Məhkəmə qərarları › İş №2-1(112)-6381/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6381/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6381/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X1rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X1rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 15 ildə ona dəyən zərərin, yəni əlillik üzrə verilməli olan pensiyanın və 15 il bundan öncə ev növbəsinə və ev verilənə kimi ayda 300 manat kirayə pulunun hesablanmasını Maliyyə və Büdcə İdarəsinin hesabından tutulub onun xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmış, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələbinin məzmununda alternativliyə yol verildiyindən, yəni iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, 1993-cü ildən 1997-ci ilə kimi gizir rütbəsilə Azərbaycan Respublikasının ordusunda xidmətə başlamış, sonradan Müdafiə Nazirliyinin İşlər İdarəsində 2005-ci ilin iyul ayına kimi xidmətdə olmuş, həmin vaxtdan vərəm xəstəliyinə görə ordudan tərxis olunmuşdur. Müdafiə Nazirliyininin İşlər idarəsi ona verilən 684 №-li xəstəlik haqqında şəhadətnaməni əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmədiyindən Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarına əsasən ona əlillik qrupu verilməmiş, vərəm xəstəliyindən əlavə Bakı Klinikasından verilən epikrizdən görünür ki, gözləri torlaşmağa gedir, 15 ildir ordudan tərxis olunmuşdur. 2020-ci ildə ikinci dəfə yenə Nazirliyin İşlər İdarəsinin X5 rəsmi surətdə müraciət edərək ona əlilliyə görə pensiya təyin olunmasını tələb etmiş, lakin Müdafiə Nazirliyinin İşlər idarəsinin və Maliyyə Büdcə idarəsinin ona vurduğu zərərin 15 il üçün onun xeyrinə hesablanması və əlillik qrupu almaq üçün təqdim etdiyi xəstəlik haqqında sənədləri lazımı ünvana göndərməmişdir. Əlil kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Güzəştli mənzillə təmin olunmağı üçün və ev verilənə qədər kirayə evi üçün kirayə pulu verilməsi üçün Nərimanov rayon İcra Hakimiyyətinə də sənədləri göndərilməmişdir. 10-12 m2 şəratsiz daxmada 3 nəfər yaşayır, çörək pulu tapmır. Müxtəlif məsələlər üzrə 10 sayda pozulmuş hüquqları ilə bağlı bütün lazımi instansiyalara 160 dəfədən çox etmiş olduğu müraciətləri nəticəsiz qalmışdır. İddiaçı izahatının sonunda iddia tələbinin dəqiqləşdirilməsi barədə ona edilmiş təklifi qəbul etməyərək, cavabdeh tərəfindən ona əlilliyə görə pensiya təyin olunması, 15 ildə ona dəyən zərərin, yəni əlillik üzrə verilməli olan pensiyanın və 15 il bundan öncə ev növbəsinə və ev verilənə kimi ayda 300 manat kirayə pulunun hesablanaraq cavabdehin hesabından tutulub ona ödənilməli olduğunu bildirdi və işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin hazırlıq icraatında iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərindən birini – ona pensiya təyin edilməsinin müvafiq səlahiyyətli inzibati orqana həvalə edilməsi şəklində ifadə edilməsinin məqsədəuyğunluğu izah edilmiş, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün hesab edilir. Belə ki, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Cavabdehin isə öhdəliyi inzibati orqanın publik hüquqdan irəli gəlməlidir. Yəni, iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstəriş əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. İnzibati orqanın belə öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERASa daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil etməlidir. Hərbi-həkim ekspertizasının verdiyi göndərişi elektron sənəd formasında daxil etmək mümkün olmadığı hallarda, göndəriş kağız formasında hazırlanmaqla hərbihəkim ekspertizası tərəfindən Xidmətə təqdim edilməlidir. Göndəriş elektron qaydada rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (TSERAS) ötürülür. Maddələrin tələblərinin iddiaçının bildirdiyi hallara münasibətdə tətbiqi onunla bağlıdır ki, iddiaçıya aid hərbi-həkim ekspertizasının qərarı və onun əlilliyin qiymətləndirilməsi üçün həmin hərbi-həkim ekspertizasının tərtib etdiyi göndəriş bir halda ya elektron formada, bu mümkün olmadıda isə kağız formasında TSEK-a təqdim olunmalıdır. Müvafiq olaraq əlillik dərəcəsinin ağırlaşması ilə bağlı məsələ qalxdığından, həmin sənədlər TSEK tərəfindən Xidmətə ötürülməlidir ki, sonuncunun qərarın qəbul olunması mümkün olsun. Lakin iddiaçı əlilliyin müəyyən edilməsi üçün bu prosedur qaydalara əməl edilmədən birbaşa ona əlilliyə görə pensiya təyin edilməsini tələb edir. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan da göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bu maddənin müddəalarına görə, əgər Sizə əlillik dərəcəsi təyin olunarsa, əlilliyə görə əmək pensiyası almaq hüququnuz yaranar. Bu səbəbdən də Sizə əlillik dərəcəsinin təyin olunması məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməyiniz məsləhət görülür”. Göründüyü kimi inzibati orqan iddiaçının arzuladığı hüquqi nəticəyə dair hər hansı bir inzibati qərarın qəbul edilməsindən imtina etməmişdir. Cavabdehin ifadə etdiyi mövqeyi müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsinin mümkün olmadığı bildirilmiş və təqdim olunduğu halda məsələyə baxılacağı qeyd edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtləri kimi iddiası o halda hüquqlarının pozulmasına əsasla bilər ki, əgər bu pozuntu cavabdehin publik hüquqdan irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış olsun. Məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarxili, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməməlidir. Eyni zamanda iddiaçıya izah olunmalıdır ki, yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi üçün hərbi-həkim ekspertizası tərəfindən müvafiq göndərişin TSEK-a təqdim edilməsi üçün iddiaçı hərbi-həkim ekspertizasına müraciət etmək hüququna malikdir. Əlavə olaraq, məhkəmə izah edir ki, iddiaçının ərizəsində qaldırdığı digər məsələlərlə bağlı müvafiq ərizə ilə səlahiyyətli inzibati orqana müraciət edəndən sonra məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar