Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6373/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçılar X9, İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X9, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əbülfət qızı, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, uşaqların soyadlarının “Məmmədov”dan “Nazimli”yə dəyişdirilərək bu barədə müvafiq akt qeydlərində zəruri qeydiyyat aparılmaqla yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 11 sentyabr 2020-ci il tarixli 2-1(112)6373/2020 saylı Qərardadı ilə iddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əbülfət qızının, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı yeni doğum haqqında şəhadətnamələrin verilməsi tələbinə dair işdən “iddiaçılar X3, İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı yeni doğum haqqında şəhadətnamələrin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(112)-6373/2020 nömrə ilə, “iddiaçılar İddiaçı3, İddiaçı4 Əbülfət qızının cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı yeni doğum haqqında şəhadətnamələrin verilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrə ilə, “iddiaçılar X3, İddiaçı2, cavabdeh Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı yeni doğum haqqında şəhadətnamələrin verilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrə ilə qeydiyyata alınmaqla icraatlara ayrılması qərara alınmışdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, soyadları “Məmmədov” olsa da, həmin soyadın onların nəsilləri ilə heç bir bağlılığı olmamışdır. Övladları öz nəsillərini davam etdirməli, gələcək nəsillərə dədə-babalarına uyğun soyad ötürməlidir. Bunu təmin etmənin vasitələrindən biri kimi , uşaqların soyadları dəyişməli və babalarının adı ilə bağlılığı ifadə edən soyad daşımalıdırlar. Bu məqsədlə Nizami rayon Qeydiyyat şöbəsinə müraciət edərək övladlarının soyadlarının “Məmmədli”dən “Nazim”liyə dəyişdirilməsini xahiş etmişlər. Lakin cavabdeh imtina məktubu ilə Azəbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, 12 may 2011-ci il tarixli “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.1 və 6.1-ci bəndlərinə istinad edərək müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçılar cavabdehin imtinasının əsassız hesab etmişlər. Belə ki, X9 ilə İddiaçı2 birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X10 dünyaya gəlmişdir. O cümlədən bildirmişlər ki, valideynlər soyadlarının dəyişdirilməsinə razıdırlar, bununla bağlı onların arasında fikir ayrılığı yoxdur. Qanunvericiliyin müddəaları baxımından ilk növbədə qeyd etmək lazımdır ki, hazırda qaldırılan məsələ cavabdehin imtinasında istinad etdiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6-cı bəndi ilə tənzimlənən məsələ deyildir. Ona görə də, 6.1-ci bəndə istinadla imtina qanunsuz olmuşdur. Belə ki, Qaydaların 6-cı bəndi yetkinlik yaşına çatmış şəxsin öz təşəbbüsü əsasında adını, ata adını və soyadını dəyişdirməyə dair məsələləri tənzimləyir. Hazırkı halda isə mübahisə valideynlərin müraciəti əsasında uşağın soyadının dəyişdirilməsi ilə bağlıdır. Bu məsələ isə yuxarıda göstərilən Ailə Məcəlləsinin 49.3, 53.3, 53.4, 54.4 və 60.3-cü maddələri ilə və Qaydaların 4-cü bəndi ilə tənzimlənir. Qanunvericiliyə görə uşağın soyadı həmişə onun valideynlərinin soyadı ilə eynilik təşkil etməyə bilər. Ailə Məcəlləsinin 53.3-cü maddəsində və Qaydaların 4.1-ci maddəsində öz əksini tapmış “bir qayda olaraq” ifadəsi qanunvericilikdə belə birmənalı tənzimləmənin olmadığını deməyə əsas verir. Yenə qanunvericiliyə görə valideynlər arasında bununla bağlı razılıq vardırsa və belə razılıq uşağın mənafeyi baxımından hər hansı təhlükə törətmirsə valideynlər uşaqlarına öz soyadlarından fərqli soyad vermək hüququna malikdirlər. Belə qənaətə isə Ailə Məcəlləsinin 53.4-cü maddəsində və Qaydaların 4.3-cü maddəsində təsbit olunmuş “razılıq olmadıqda” ifadəsi gəlməyə əsas verir. İddiaçı iddia tələbinin əsası olaraq Ailə Məcəlləsinin 49.3, 53.3, 53.4, 60.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.1, 4.2, 4.3-cü bəndlərinə istinad etmişdir. Sonradan iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 “Məmmədli”dən “Nazimli”-yə dəyişdirilərək bu barədə müvafiq akt qeydlərində zəruri qeydiyyat aparılmaqla yeni doğum haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbini dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələr məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-536/15 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 2.11-c bəndinə əsasn uşağın bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 02 may tarixli 79 nömrəli qərarına əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İşdə olan AA0631819 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İşdə olan AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA0624639 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. İşdə olan AZE18196190 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ № 571247 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 arasında 27 mart 2010-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra kişiyə Məmmədov, qadına Məmmədova soyadı verilmişdir. İşdə olan AZ-H № 720428 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə Moskva şəhərində anadan olmuş, atası X9, anası İddiaçı2dır. İşdə olan AZ-İİİ № 698183 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası İddiaçı2dır. Beləliklə işin hallarından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 və X8 valideynlərinin soyadına uyğun olaraq “Məmmədov” soyadı verilmişdir. Hazırki iddia tələbi soyadının dəyişdirilməsi ilə bağlıdır. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İş materiallarına münasibətdə məhkəmə qeyd edir ki, uşağın anası İddiaçı2 iddiaçı ilə birlikdə 15 noyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə verərək, xx.xx.2016cı il təvəllüdlü azyaşlı qızı X4 və X2 “Nazimli” olaraq dəyişdirilməsinə razı olduğunu bildirmişdir. Göründüyü kimi uşağın anası olaraq İddiaçı2 da iddiaçı ilə birlikdə uşağın adının dəyişdirilməsinə razıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından da görünür ki, uşağın hər iki valideyni onun adının dəyişdirilməsinə razılıqlarını ifadə etmişlər və hazırki halda adın dəyişdirilməsi üçün qanunvericiliklə qadağa olmadığı üçün iddia təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 dəyişdirilərək “Nazimli” soyadı ilə əvəz edilərək yeni şəhadətnəmin verilməsi vəzifəsini cavabdehə həvalə etmək işin hazırkı vəziyyətində mümkün olduğundan, bununla bağlı müvafiq qərar qəbul edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 “Məmmədovdan”-dan “Nazim”-liyə dəyişdirilərək müvafiq akt qeydlərində zəruri qeydiyyat aparılmaqla yeni doğum şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6373/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6373/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver