Məhkəmə qərarları › İş №2-1(112)-6372/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6372/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6372/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “direktor vəzifəsindən azad olunma faktının reyestrdə qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin uçot məlumatlarında dəyişiklik edilməsi və "xxxx" MMC-nin qanuni təmsilçisi kimi İddiaçı adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması (qanuni təmsilçi siyahısından çıxarılması) vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 1985-ci ildən etibarən müxtəlif təşkilatlarda çalışmışdır. xx.xx.2002-ci il tarixdə o, 18,07.2002-ci ildə təsis edilmiş, hazırda hüquqi ünvanı ünvan 1rup” MMC-də baş direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən ayrılmışdır. Bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. xx.xx.2009-cu il tarixdə o, "Bakı Steel Company” MMC-nin mərkəzi anbarın rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən ayrılmışdır. Bu barədə onun əmək kitabçasında qeydlər aparılmışdır. Bundan sonra bir müddət "Bakı Oksigen Kompani“ ASC-də çalışmış, 2021-ci ildən Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında X8 X4 Azaltemativenerji MMC-də müxtəlif vəzifələrdə çalışmış və hazırda həmin MMC-də Enerji satışı və uçotu şöbəsinin müdiri vəzifəsində çalışır. Qeyd edilmişdir ki, “"xxxx" MMC xx.xx.2002-ci il tarixdə faktiki olaraq X2 tərəfindən təsis edilmiş, İddiaçı həmin MMC-də çalışdığı dövrdə əsas fəaliyyət istiqaməti “X9” MMC-nin işçi heyətinin daşınması təşkil etmişdir. Təxminən 2 il öncə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəvət olunmuş və ona bildirilmişdir ki, "xxxx" MMC MMC-nin vergi borcu vardır. İddiaçı həmin vaxt bildirmişdir ki, onun "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur və direktor vəzifəsindən 2009-cu ildən ayrılmışdır. Bundan sonra Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, qeyd etdiyi xtisusatlar onlar tərəfindən araşdırılacaq və müvafiq qərar qəbul ediləcəkdir. Bundan sonra Dövlət Vergi Xidməti soncu dəfə onunla əlaqə saxlayaraq məsələnin araşdırıldığını və ona aidiyyatı olmadığı bildirilmişdir. O da bundan əmin olub heç bir narahatçılıq keçirməmişdir. Lakin xx.xx.2022-ci il tarixli **********943400 nömrə ilə qeydiyyata alınmış ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq barədə məlumat xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə ona təqdim olunduqdan sonra, O qısa araşdırma apardıqdan sonra müəyyən etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixi dövlət büdcəsinə ümumilikdə 3.805.926,22 manat məbləğində borcu vardır və İddiaçı "xxxx" MMC-nin direktoru kimi vergi xidmətində qeydiyyatda qalmışdır. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi O, xx.xx.2009-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (öz xahişi ilə) "xxxx" MMC-də tutduğu vəzifəsindən ayrılmış və MMC-nin fəaliyyəti ilə bağlı heç bir məlumatı olmamış və rəhbər şəxs kimi heç bir sənədə imza etməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamışdır. Vergi Ödəyicinin vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********159501 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nin 2017ci ildən etibarən vergi qanunvericiliyini pozmasına görə borcu yaranmışdır. Şikayət ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən görünür ki, İddiaçı 2009-cu ildən "xxxx" MMC-nin direktoru vəzifəsindən çıxmışdır. Bu səbəbdən MMC-nin 2009-cu ildən hazırkı dövrə kimi olan fəaliyyəti üzrə İddiaçı məsuliyyət daşıya bilməz. Qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə reyestrdən son dəfə çıxarış verilmiş və həmin vaxtda qanuni təmsilçi kimi X5 göstərilmişdir. Tərəflərindən müxtəlif instansiyalara şikayət ərizələri ilə müraciət edilmiş, hazırda şikayət ərizəsi üzrə araşdırma Bakı şəhəri yaşamal Rayon Polis İdarəsinin icraatında olmaqla araşdırılır. Bununla yanaşı tərəflərindən xx.xx.2022-ci il tarixli 115/319 nömrəli məktubla AR İN yanında Dövlət Vergi Xidmətinə müraciət edilərək “"xxxx" MMC-nin uçot məlumatlarında dəyişiklik edilməsinin təmin edilməsini və İddiaçı adının qanuni təmsilçi siyahısından çıxarılmasının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2022ci il tarixli **********978800 nömrəli məktubla bundan imtina edilmişdir. Həmin məktub iddiaçının ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İmtina məktubu belə əsaslandırılmışdır ki, "Cəmiyyətin rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə dəyişiklik edilməsi barədə təsisçi qərarının əsli və direktorun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildiyi halda mümkündür". İmtina məktubunun qanunsuz hesab edilməsi və "xxxx" MMC-nin uçot məlumatlarında dəyişiklik edilməsi və "xxxx" MMC -nin qanuni təmsilçisi kimi İddiaçı adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması (qanuni təmsilçi siyahısından çıxarılması) vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Cəmiyyətin nizamnaməsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktoru təyin etmək və vəzifədən azad etmək Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Əlavə olaraq bildirilməsini zəruri hesab edirik ki, iddiaçının iddia ərizəsində əsaslandığı əmək qanunvericiliyi baxımından işdən azad edilməsi barədə sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə tələb edilən zəruri sənədlər sırasına aid edilmir.İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub- olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hazırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlətinə aid olmayan vəzifənin qoyulması tələbi ilə İnzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığmağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci, 35-ci və 48.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı oğlunun iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxsə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildə "xxxx" şirkətinin baş direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis sənədlərindən görünür ki: -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********108400 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyata alındığı tarix: xx.xx.2002, əvvəlki dövlət qeydiyyatı №: 30234, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1006, ünvan 2ilər və nizamnamə kapitalında mayaların miqdarı «Vortləks Kompani Limited» şirkəti (Virgin İslands(U.S))-100%, qanuni təmsilçi: İddiaçı, çıxarışın verildiyi tarix və № xx.xx.2022, **********108400. -xx.xx.2007-ci il tarixli 11/1153 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarinin Dövlət Reyestrindən çıxarışında göstərilmişdir ki, qurumun adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyat tarixi: xx.xx.2007-ci il, qeydiyyat №-si: 1107-T27-4407, eyniləşdirmə kodu: 3000794, təşkilati-hüquqi forması: məhdud məsuliyyətli cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: ünvan 3n miqdarı: 100 (bir yüz) manat, təsisçilər və nizamnamə kapitalında payların miqdarı: X1 «Vortləks Kompani Limited» şirkəti - 100%, hüquqi varislik: xx.xx.1996-cı il tarixdə 30234 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış "xxxx" şirkətinin hüquqi varisidir, qanuni təmsilçi: Azərbaycan Respublikasının vətəndaşı İddiaçı, qeydiyyata alınmanın hüquqi əsasları: Təsisçinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi və digər sənədlər. -Təsisçilər tərəfindən 22 fevral 2007-ci il tarixli vəkalətnamə əsasında X3 tərəfindən təsdiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixli, 1107-T27- 45453 qeydiyyat nömrəli nizamnaməsinin: -1.2-ci maddəsinə əsasən Cəmiyyət 18 iyul 1996-cı il tarixdə 30234 nömrə ilə Azəraycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış hüquqi ünvanı ünvan 4azasında yaradılır. -3.1 maddəsinə əsasən Cəmiyyətin təsisçiləri: «Vortləks Kompani Limited» şirkəti (qeydiyyat nömrəsi; 643270, qeydiyyat tarixi: xx.xx.2005-ci il tarixdə Britaniya Virciniya adalarının şirkətlərin qeydiyyatı reysteri tərəfindən dövlət qeydiyyata alınmışdır, şirkətin hüquqi ünvanı: PQ.116, Sea Meadou, Biəkbörn Hayvey, Road Taun, Tortoia, Britaniya Virciniya adaları). -3.2-ci maddəsinə əsasən Cəmiyyətin Təsisçisi onun öhdəlikləri üzrə məsuliyyət daşımır və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu maya dəyəri həddində risk daşıyır. -3.3-cü maddəsinə əsasən Cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə Cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar. -3.4-cü maddəsinə əsasən Cəmiyyətin hər hansı bir Təsisçisi onun digər Təsisiçisinin razılığından asılı olmayaraq istənilən vaxt Cəmiyyətdən çıxa bilər. -9.1-ci maddəsinə görə ümumi yığıncaq: 9.1.1. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. İştirakçı bir şəxs olduqda Cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilir, Ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar onun tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 9.1.2. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə qanunvericilikdə hasqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: 9.1.2.1. Cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişirmək; 9.1.2.2. Cəmiyyətin icra orqanları yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən Baş direktoru və baş mühasibi təyin etmək və vəzifədən azad etmək; 9.1.2.3. Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək; 9.1.2.4. Cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyasın (müfəttişi) seçmək; 9.1.2.5. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onlara yerinə yetirilməsinə dairplan və hesabatları təsdiq etmək; 9.1.2.6. filial və nümayəndələr də daxil olmaqla Cəmiyyətin fəaliyyətinin ilkin nəticələrini, auditor rəy və hesabatlannı təsdiq elmək, zərərlərin ödənilməsi qaydasını müəyyən etmək. 9.1.2.7. iştirakçılar tərəfindən əlavə haqların ödənilməsinin qayda, forma və ölçülərininmüəyyən olunması. 9.1.2.8.Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək. 9.1.2.9. ləğvetmə komissiyasını təyin etmək, ləğvetmə balansını təsdiq etmək. -9.2-ci maddəsinə görə icra orqanı: 9.2.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilir 9.2.2. Baş direktor: 9.2.2.1. Cəmiyyətin adından etibanaməsiz fəaliyyət göstərir; 9.2.2.2. Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir; 9.2.2.3. ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır rəsmi sənədləri imzalayır; 9.2.2.4. Cəmiyyətin işçilərini vəzifəyə təyin edir, başqa işə keçirir, vəzifəsindən azad edir, onların vəzifə maaşlarını müəyyən edir, onlann barəsində həvəsləndirmə və tənbeh tədbirlərimin görülməsi haqqında əmrlər verir; 9.2.2.5 qanunvericiliklə, bu nizamnamə ilə ümumi yığıncağın, direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir. 9.2.3. Cəmiyyət və Baş direktorun arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) ümumi yığıncaqda sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Baş direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilə müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. 9.2.4. Baş direktor Cəmiyyətin hər hansı bir iştirakçısının tələbi ilə Cəmiyyətə vurduğu zərəri qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməyə borcludur. 9.2.5. Baş direktorun səlahiyyətləri müqavilə əsasında başqa fiziki və hüquqi şəxslərə (kənar idarəçiliyə) verilə bilər. Kənar idarəçi direktor kimi Cəmiyyətə münasibətdə idarəetməni qeyri-qənaətbəxş həyata keçiməsi nəticəsində və üçüncü şəxslərə vurduğu zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 9.2.6. Cəmiyyətin Baş direktoru və ya kənar idarəçi direktorlar şurasının (müşahidə şurasının) üzvü ola bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********97880 nömrəli məktubda bildirilmişdir ki, Hüquqi şəxsin qanuni təmsilçilik funksiyasına malik direktorunun dəyişməsi ilə əlaqədar bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-cı maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanını yaratmaq və onların səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanın üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətin təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Yuxanda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Cəmiyyətin rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə dəyişiklik barədə təsisçi qərarının əsli və direktorun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildiyi halda mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunmasının hüquqi şəxsin reyestr məlumatlarında qeyd edilməsi ilə bağlıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslədir. -5.4-cü maddəsinə görə ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti. -9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. -9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9.3-cü maddəsinə görə bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz -9-1.1-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9-1.2-ci maddəsinə görə müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. -9-1.4-cü maddəsinə əsasən təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. -12.12-ci maddəsinə görə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir -14.1-ci maddəsinə görə dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri. -15.3-cü maddəsinə əsasən təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, kommersiya hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunur: Ərizə; təsisçinin (ümumi yığıncağın) qərarı; idarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd; ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd. Başqa sözlə, hüquqi şəxsin qanuni təmsilçisinin təyin edilməsi ilə bağlı məlumat hüquqi şəxsin reyestr məlumatlarına aiddir. Qanunverici qanuni təmsilçinin dəyişilməsi barədə məlumatın təsis sənədlərində edilmiş dəyişiklik olduğundan onun da qeydə alınmasını zəruri hesab edir və bunun üçün yuxarıda qeyd edildiyi kimi təsisçinin(ümumi yığıncağın) qərarı, yeni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə ərizənin verilməsini tələb edir. Bu ərizəni təqdim etmək hüququ isə ya təsisçiyə, yaxud onun səlahiyyət verdiyi şəxsə məxsusdur. Hazırkı iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2002-ci ildə təsis edilmiş, təsisçisi «Vortləks Kompani Limited» şirkətidir. Cəmiyyətinin nizamnaməsinin də tələbinə uyğun olaraq tək təsisçi olduğundan Cəmiyyətin ümumi yığıncağının səlahiyyətini, o cümlədən cəmiyyətin direktorunu təyin və vəzifədən azad etməsi səlahiyyətini təsisçi təkbaşına həyata keçirir. Nizamnamənin tələbinə əsasən cəmiyyətin direktoru təsisçinin qərarı ilə vəzifədən azad edilə bilər. Təsis sənədlərindən görünür ki, hüquqi şəxs ilkin olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış, daha sonra xx.xx.2007-ci ildə 10 rəqəmli VÖEN ilə kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınarkən təsisçinin xx.xx.2007-ci il tarixli qərarına istinad edilərək İddiaçı direktoru olması faktı qeydiyyata alınmışdır. İş materiallarında olan əmək kitabçasının surətində İddiaçı "xxxx" MMC-dən işdən azad edilməsi barədə xx.xx.2009-cu il tarixli qeyd "xxxx" Şirkətinin baş direktoru tərəfindən imzalanmışdır. Hazırkı halda iddiaçı Cəmiyyətlə olan əmək münasibətlərinə xitam verilməsi ilə bağlı bilavasitə özü tərəfindən daxil edilmiş əmək kitabçası qeydlərinə istinad etsə də onun Cəmiyyətin qanuni təmsilçiliyindən azad edilməsi barədə təsisçinin qərarı təqdim edilməmişdir. Halbuki ilkin qeydiyyat zamanı iddiaçının MMC-nin direktoru təyin edilməsi barədə təsisçinin qərarı qeydiyyat orqanına təqdim edildiyi kimi eyni qaydada onun direktorluqdan azad edilməsi barədə təsisçinin qərarı da təqdim edilməlidir. Üstəlik bu dəfə təkcə İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə qərarla deyil, həm də təsisçinin onun yerinə başqa birini direktor təyin etməsi barədə qərar və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim etməsi tələb olunur. Qanunverici təkcə direktorun azad edilməsi barədə qərarı deyil, həm də onun yerinə təyin olunmuş şəxs barədə qərar və məlumatı ona görə tələb edir ki, hüquqi şəxs dövriyyə münasibətlərinin iştirakçısı kimi üçüncü şəxslərə münasibətdə mütləq qaydada qanuni təmsilçi ilə təmsil olunmalıdır. Başqa sözlə, hüquqi şəxs “rəhbərsiz” qala bilməz. Qeyd edildiyi kimi əmək münasibətlərinə xitam verilmə ilə bağlı qeyd (əmək kitabçası, əmək müqaviləsi bildirişi) işəgötürənlə işçi arasında olan münasibətləri tənzimləyir, heç bir halda qeydiyyatı aparan vergi orqanı üçün inzibati öhdəlik yaratmır və inzibati orqanla iddiaçı arasında publik hüquq münasibətin yaranması əsası kimi çıxış etmir. Hazırkı halda qeyd edildiyi kimi təsisçinin iddiaçını direktorluqdan azad etməsi barədə qərar, yeni təmsilçi təyin olunması barədə qərar və yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilmədiyi kimi eyni zamanda və ən əsası iddiaçının qanuni təmsilçilikdən azad edilməsi barədə dəyişdikliyin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə səlahiyyətli şəxsin ərizəsi təqdim edilməmişdir. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi qanuni təmsilçinin dəyişdirilməsi barədə ərizəni təqdim etmək hüququna ilk növbədə Nizamnamə ilə səlahiyyəti müəyyən edilmiş təsisçi və yaxud sonuncunun qeydiyyat orqanına müraciət etmək səlahiyyəti verdiyi yeni qanuni təmsilçisi malikdir ki, hazırkı inzibati icraatda adları çəkilən subyektlər vergi orqanına müvafiq məzmunda ərizə ilə müraciət etməmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsində göstərilmişdir ki, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən inzibati icraat qanunvericiliyindən çıxış etdikdə də müəyyən olunur ki, inzibati icraat bilavasitə hüquq sahibi olan subyektə münasibətdə həyata keçirilir. Bu subyekt ya hüquq və qanunla qorunan maraqlarının təmini üçün inzibati orqana müraciət edən şəxsdir və yaxud inzibati orqanın inzibati aktı və ya hərəkətləri (və ya hərəkətsizliyi) ilə bilavasitə hüquqlarına toxunulan şəxsdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qanuni təmsilçi barədə məlumatın reyestrə daxil edilməsi ilə bağlı müraciət etmək hüququna səlahiyyətli şəxs malik olduğundan, inzibati orqan tərəfindən bu müraciətə cavab verilmədikdə və ya arzuolunan şəkildə təmin edilmədikdə səlahiyyətli şəxsin hüququ pozulmuş olur. Hazırkı halda hüquqi şəxsin qanuni təmsilçisi ilə bağlı dəyişikliyin dövlət reyestrinə daxil edilməsinə dair iddiaçının inzibati orqana müraciət etmək hüququ, cavabdeh orqanın isə iddiaçı bu barədə müraciət etmək hüququna malik olmadığından onun qarşısında müvafiq dəyişikliyin aparılmasını təmin və ya imtina etmək kimi birbaşa öhdəliyi yaranmamışdır. Başqa sözlə, iddiaçının inzibati icraatda hazırkı tələblə inzibati orqana müraciət etmək hüququ yaranmadığından onunla inzibati orqan arasında publik hüququ və publik vəzifədən ibarət hər hansı publik hüquq münasibəti də mövcud olmamışdır. İnzibati hüquq münasibəti olmayan yerdə inzibati mübahisədən, inzibati mübahisə olmadıqda isə inzibati məhkəmə nəzarətindən bəhs edilə bilməz. Hazırkı iş üzrə iddiaçı qanuni təmsilçilikdən çıxarılması üçün hüquqi şəxsin dövlət reyestrinə müvafiq dəyişikliyin edilməsi barədə müraciət etmək hüququ olan səlahiyyəti şəxs hesab olunmur. İddiaçı inzibati icraatda hüquq sahibi olmayan şəxs olduğundan onun inzibati məhkəmə icraatında hüquq müdafiəsi də mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağına hazırkı halda cavabdeh inzibati orqana qarşı hazırkı iddia ilə deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinə qarşı onun barəsində qanuni təmsilçilikdən azad edilmə ilə bağlı hüquqi şəxslərin dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsinə yönələn tələblərlə nail oluna bilər. Yalnız müvafiq məhkəmə qətnaməsindən sonra nəticəyə nail oluna bilinmədiyi halda iddiaçı ilə cavabdeh orqan arasında qeydlərin dövlət reyestrindən çıxarılması ilə bağlı publik hüquq münasibətinin yaranmasından bəhs edilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 52, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “direktor vəzifəsindən azad olunma faktının reyestrdə qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar