Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6380/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinə qarşı məktubun əsassız hesab edilməsi və icraatın dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 aprel 2021-ci il tarixli 6065/20 Ş nömrəli məktubunun əsassız hesab edilməsi və icraatın dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 “alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və bağ sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər r-nu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv metr bağ evi) bağ evinə dair onun adına verilmiş 28 mart 2017-ci il tarixli, RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi, onun həmin bağ evindən çxarılması qət edilmişdir. Qətnamə dəyişdirilmədən qüvvəsini alaraq müvafiq icra sənədi verilmiş, hazırda icra mərhələsindədir. Məhkəmə onunla X2 arasında bağlanmış əsas alqı-satqı müqaviləsinin formasına riayət edilməməsi səbəbindən özlüyündə etibarsız olması nəticəsinə gəlsə də əsas müqavilənin bağlanması üçün tərəflər arasında bağlanmış ilkin müqavilə üzrə ona bank vasitəsilə ödədiyi 35000 manat pulun qaytarılmalı olub-olmamasına münasibət bildirmədiyi üçün o 19 aprel 2021 -ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 08 oktyabr 2019-cu il tarixli qətnaməsini izah etməsini, onun adına verilmiş Çıxarışın ləğv edilməsi və bağ sahəsindən çıxarılmasının, X1 ilkin müqavilə üzrə ondan aldığı 35000 manat pulun qaytarılması ilə eyni vaxtda icra olunması haqqında qərardad qəbul etməsini xahiş etmişdir. Bununla bağlı həmin ərizənin surətini Xəzər Rayon İcra Şöbəsinə göndərməklə İcra haqqında Qanunun 18.1.1 -ci maddəsinə əsasən icraatı dayandırmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 26 aprel 2021-ci il tarixli 6065/20Ş nömrəli məktubu ilə icraatın dayandırılmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icraatın dayandırılması nəzərdə tutulur. Həmin imtina əsasızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1 ci maddəsinə əsasən, İcra haqqında Azərbaycan Respublikası Qanunvericiliyi həmin Qanunla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasından, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununundan, Azərbaycan Respubllikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respubllikası MPM-nin 230-cu maddəsinin mənasına görə tərəflərin belə hüququ və bu barədə məhkəmə qərardadlarından şikayət etmək hüququ vardır. Bundan başqa, hazırda Xəzər Rayon Məhkəməsində mübahisəli bağ sahəsi ilə bağlı onun cavabdeh Sadir Məmmədova qarşı ilkin müqavilə üzrə alqı-satqı müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbimlə bağlı mülki işə, habelə Xətai Rayon Məhkəməsində onun cavabdeh Sadir Məmmədova qarşı bağ sahəsinin abadlaşdırılması və yaxşılaşdırılmasına çəkdiyim 93150 manat pulun cavabdehdən alınması barədə iddia ərizəsilə bağlı mülki işə baxılır.Göstərilən iddia ərizələrinin təmin olunacağı təqdirdə qətnamələrin icrası mümkünsüz olacaqdır. Ona görə də icra işi üzrə icraatın dayandırılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 18 may 2021-ci il tarixə təyin edilmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı və cavabdeh müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08.10.2019-cü il tarixli 2(003)-2584/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv.m bağ evi) bağ evinə dair İddiaçı adına 28.03.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 429 saylı ( 0,19 ha torpaq sahəsi və 155,5 kv.m bağ evi) bağ evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin İddiaçı ünvanladığı 26.04.2021-ci il tarixli 6065/20ş saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhərii, Xəzər rayonu, Turkan qəsəbəsi, 429 saylı (0,19 ha torpaq sahəsi və 155,5 kv metr bağ evi) bağ evinə dair sonuncunun adına 28.03.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və sonuncunun Bakı şəhəri Xəzər rayonu,Türkan qəsəbəsi, 429 saylı bağ evindən çıxarılmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2584/2019 nömrəli, 08.10.2019-cu il tarixli icra sənədinin icraatının dayandırılması “İcra Haqqında ” Qanunun 17.1.9-cu maddəsinə əsasən mümkün hesab edilmir. Belə ki, həmin qanunun tələblərinə görə icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icraatın dayandırılması nəzərdə tutulur. Hazırda iddiaçı Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin üzərinə mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş 26 aprel 2021-ci il tarixli 6065/20 Ş nömrəli məktubunun əsassız hesab edilməsi və icraatın dayandırılması vəzifəsinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinə qarşı məktubun əsassız hesab edilməsi və icraatın dayandırılması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6380/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6380/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver