Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6381/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı məlumat vərəqəsinin göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliynə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pensiya təyin olunması məqsədilə məlumat vərəqəsinin DSMF-na göndərilməsinə dair cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1986-cı ildə Goranboy Rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılaraq 2 (iki) il müddətində SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Rusiya Federasiyasının Leninqrad şəhərində yerləşən “Gizirlər Məktəbi”ni bitirmişdir. 1986-2014-cü illər ərzində SSRİ və Azərbaycan Müdafiə Nazirliklərinin müxtəlif hərbi hissələrində ümumlikdə N (iyirmi yeddi) təqvim ili müddətində həqiqi hərbi xidmət keçmişdir. Sonuncu xidmət yeri Azərbaycan Respublikası Müdafıə Nazirliyinin N saylı hərbi hissəsi olmuşdur. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0270gm nömrəli, 21 noyabr 2014-cü il tarixli əmri ilə 18 iyun 2013-cü il tarixindən ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində dəfələrlə Komandanlıq tərəfindən mükafatlandırılmış və həvəsləndirlmişdir. O cümlədən Fəxri Fərmanlarla, “Qüsursuz xidmətə görə” medalın 3-cü dərəcəsi ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunmuş, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı, müharibə veteranı və döyüşlərdə yaralanmışdır. Tərtər Hərbi Məhkəməsinin 11 iyun 2014-cü il tarixli sifarişli hökmü ilə “gizir” hərbi rütbəsindən məhrum edilməklə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı 24.05.2018-ci il tarixli Əfv Sərəncamı ilə əfv edilmişdir. Təqvim ili ilə 28 (iyirmi səkkiz) il xidmət etdiyinə görə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Ona pensiya hesablanması üçün məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş etsə də cavabdeh bundan imtina edir. Cavabdeh Müdafıə Nazirliyindən aldığı 22.01.2022-ci il tarixli, 8/208 nömrəli cavab məktubunda qeyd olunur ki, “siz hərbi rütbədən məhum edilməyiniz səbəbindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malik deyilsiniz”. Cavabdehin mövqeyi onu qane etmədiyinə görə məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı istefada olan əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0270gm nömrəli, 21 noyabr 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-cı maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq, N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının komandiri vəzifəsindən, Tərtər Hərbi Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə “gizir” hərbi rütbəsindən məhrum edilərək “əsgər” hərbi rütbəsinədək endirilməklə 18 iyun 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən buraxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha cox hərbi xidmət etmiş hərbi qulluqçular; 9 5 2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AESdə qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Lakin İddiaçı hərbi rütbələrdən məhrum edildiyi səbəbindən, bu maddənin müddəalarına görə o, kifayət qədər xidmət illəri toplamış olsa belə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququna malik deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərclıyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Cavabdehndə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göründüyü kimi hərbi qulluqçulara dair məlumatların istənilən bütün hallarda deyil, məhz və yalnız onların əmək pensiyası almaq hüquqlarının yarandığı hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması mütləq şərt olaraq Qaydalarda ehtiva edilmişdir. Bütün bunları nəzərə alaraq hesab edirlər ki, İddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün “Məlumat vərəqi”nin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı məxsus НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 23.04.1986-ci ildə hərbi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz rayonu şöbəsinin 851 №-li, 17.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 29.04.1986-cı il tarixdən 25.05.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 29.06.1992-ci il tarixdən 21.11.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 67-ci maddəsinə və 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunmaqla) əsasən “gizir” hərbi rütbəsindən “əsgər” hərbi rütbəsinədək endirilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş M/V 000860 nömrəli, 03.04.1997-ci il tarixli vəsiqənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Tərtər Hərb Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 11 mart 2022-ci il tarixli, 254 nömrəli məktuba əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 28 fevral 2014-cü il tarixli, 1(098)-06/2014 nömrəli hökmünün lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin hökmə əsasən İddiaçı əməli Azərbaycan Respublikası SM-nin 178.2.2, 178.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsinə tövsif edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CMnin 311.1-ci maddəsi ilə təqsirli bilinb 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və gizir hərbi rütbəsindən məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan 18 iyun 2013-cü ildən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi hökm edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 8/208 №-li, 22.01.2022-ci il tarixli məktubdan görünür ki, ərizəsinə baxılmışdır. Bildirilir ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0270gm nömrəli 21 noyabr 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-cı maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq, N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının komandiri vəzifəsindən, Tərtər Hərbi Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə “gizir” hərbi rütbəsindən məhrum edilərək “əsgər” hərbi rütbəsinədək endirilməklə 18 iyun 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Qanunun müddəalarına görə o, hərbi rütbəsindən məhrum edilməsi səbəbindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hüququna malik deyildir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: - 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. - 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə görə, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Cavabdehndə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir; - 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır; - 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir; - 4-cü bəndinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla digər hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur və həmin hərbi qulluqçulara dair məlumatlar əmək pensiyası almaq hüquqlarının yarandığı hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Hazırki işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı 20 təqvim ilindən çox hərbi xidmət etmiş hərbi qulluqçu olsa da gizir hərbi rütbəsindən Tərtər Hərbi Məhkəməsinin qanun qüvvəyə minmiş 28 fevral 2014-cü il tarixli, 1(098)-06/2014 nömrəli hökmünə əsasən məhrum edilmiş və 0270gm nömrəli, 21 noyabr 2014-cü il tarixli əmr ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-cı maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) müvafiq olaraq, N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının komandiri vəzifəsindən, “gizir” hərbi rütbəsindən məhrum edilərək “əsgər” hərbi rütbəsinədək endirilməklə 18 iyun 2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçu olduğundan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən onun hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olmadığından onun barəsində əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların aidiyyatı quruma göndərilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni və hüquqi əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6381/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6381/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver