Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6377/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon xidmət nümayəndəliyi adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xətai rayon Xidmət Nümayəndəliyi) qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xətai rayon Xidmət Nümayəndəliyi) (bundan sonra mətndə DSMF Xətai rayon şöbəsi) qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və xx.xx.2006-cı ildən bugünədək ona ödənilməli məbləğin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim edərək, DSMF Xətai rayon şöbəsininüzərinə ona xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1992-ci ildə könüllü olaraq hərbi xidmətə getmiş, 703 saylı döyüşən ordunun tərkibində Tər-Tər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə iştirakçısı və “müharibə veteranı” adını qazanmışdır. Lakin, həmin döyüşlərdə iştirakını təsdiq edən sənədi məhkəmə vasitəsi ilə pozulmuş hüquqlarını 2018ci ilin sentyabr ayında bərpa etdirib, xx xxxxxx 2018-ci ildə “müharibə veteranı” vəsiqəsini almışdır. Vəsiqəsini aldıqdan sonra 2019-cu ilin yanvar ayında tələb olunan sənədləri toplayıb DSMF-nun Xətai rayon şöbəsinə yazılı ərizə ilə müraciət edərək sosial müavinətini xx.xx.2006-cı ildən təyin edilib ödənilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu ildə şöbə tərəfindən ünvanlanmış **********7 saylı cavab məktubunda şöbə müavinətlər haqqında “Azərbaycan Respublikası Qanununun” 9.1-ci maddəsinə əsaslanaraq müavinətin xx.xx.2018-ci il tarixdən edilib ödəniləcəyini bildirmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006 tarixli 55 İİİ Q saylı Fərmanı ilə təsdiq edilmiş “Sosial müavinətlər” haqqında Qanunun maddələrini təhrif edərək, onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixində veteran vəsiqəsi verilmişdir. Vətəndaşın müraciəti və həmin veteran vəsiqəsi əsasında DSMF-nin Xətai rayon xidmət nümayəndəliyi (Xətai rayon şöbəsi) ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2018-ci il tarixindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin etmiş və əsaslı olaraq şəxsin müavinət almaq hüququnun yaranmasından əvvəlki üç il üçün müavinət ödəməkdən imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Bu müddəadan da göründüyü kimi, qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. xx xxxx 1994-cü il tarixli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, “veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir”. Bu da onu göstərir ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2018-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi-veteran statusu almaq hüququnun 1992-ci ildən yaranması işin mübahisəsiz halıdır, lakin iddiaçının “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalan”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının xx xxx 2019-cu ilə qədər qüvvədə olan redaksiyasının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Həmçinin Siyahının hazırki redaksiyasında 2.33.1 -ci bəndinə əsasən, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas “Veteranlar haqqında” Qanunun 7- ci maddəsində tələb olunduğu kimi, veteran vəsiqəsinin təqdim olunmasıdır. Oxşar mövqe müharibə əlillinə təqaüdün ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1 (102)-575/2018 saylı qərarında əsaslandırılmışdır. Həmin Qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, xx.xx.2016-cı il tarixdən yaranmışdır”. Nəzərə alsaq ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil də, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) anın müəyyən olunması yanaşması müharibə veteranları üçün də tətbiq olunmalıdır. Çünki bu münasibətlər tamamilə analojidir, 1) hər iki kateqoriyadan olan şəxslərin xüsusi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur; 2) hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir (müharibə əlillərində - əlilliyin müəyyən edilməsi ilə bağlı TSEK qərarı ilə, müharibə veteranlarında -veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu - qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi, onların xüsusi statusunun rəsmiləşdirildiyi anda - vəsiqənin verildiyi anda yaranmış olur. Beləliklə, şərh olunan normaların əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlərə, aylıq müavinətlərə, təqaüdlərə hüququ yalnız şəxs tərəfindən müharibə veteranı statusu əldə edildikdən, müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-575/2018 saylı həmin qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Həmçinin qeyd edilir ki, “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin x xxxxx 2019-cu il tarixli, 604 saylı Fərmanında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasının təmin edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin xx xxxxx 2019-cu il tarixindən etibarən müharibə veteranlarına ödənilən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur ki, təqaüd təyinatına görə müavinətdən tamamilə fərqlənən digər bir sosial ödəniş formasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda da təqaüdlərin əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmamışdır. Deməli, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinət almaq hüququ istisna edilir. Buna görə də yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, "01.01,2006-cı ildən sonra iddiaçıya ödənilməli olan müavinətin birdəfəlik ödənilməsi" barədə İddiaçı iddiası təmin olunmamalıdır. İddiaçı məhkəmə iclasına gəlməmiş vəərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, verdikləri etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə Ağdaş rayonu, Pirkəkə kəndində doğulmuş, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatdadır. M/V seriyalı 084867 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, qeyd olunan vəsiqə Azərbaycan Respublikası Müdafi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə İddiaçı verilmişdir. DSMFXətai rayon şöbəsi “müavinət və taqaüd təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun” xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsiz müharibə veteranı müavinəti (təqaüd) təyin olunmuş, müavinətin (təqaüdün) məbləği 55 (səksən) manat təşkil edir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət etmə vaxtından asılı olmayaraq (ən çoxu müraciət tarixindən əvvəlki 3 il üçün vətəndaşın hüququ yaranarsa) vətəndaşın hüququ yaranan gündən ödənilir. “Veteranlar haqqında” Azərbaycan RespublikasıQanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış komissiyanın qərarına əsasən müharibə veteranı kimi onun hüququ xx.xx.2018-ci il tarixdən yaranmışdır. Bu səbəbdən xx.xx.2018-ci il tarixdən əvvəlki müddət üçün onun tələb etdiyi sosial müavinətin ödənilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, işin hallarından müəyyən olunduğu kimi, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək, ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər–bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə ilə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir–yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2018-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx.xx.2018-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə edilməsini tələb etməkdə iddiaçı haqlıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əvvəlki üç il üçün müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Veteranlar haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunları ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xətai rayon şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xətai rayon Xidmət Nümayəndəliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6377/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6377/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver