Məhkəmə qərarları › İş №2-1(112)-6379/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6379/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6379/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə çıxarışın verilməsi və sair” tələbinə dair inzibati mübahisələrə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilə və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.metr olan qeyri-yaşayış sahəsinə (avtomobil dayanacağı) mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********00 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, çoxmərtəbəli yaşayış binasına dair istismara icazə sənədi idarəyə təqdim edilməmişdir. Bundan başqa, təqdim edilən xx.xx.2023-cü il tarixli qazın alqı-satqısı barədə müqavilədə göstərilən 60 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qabaqcadan qeydiyyatı aparılmışdır, həmin şəxslə aralarında əlaqəli sənəd təqdim edilməmiş, həmçinin digər sənədlərdə mənzilin nömrəsi qeyd edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman qeyri-yaşayış sahəsinin (qarajın) yerini təyin etmək mümkün olmamış, qeyri-yaşayış sahəsinin mövqeyini bildirən mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.m olan 3 otaqlı mənzilin üzərinə Səbail Rayon Məhkəməsinin e-2(009)-2304/2020 saylı, xx.xx.2020-ci tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Qeyd edilənlərlə yanaşı, ərizəyə əlavə edilmiş Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-238/2021 saylı mülki iş üzrə 1 saylı Bakı Ərazi İdarəsi tərəf qismində cəlb edilməmiş və xx.xx.2021-ci il tarixli qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, A.Abbaszadə, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv. m olan mənzilin və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.m olan qeyri-yaşayış sahəsinin (avtomobil dayanacağı) dəqiq ünvanı (yəni mənzilin və dayanacağın 17 saylı binada nömrəsi) qeyd edilməklə həmin mənzil və dayanacaq üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizələr verərək, iddia ərizəsində göstərilən ümumi sahəsi 24 kv m olan avtomobil dayanacağının (qeyri-yaşayış sahəsi) nəzərə alınmamasını və Bakı şəhəri, A.Abbaszadə küçəsi, 17 saylı binanın, yaşayış hissəsinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin e-2(009)- 238/2021 №-li mülki iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə görə onun "xxxx" MTK-dan 110826 manat ödəməklə aldığı Bakı şəhəri, A.Abbaszadə küçəsində 17 saylı binanın, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 141 kv.m olan mənzilinə və həmin binanın zirzəmisində yerləşən, qeyd olunan "xxxx" MTK-ya 4 320 manat ödəməklə aldığı ümumi sahəsi 24 kv.m olan avtomobil dayanacağına (qeyri-yaşayış sahəsi) dair mülkiyyət hüququ bərpa olunmuşdur. Qətnamənin qəbul edilməsindən 3 il keçmişdir. Bu müddət ərzində məhkəmə qətnaməsinin icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində o, mənzilinə daxil ola bilmiş və mənzilinə qapı qoymuşdur. Mənzilinə su və elektrik xəttlərinin çəkilməsi, təmir işlərinin görülməsi, eləcə də mülkiyyəti ilə bağlı digər hərəkətlərin yerinə yetirilməsi üçün şəxsi mülkiyyətinə dair Daşınmaz əmlakın reyestr xidmətindən müvafiq çıxarış almaq üçün ASAN Xidmətdə yerləşən Reyestr xidməti Şöbəsinə müraciət edildikdə ona çıxarış verilməsindən şifahi olaraq imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, payçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini podratçı "xxxx" MTK-ya həvalə etmiş, “Payçı” ona düşən 5-ci mərtəbədə yerləşən tam sahəsi 141 kv.m olan mənzillərin sahəsinin hər 1 kv.m üçün 786 (yeddi yüz səksən altı) manat, cəmi 110826 (yüz on min səkkiz yüz iyirmi altı) manat məbləğində pulu “Podratçıya” ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 141 kv.m olan mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 5 ünvanında cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.metr olan mənzil və həmin binanın zirzəmisində yerləşən, ümumi sahəsi 24 kv.metr olan qeyri-yaşayış sahəsinin (avtomobil dayanacağı) İddiaçı sahiblik və istifadəsinə təhvil verilməsi, həmin mənzil və qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə etmə hüquqlarını məhdudlaşdıran hərəkətlərin edilməsinin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir. Məhkəmə qətnamədə göstərmişdir ki, “Məhkəmə hesab edir ki, İddiaçı müqavilələr üzrə öhdəliklərini tam icra etdiyindən cavabdeh MTK müqavilələr üzrə öhədliklərini icra etməli, mənzili və qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir.” Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(009)-238/2021 saylı icra sənədinin icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, binanın 7ci, yaşayışın 5-ci mərtəbəsində yerləşən 141 kv.m mənzil müəyyən edilmiş, mənzil boş vəziyyətdə tələbkara təhvil verilmişdir. Tələbkar tərəfindən mənzilə giriş qapısı qoyulmuşdur. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, İddiaçı məxsus Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında yerləşən mənzilin yerləşdiyi bina 1-ci mərtəbə 2 səviyyəli yaşayış binasıdır. 1-ci mərtəbə 2 səviyyəli mərtəbəli kimi nəzərdə tutulsa, mənzil 6-cı mərtəbə, 1-ci mərtəbə 2 səviyyəli qeyd edilsə, mənzil 5-ci mərtəbədə yerləşir. Mənzil yaşayışın 5-ci mərtəbəsində soldan 3cü qapıda və 2-ci girişdə yerləşir. Mənzilin giriş qapısı yeni qoyulmuşdur. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-238/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı ona təhvil verilmiş yaşayışın 5-ci mərtəbəsində yerləşən mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İstinad olunan normalardan müəyyən olunur ki, çoxmənzilli binalara münasibətdə ona, habelə orada yerləşən mənzilə hüququn qeydə alınması üçün:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,;

2. tikintiyə icazə verilməsi barədə qərar;

3. tikinti layihəsi;

4. tikinti obyektinin istismarına icazənin (yaxud istismara qəbul aktı) təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -- maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmədiyindən cavabdehin imtinası qanuni olmuş, bu imtina onun hüquqlarının pozulmasına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və ya 8.0.10-cu maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilməsi zəruri olan bütün sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar