi dövr ərzində onun aldığı əmək haqqından bütün zəruri vergilər, o cümlədən sığorta ayırmaları tutulmuş, lakin onun (SSN **********272 ) sığorta hesabına qismən köçürülmüş, 2019-cu ildə 7 ay, 2020-ci ildə 6 ay və 2021-ci ildə 6 ay cəmi 19 ay ərzində sığorta hesabına, ümumiyyətlə vəsait köçürülməmişdir. 2021-ci ilin aprel ayından oktyabr ayına qədər olan dövr üçün bələdiyyənin mühasibatlığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında olan Dövlət Vergi Xidmətinə yanlış arayış təqdim edərək, onun ümumiyyətlə bu müddətdə bələdiyyədə fəaliyyətinin olmamasını bəyan etmişdir. Bu faktı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun “X7 və Sosial Sığorta Departamenti”nin apardığı araşdırma aşkar etmişdir. Dəfələrlə Bələdiyyənin mühasibatlığından və rəhbərliyindən şifahi və yazılı sürətdə bu saxta məlumatı təkzib etmələrini xahiş etmişdir. Onun bələdiyyədəki fəaliyyətinə xitam barəsində (xx.xx.2021) məlumat Dövlət portalında öz əksini tapmışdır. 2021-ci ilin oktyabr ayından bu günə qədər o, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi rayon MKTB (SUN **********, VÖEN **********) işliyir. Biləcəri bələdiyyəsinin rəhbərliyinin səhlənkarlığı üzündən o, təqaüd almaq huququndan məhrum olmuşdur və maddi zərər çəkir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək ona 2023-cü ilin iyul ayıda daxil olmaqla faktiki dəymiş 3400 manatlıq maddi zərərin birdəfəlik ödəniş şəklində, növbəti 6 ay ərzində (2023-cü ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2024-cü ilin yanvar ayları) dəyəcək 1680 manatlıq zərərin aylar üzrə ödəniş formasında icra olunmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4344/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 27 mart 2023-cü il tarixli, 01/59 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 18 iyun 2019-cu il tarixli 01-10/K-36 nömrəli Əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdən Təsərrüfat şöbəsinə mütəxəssis işinə qəbul edilmişdir. -Bakı Şəhəri Biləcəri Bələdiyyəsinin 01 sentyabr 2021-ci il tarixli 01-08/Ü-06 nömrəli əmri ilə İddiaçı - Əhaliyə vətəndaşlıq xidmətinin göstərilməsi şöbəsinin müdiri xx.xx.2021-ci il tarixdən AR ƏM-nin 70-ci bəndinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Biləcəri Bələdiyyəsinin 19 may 2023-cü il tarixli, 01/136 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsində vəzifə tutmaqla bələdiyyə qulluqçu olub. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinə əsasən Bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Həmin maddənin 3-ci hissəsinə əsasən Bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 may 2023-cü il tarixli, 3-17-1/2-113449/2023 nömrəli məktubu ilə göndərilmiş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatdan görünür ki: -Azərbaycan Respublikası Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən 2019-cu ilin aprel-dekabr, 2020-ci ilin yanvar-iyun ayları üçün sığorta ödənişləri edilməmiş, 2020-ci ilin iyul-sentyabr ayları üçün sığorta ödənişi edilmiş, 2020-ci ilin oktyabr ayı üçün sığorta ödənişi edilməmiş, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayına kimi sığorta ödənişi edilmişdir. -Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfati Departamenti Binəqədi Rayon Mktb tərəfindən 2021-ci ilin oktyabr-noyabr ayları üçün sığorta ödənişi edilmiş, 2021-ci ilin dekabr ayı üçün sığorta ödənişi edilməmiş, 2021-ci ilin yanvarından 2023-cü ilin martına kimi sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli Fərdi şəxsin hesab haqqında məktubunda bildirilmişdir ki, Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 2022-ci il 2 noyabr tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, Nazirliyin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin (bundan sonra - MEİS) "Sığorta (Hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi (bundan sonra - sığortaedən) (SUN: **********7) tərəfindən təqdim edilmiş 2019-cu ilin İİ-V rübləri, 2020-ci ilin İ, İİ, İV rübləri, 2021-ci ilin İ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin tam ödənilmədiyi üçün Sizin və digər sığortaolunanların fərdi şəxsi hesablarında az məbləğdə əks olunmuşdur. Eyni zamanda bildiririk ki, sığortaedənlər tərəfindən 2020-ci ilin İİİ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta naqqı üzrə məlumatlarınız **********272 nömrəli fərdi şəxsi hesabınızda tam məbləğdə əks olunmuşdur. Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada hesabat əvəzinə fəaliyyətin olmaması barədə “Arayış hesabat”ı təqdim edildiyindən həmin dövr üzrə məlumatlarınız fərdi şəxsi hesabınızda əks olunmamışdır. Nəzərinizə çatdırırıq ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərdə sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə 5 sığortaçıya ödəmək sığortaedənin vəzifəsi olduğundan, sığortaedənə müraciət etməyiniz tövsiyə olunur. Məlumat üçün bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Əlavə olaraq bildiririk ki, sığortaedən tərəfindən yuxarıda qeyd olunan dövrlər üzrə yaranmış borc ödənişləri ödənildikdən sonra Sizin və digər sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatları fərdi şəxsi hesablarında əks olunması təmin ediləcəkdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 avqust 2023-cü il tarixli, 3-17-1/2-182333/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 11,07.2023-cü il tarixli 2-1(112)-6370/2023 nömrəli məktub baxılması üçün Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuşdur. Məlumat üçün bildiririk ki, İddiaçı xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək olan hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 22 il 1 ay 12 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan 1 il 4 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 23 il 5 ay 12 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Adıçəkilən şəxsin xx.xx.2006-cı ii tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Vətəndaşın 19145,77 manat (xx.xx.2006-cı il tarixinədək olan 22 il 1 ay 12 gün sığorta stajına uyğun olaraq 17983,55 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1162,22 manat) pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Azəravtoyol” dövlət şirkəti Yol Fondu İdarəsində xx.xx.1994-cü il tarixində işdənçıxma əmri qeyd olunmadığından, “İMEYR” aviaşirkətində xx.xx.2000-ci il tarixində işə daxil olma və xx.xx.2001-ci il tarixində işdən çıxma qeydləri rus dilində yazıldığından sözügedən müəssisələrdə xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmin məktubla göndərilmiş inzibati icraat materiallarının surətindən görünür ki: -İddiaçı xx.xx.2022-ci ildə yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə X6 pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli Qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.Tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə yaşa görə pensiyası hüququ yaranmır. Sosial müavinət almır. xx.xx.1994 - xx.xx.1994-cü illərdə olan iş stajı əmr tarixi və №-si qeyd olunmadığından, xx.xx.2000 – xx.xx.2001-ci illər isə işə giriş və çıxış əmrləri rus dilində yazıldığından sosial sığorta stajına daxil edilmir. -İddiaçının ümumi sığorta stajı: xx.xx.1992-ci ilədək 18 il 4 ay 7 gün, xx.xx.1992xx.xx.2006-dək 5 il 1 ay 5 gün, cəmi 23 il 5 ay 12 gün, xx.xx.2006-cı il tarixədək pensiya kapitalı 17383 manat, 2006-dan sonra toplanmış pensiya kapitalı 11612.23 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, təhsil haqqında diplomunuzun və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə oldudunuz dövr) 21 il 7 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1994cü il tarixinədək qeyd olunmuş “Nadir+R” firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin illərdə əməkhaqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti ormayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən adınıza aktiv əmək müqaviləsi (İşəgötürən:Bakı şəhəri Binəqədi rayonu MKTB) olduğundan sizə yaşa görə sosial müavinətin də təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl zərərin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə Biləcəri Bələdiyyəsinə müraciət etmiş, ərizə 01-05/Q-26 nömrəsi ilə Abdullayeva soyadlı əməkdaş tərəfindən qəbul edilmişdir. Cavabdeh iddiaçının müvafiq ərizə ilə müraciət etmədiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı Şəhəri Biləcəri Bələdiyyəsinə işə qəbul olmuş, xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı 65 pensiya yaşına xx.xx.2022-ci ildə çatdığı, həmin vaxtdan etibarən yaşa görə pensiyaya çıxmalı olduğu halda Biləcəri Bələdiyyəsi tərəfindən bələdiyyədə işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrün onun pensiyaya əsas verən sığorta stajı kimi nəzərə alınmadığını, nəticədə pensiya hüququndan məhrum olmaqla maddi zərər çəkdiyini iddia edir. İddiaçı bununla əlaqədar 2022-ci il üzrə minimum pensiya məbləği 240 manat, 2023-cü ildən 280 manat təşkil etdiyini əsas götürərək ona xx.xx.2022-ci il tarixdən 2023-cü ilin iyul ayı daxil 3400 manat, 2023-cü ilin avqust-dekabr və 2024-cü ilin yanvar ayı daxil olmaqla ala bilmədiyi pensiya məbləğini maddi zərər formasında cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı iş üzrə tələb olunan maddi zərərlə bağlı tələbin təmin edilməsi üçün cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya maddi zərər dəydiyi, daha konkret olaraq iddiaçının pensiya pensiyaya çıxmaq hüququnun məhz cavabdeh tərəfindən pozulduğu pensiya yaşına çatdığı vaxtdan almalı olduğu pensiya məbləğindən məhrum edilməsini sübuta yetirilməsi tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2022-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. Məhkəmənin sorğusuna cavab olaraq pensiya təyinatını həyata keçirən orqanın verdiyi cavab məktubundan, eləcə də inzibati icraat materiallarından görünür ki, iddiaçı pensiya təyinatı yaş həddinə çatmış olsa da lakin onun tələb olunan 25 il sığorta stajı və ya pensiya təminatına əsas verən pensiya kapitalı olmamışdır. Belə ki, iddiaçının hərbi bilet, diplom, eləcə də əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək pensiya təyinatını həyata keçirən orqan tərəfindən mübahisələndirilməyən sığorta stajı xx.xx.1974-xx.xx.1978-ci il tarixinədək təhsil dövrü, xx.xx.1978-xx.xx.1980-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1978-xx.xx.1978, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980xx.xx.1983, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994-cü il olmaqla xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajı 22 il 1 ay 12 gün olmuşdur. xx.xx.2006-cı il tarixindən sonra işlədiyi dövr üzrə sosial sığorta stajına yalnız məcburi dövlət sosial sığorta haqları ödənildiyi illər hesablandığı nəzərə alındıqda iddiaçı barəsində məhkəmə sorğusu ilə edilmiş sığortaolunanın fərdi uçot məlumatından müəyyən olunur ki, iddiaçının işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş xx.xx.2020xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022xx.xx.2022-ci il tarixinədək olan 1 il 4 ay əmək fəaliyyəti dövrləri sosial müdafiə orqanı tərəfindən iddiaçının sosial sığorta stajına hesablanmış nəticədə onun mübahisələndirilməyən ümumi sığorta stajı 23 il 5 ay 12 gün müəyyən edilmişdir ki, bu müddət iddiaçının pensiya təyinatına əsas verməmişdir. Fərdi uçot məlumatlarından görünür ki, iddiaçının Biləcəri Bələdiyyəsində işlədiyi xx.xx.2019-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə MDS ödənilməmiş yalnız xx.xx.2019xx.xx.2020-ci il tarixədək cəmi 1 il 13 gün sığorta stajına daxil edilməmişdir ki, həmin dövrün belə mübahisələndirilməyən 23 il 05 ay 12 gün sığorta stajına əlavə edildikdə cəmi sığorta stajı 24 il 05 ay 25 gün edir ki, bununla yenə də tələb olunan 25 il sığorta stajı toplanmır. Başqa sözlə, cavabdehin iddiaçının fərdi hesabına ödəmədiyi və pensiya təyinatında nəzərə alınmayan dövr 1 il 13 gündür ki, bu dövr üzrə MDS ödənilmiş olsa belə həmin dövr iddiaçıya 65 yaşında pensiya təyinatına əsas vermirdi. Eləcə də nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 22 il 1 ay 12 gün sığorta stajına uyğun olaraq 17983,55 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1162,22 manat pensiya kapitalı toplanıldıqda da ümumilikdə pensiya kapitalı 19145,77 manat edir ki. Bu da pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Başqa sözlə, iddiaçının işləmiş olduğu Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin 1 il 13 gün üçün hesablanmış və ödəməli olduğu məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsaydı belə bu kapital onun üçün qanunla tələb olunan 34560 manat pensiya kapitalının toplanmasına kifayət edə bilməzdi. Beləliklə, hazırkı iş üzrə iddiaçı pensiya yaşına çatdığı halda cavabdehin hərəkət (hərəkətsizliyi) ilə ona birbaşa ziyan dəyməsi və iddiaçının pensiya təminatından məhrum qalması arasında səbəbli əlaqə müəyyən olunmadığından məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar