Məhkəmə qərarları › İş №2-1(112)-638/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-638/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-638/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1, X7 və X1 ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirdi ki, o, İddiaçı1, X7 və X6 17 ildən çoxdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar, həmin ünvan onların istifadəsindədir. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 106 saylı qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Onlar faktiki olaraq həmin ünvanda yaşasalar da, başqa ünvanlara qeydiyyatdadırlar. Onlar yaşadıqları fərdi yaşayış evinə qeydiyyata alınmaları və şəxsiyyət vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən onların müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-638/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası X7 və X4 aid hissədə mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Binəqədi Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 5-ci maddəsinin tələblərinə əsasən Sizin İddiaçı1, X8 və X1 ünvan 5 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin və ailə üzvlərinizin göstərilən ünvana tərəfimizdən qeydiyyata alınması qanunamüvafiq deyildir. Nəzərinizə çatdırırıq ki, bu məsələ ilə bağlı Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həqiqətən də vətəndaş X2 istifadəsində olmuş C.Cabbarlı küçəsində yerləşən 300 kv.m torpaq sahəsi onun M.Ə.Rəsulzadə bələdiyyəsinə ünvanladığı xx.xx.2004-cü il tarixli ərizəsinə əsasən bələdiyyənin xx.xx.2004-cü il tarixli ümumi iclasının 106 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə əvəzi ödənilməklə mülkiyyətinə verilmişdir. Bələdiyyənin qəbul etdiyi qərardan göründüyü kimi vətəndaş İddiaçı2 adına rəsmiləşdirilmiş sözügedən torpaq sahəsinin yerləşdiyi ünvan C.Cabbarlı küçəsi 164 kimi deyil, yalnız C.Cabbarlı küçəsi kimi göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, bələdiyyə tərəfindən vətəndaş İddiaçı2 məxsus torpaq sahəsinə, eləcə də fərdi yaşayış evinə görə hər hansı ünvan təyin edilməmişdir. Əlavə olaraq qeyd edirik ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin daimi saxlanmalı sənədləri mühafizə olunması üçün Milli Arxiv İdarəsinə təhvil verildiyindən vətəndaş X5 torpaq sahəsinin ayrılması barədə sənədlərin (qərar, alqı-satqı aktı, ərazi planı və s.) təsdiq edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 106 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 49, mənzil 62-də pasport qeydiyyatında olan X2 M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən və faktiki istifadəsində olan 300 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilməsi (hər kv.m. üçün 20.800 manat, ümumi məbləğ 6.240.000 manat ödəmək şərtilə) qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 164 saylı fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 qeydiyyata alınmasını xahiş etdiyi ev özbaşına tikilidir. İddiaçılar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 106 nömrəli qərarına istinad edərək Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində, C.Cabbarlı küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin X5 ayrıldığını və buna görə də ünvan 1 ünvanına pasport qeydiyyatına alınmalarını tələb etsələr də, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin torpaq sahəsinin yerləşdiyi ünvan C.Cabbarlı küçəsi 164 kimi deyil, yalnız C.Cabbarlı küçəsi kimi göstərilmiş, Bələdiyyə tərəfindən həmin torpaq sahəsinə, eləcə də fərdi yaşayış evinə görə hər hansı ünvan təyin edilməmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 164 saylı fərdi yaşayış evi başqa şəxsin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Göründüyü kimi, iddiaçıların qeydiyyata düşmək istədiyi və iddia ərizəsində qeyd etdiyi ünvan onlara məxsus olduğunu iddia etdikləri fərdi yaşayış evinin ünvanı deyildir. İddiaçıların ona məxsus olduğunu iddia etdikləri fərdi yaşayış evinə ümumiyyətlə ünvan təyin edilməmişdir, həmin fərdi yaşayış evi özbaşına tikilidr. İddiaçılar həmin fərdi yaşayış evinə qeydiyyata alınma üçün əsas olan sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmədilər. İddiaçıların həmin fərdi yaşayış evinə qeydiyyata alınmaları üçün hüquqi əsas yoxdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçıların isə belə sənədlərdən hər hansı biri olmadığından, onların göstərilən ünvana qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar