Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6376/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçılar Vugar Mazanov, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. İşin halları
1. İddiaçılar Vugar Mazanov, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçılar İddiaçı1 (Vugar Mazanov) və İddiaçı2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri - qızları Mazanova Meleke və oğulları Mazanov Emirhana qaçqın statusunun verilməsinə dair 19 may 2022-ci il tarixli vəsatətini təmin etmək və qaçqın statusunun verilməsinə dair qərar qəbul etmək öhdəliyinin qoyulması, tərəflər arasında hüquq münasibətlərinə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-11/4 nömrəli 18 avqust 2022-ci il tarixli qərarının və şikayət instansiyasının 160 saylı 30 dekabr 2022-ci il tarixli qərarnın ləğv edilməsini xahiş etmişlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar Türmənistan vətəndaşıdır, 1985-ci ildə Türkmənistanda anadan olublar. İddiaçı Vugar Mazanov etnik mənsubiyyətinə görə azərbaycanlı, İddiaçı2 etnik mənsubiyyətinə görə türkməndir. İddiaçı Vugar Mazanov müxtəlif peşələrdə işləyib. Türkmənistandan çıxmamışdan əvvəl taksi sürücülüyü edib. İddiaçı2 evdar qadındır. İddiaçıların himayəsində xx.xx.2013-cü il təvəllüdlü Mazanova Melek və xx.xx.2018-ci il təvəllüdlü Mazanov Emirhan var. İddiaçılar 2019-cu ildə Türkiyəyə getmiş, 2022-ci ilə kimi orada yaşamış, 18 aprel 2022-ci ildə iddiaçılar Azərbaycana gəlmişlər. İddiaçıların ailə üzvləri Türkmənistanda yaşayır. İddiaçılar Azərbaycana gəldikdən sonra 19 may 2022-ci ildə cavabdehə iddiaçı Vugar Mazanovun adından İddiaçı2 və digər ailə üzvlərinə qaçqın statusu verilməsinə dair ilə bağlı müraciət etmişlər. İddiaçılar cavabdeh tərəfindən 31-2022 saylı şəxsi iş üzrə qeydiyyata alınmış və onlarla müsahibə aparılmışdır. Müsahibədə iddiaçılar bildirmişlər ki, Türkmənistanda formalaşmış qaydalara görə başqa ölkəyə səfər etmək üçün qısa müddətdə vaxt verilir, həmin müddətdə ölkəyə qayıtmayan şəxslər isə təqibə məruz qalırlar. İddiaçılar artıq bu müddəti 3 ildir ki, ötürdüklərini bildirmişlər. İddiaçılar Türkmənistanda rejimin ağır olduğunu və ədalət mühakiməsinə çıxış olmadığını, işgəncə qadağası və azadlıq hüququnun təmin edilmədiyini bildirmişlər. İddiaçılar qeyd edir ki, onlar qaytarılacağı təqdirdə özü və arvadı Türkmənistan hüquq mühafizə orqanları tərəfindən təqibə məruz qalacaqlar. Cavabdeh tərəfindən 18 avqust 2022-ci il tarixli İQ-11/4 saylı qərarı ilə iddiaçıların təqib qorxusu əsaslı sayılmadığına görə qaçqın statusu verilməsi barədə vəsatətin təmin olunmasından imtina edilmişdir. İddiaçılar üzrlü səbəblərdən bu qərardan inzibati şikayət verilməsi ilə əlaqədar şikayət müddətini ötürmüşlər. İddiaçılar daha sonra inzibati şikayət vermişr və şikayət müddətinin ötürülməsinin üzrlü sayılmasına dair ərizə vermişlər. Cavabdehin şikayət instansiyası 30 dekabr 2022-ci il tarixli 160 nömrəli qərarı ilə inzibati şikayət verilməsi üçün müddət bərpa ərizəsini əsaslı saymamış və inzibati şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin buraxılmasının səbəblərini üzrlü hesab etməklə müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycanda əcnəbidirlər və inzibati prosedurlardan xəbərdarlıq səviyyələri aşağıdır. İddiaçılar eləcə də hüquq təhsilinə sahib deyillər. Buna görə də hüquqi işləri aparmaq üçün hüquqşünasdan yardım almalı idilər. Lakin iddiaçıların maddi vəziyyətləri imkan vermədiyindən BMTQAK-ın Azərbaycan Ofisinə hüquqi yardım göstərilməsi üçün müraciət etmişlər. Lakin müraciət araşdırıldığı vaxt artıq şikayətvermə müddəti keçmişdir. İddiaçılar bu müddəti buraxdıqlarından daha sonra xəbərdar olmuşlar. Daha sonra şikayəti tərtib etmək üçün lazımi hüquqi yardım almışlar. Lakin müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən müddətin ötürülməsi üzrlü səbəblərdən olmuşdur. Çünki iddiaçılar hüquqşünas olmadıqları üçün hüquqi yardım axtarmağa çalışmış və bilmədən şikayətvermə müddətini ötürmüşlər. Ona görə də müddətin buraxılması iddiaçıların işi üzrə üzrlü və obyektiv səbəblərə əsaslanır. Buna görə də iddiaçıların işi üzrə inzibati şikayətvermə müdddəti bərpa edilməli idi. Lakin cavabdehin şikayət instansiyası heç bir əsaslandırma aparmadan və iddiaçıların qeyd etdikləri əsasları araşdırmadan inzibati şikayətin verilməsinə dair müddətin bərpa edilməsi haqqında ərizəni təmin etməmişdir.
5. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Türkmənistan vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan, Vugar Mazanov ailə üzvləri (arvadı İddiaçı2, qızı Mazanova Melek və oğlu Mazanov Emirhan) ilə birlikdə 19 may 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 31-2022 saylı şəxsi iş açılmış və onunla müsahibə keçirilmişdir. Vugar Mazanovun qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Türkmənistanın Marı şəhərinin Vəkilbazar qəsəbəsində anadan olduğunu, milliyyətcə azərbaycanlı, dini etiqadına görə müsəlman olduğunu, 1994-cü ildə Azərbaycanda Kürdəmir rayonunun Qacılı kəndində 1-2-ci sinifləri oxuduğunu, sonra ailə üzvləri ilə birlikdə Türkmənistana getdiklərini və orada imkansızlıq səbəbindən təhsilini davam etmədiyini bildirmişdir. Vugar Mazanov 12-13 yaşlarından bazarda valideynləri ilə birlikdə müxtəlif ərzaq məhsulları satmaqla məşğul olduğunu, 2000-ci ildə “İstanbul” adlı şirkətdə işə düzəldiyini, 1 il burada rəngsazlığı öyrəndiyini, 2015-ci ilə qədər müxtəlif şirkətlərdə bu işlə məşğul olduğunu, sonradan gözləri zəiflədiyi üçün bu işi tərk etməli olduğunu qeyd etmişdir. Ərizəçi 2019-cu ilə qədər taksi fəaliyyəti ilə məşğul olduğunu, sonradan bu sahədə şərtlər dövlət tərəfindən sərtləşdirildiyi üçün maşınını sataraq ölkəni tərk etdiyini və ailə üzvləri ilə birlikdə Türkiyəyə getdiyini bildirmişdir. O, Türkiyədə şirniyyat dükanına qabyuyan kimi işə düzəldiyini, daha sonra bir neçə sahədə çalışdığını, lakin dükanın müdiri ilə aralarında mübahisə yarandığı üçün işini tərk etdiyini qeyd etmişdir. Vugar Mazanov sonradan Türkiyəni tərk edərək ailə üzvləri ilə birlikdə 18 aprel 2022-ci il tarixdə Azərbaycana gəldiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi iki dəfə evli olduğunu, ilk dəfə 2006-cı ildə azərbaycanlı Mahmudova Şəfiqə adlı xanımla ailə qurduğunu, bu nikahdan iki övladının dünyaya gəldiyini, 2015-ci ildə həmin xanımdan boşandığını, daha sonra İddiaçı2 adlı xanımla vətəndaş nikahı ilə yaşadığını və həmin xanımdan bir oğlunun dünyaya gəldiyini söyləmişdir. Ərizəçi hazırda evli olduğu İddiaçı2 əvvəlki evliliyindən olan bir qızına da öz soyadını verdiyini qeyd etmişdir. O, anasının xəstəlikdən vəfat etdiyini, atasının və üç qardaşının hazırda Türkmənistanın Aşqabad şəhərində yaşadıqlarını bildirmişdir. Ərizəçi ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı vətəndaşı olduğu ölkəni orada mövcud rejimin ağırlığı və dolanışığının zəif olması ilə əlaqələndirmiş, vətəndaşı olduğu ölkədə heç bir təhdid və təqibə məruz qalmadığını etiraf etmişdir. Vugar Mazanovun və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Vugar Mazanovun şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1- ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvünə qaç¬qın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 18 avqust 2022-ci il tarixli, 16 saylı protokolu saylı protokolu). “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə və ailə üzvləri ilə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı
8. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd).
9. İddiaçılar məhkəməyə təqdim etdikləri ərizədə Azərbaycanda əcnəbidirlər və inzibati prosedurlardan xəbərdarlıq səviyyələri aşağıdır, eləcə də yardım məqsədlə BMTQAK-ın Azərbaycan Ofisinə onlara hüquqi yardım göstərilməsi üçün müraciət etməklərini və müraciətləri araşdırıldığı vaxt artıq şikayətvermə müddəti keçməsini qeyd etsələr də, məhkəmə qeyd edilən dəlili 4 aydan artıq ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 11/4 nömrəli 18 avqust 2022-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarında şikayət etmək müddətini və qaydasını izah edilmişdir. Həmçinin iddiaçılar prosessual müddətin onların təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddiaçılar Vugar Mazanov və İddiaçı2 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva