Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6380/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-C0319-8/2023 saylı məktubu ilə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 92 və 94 saylı binalarının yaxınlığında 110 kv.m. torpaq sahəsi üzərində X2 hüquqlarının dövlət qeydiyyatına alınmasından və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə X3 ayrılmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 92 və 94 saylı binalarının yaxınlığında 110 kv.m. torpaq sahəsi üzərində Şahrza Cəfərovun hüquqlarının dövlət qeydiyyatına alınması və Ş.Ş.Cəfərova həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 94 saylı binanın yaxınlığında 110 kv.m. torpaq sahəsindən istifadə hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyriyaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, E.Süleymanov küçəsi 92 və 94 saylı binaların yaxınlığında yenidən bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 93 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, iddiaçının mərhum atası X3 E.Süleymanov küçəsi 92 və 94 saylı binaların yaxınlığında yenidən bərpa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyvəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bu sərəncamın 4-cü bəndinə əsasən E.Süleymanov küçəsi 94 saylı binanın yaxınlığında 150 kv.m. torpaq sahəsində X3 və X6 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli Sərəncamının 4-cü bəndində və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq, ayrılmış torpaq sahəsinin sifarişçiləri DƏDRX Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdırlar. X3 və X6 ünvanlanmış Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 92/127 saylı xx.xx.2009-cu il tarixli məktubunda göstərilmişdir ki, Ş.Cəfərovun mülkiyyətində 110 kv.m., E.Dadaşovun istifadəsində 40 kv.m. ticarət sahəsi olduğuna görə ticarət obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 150 kv.m. torpaq sahəsində layihələndiriləcək obyektin 110 kv.m. Şahrza Cəfərova, 40 kv.m. Eldar Dadaşova aid olmalıdır. X1 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən təsdiq edilmiş layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2010-cu il tarixdə 18/03-8/595 qeydiyyat nömrəsi ilə razılaşdırılmışdır. Sonradan Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi haqqında” 113 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə yol qovşağının tikintisi ilə əlaqədar qeyriyaşayış (ticarət) obyektlərinin bir hissəsinə məhkəmə qərarlarına və Nizami Rayon İcra Hakimiyyətinin məktublarına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təzminat ödənilməsini, digərlərinin məsələsinin isə məhkəmə icraatında olmasını nəzərə alaraq, həmin qeyri-yaşayış obyektlərinin digər ərazilərdə bərpa edilməsi məqsədi ilə verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli 18/03-8/595 saylı razılıq məktubları qüvvədən düşmüş hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2in(82)-1494/2012 saylı qərarı ilə X2 iddia tələbi təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi haqqında” 113 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı X3 aid hissədə ləğv edilmişdir. Bu qərar Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2013-cü il tarixli 2-1 inz(103)-695/2013 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2013-cü il tarixli 2-2(102)-702/2013 saylı Qərarı ilə qanuni qüvvəyə minmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi və həmin qeyri-yaşayış sahələrinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində bərpa edilməsi üçün torpaq sahəsi ayrılması barədə” 106 saylı xx.xx.2015-ci il tarixli sərəncamına əsasən, “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə Qaradağ rayonu ərazisində torpaq sahəsi ayrılması qərara alınmışdır. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamında dəyişiklik edilməsi barədə 196 saylı xx.xx.2015-ci il tarixli sərəncam qəbul etmişdir. Bu sərəcamda ŞİH başçısı, özünün 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamının 1 və 1.1-ci bəndlərinin aşağıdakı redaksiyada oxunmasını qərara almışdır: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə, Koroğlu (Əzizbəyov) metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin sahiblərinə, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənubu, Lökbatan-Xocasən yolunun şimal hissəsində torpaq sahələri ayrılmışdır. Bu sərəncamın 3-cü bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 113 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı və 106 saylı xx.xx.2015-ci il tarixli sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)-223/2016 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 196 saylı xx.xx.2015-ci il tarixli sərəncamı iddiaçılara - o cümlədən, X3 aid hissədə ləğv edilmişdir. Bu qərar Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(103)- 2017/2016 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-545/2017 saylı qərarı ilə qanuni qüvvəyə minmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-942/2017 saylı qərarı ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamları iddiaçılar, o cümlədən X3 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Nizami Rayon İcra Hakimiyyətinə qadağa edilmişdir. Bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)- 1376/2017 saylı qərarı ilə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 93 saylı, xx.xx.2009-cu il tarixli sərəncamı ilə X3 Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 92 və 94 saylı binaların yaxınlığında 110 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə ticarət obyektinin tikintisinə icazə verilmiş, müvafiq layihə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010cu il tarixli 18/03-8/595 qeydiyyat nömrəli məktubu ilə razılaşdırılmışdır. Bu sərəncamlar yuxarıda sadalanmış qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hal-hazıradək qüvvədədir. Eyni zamanda, sözügedən sərəncamlarda X3 torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış alması da reyestr orqanına (cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə) tapşırılmışdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamı qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında olmaqla, torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən əvvəlki müraciət zamanı fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirlən zaman iddia olunan sahənin ümumi istifadədə olan sahədə yerləşdiyi, ərazidə yaşıllıq ağacların və sakinlərin istirahəti üçün oturacaq skamyaların mövcud olduğu müəyyən edilmişdir Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 92/127 nömrəli məktubunda göstərilmişdir ki, Şahrza Cəfərovun mülkiyyətində 110 kv.m, E.Dadaşovun istifadəsində 40 kv.m. ticarət sahəsi olduğuna görə ticarət obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 150 kv.m torpaq sahəsində layihələndiriləcək obyektin 110 kv.m Şahrza Cəfərova, 40 kv.m Eldar Dadaşova aid olmalıdır. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan aydın olur ki, İddiaçı X2 vərəsəsidir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubuna Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 93 nömrəli sərəncamının X3 aid hissədə arxiv çıxarışı əlavə edilmişdir. Sərəncamda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə göstərilən ünvanlarda yenidən bərpa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyvəti başçısının xx.xx.2009-cu il tarixli, 77 nömrəli sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bu sərəncamın 4-cü bəndinə əsasən E.Süleymanov küçəsi 94 saylı binanın yaxınlığında 150 kv.m torpaq sahəsində X3 və X6 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq, ayrılmış torpaq sahəsinin sifarişçiləri DƏDRX Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdırlar. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X4 və X5 adına torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir. .. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
2. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər.
3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.
4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. 4-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər.
5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir.
6. Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir.
7. Torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilmişdir. X8 26-27ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “Əzizbəyov” (Koroğlu) metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə iddiaçının vərəsəsi olduğu şəxsə məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı sərəncamın icra edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2009-cu il tarixli 77 saylı sərəncam vermişdir. Bu sərəncama əsasən “Əzizbəyov” (Koroğlu) metrosu ərazisində fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə sahibkarlara itirilmiş iş yerlərinin bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Nizami Rayon İcra Hakimiyyəti “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli, 93 nömrəli sərəncam qəbul etmişdir. Həmin sərəncama əsasən E.Süleymanov küçəsi 94 saylı binanın yaxınlığında 150 kv.m torpaq sahəsində X3 və X6 ticarət obyektinin tikintisinə icazə verilmişdir. Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 93 nömrəli sərəncamının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq sifarişçilər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdırlar. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 92/127 nömrəli məktubunda göstərilmişdir ki, Şahrza Cəfərovun mülkiyyətində 110 kv.m, E.Dadaşovun istifadəsində 40 kv.m ticarət sahəsi olduğuna görə ticarət obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə yeni təyin edilmiş 150 kv.m torpaq sahəsində layihələndiriləcək obyektin 110 kv.m Şahrza Cəfərova, 40 kv.m Eldar Dadaşova aid olmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, Azərbaycan Repsublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinin birinci cümləsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazının əsas dəlili qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsidir. Məhkəmə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, iddiaçının vərəsəsi olduğu şəxsə məxsus olan qeyri-yaşayış obyektinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədi ilə sökülməsi, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 94 saylı binalarının yaxınlığında 110 kv.m torpaq sahəsindən istifadə hüququnun X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 94 saylı binalarının yaxınlığında 110 kv.m torpaq sahəsindən istifadə hüququnun X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov