Məhkəmə qərarları › İş №2-1(112)-6385/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6385/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6385/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “fərq məbləğinin hesablanıb birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 2006-cı ildən 01.04.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Xidmət Nümayəndəliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. İddiaçı 30 iyun 2021-ci il tarixli iddia tələbinə dəqiqləşdirilmə barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinin əsl cavabdeh DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2001-ci ildən Müharibə veteranıdır, lakin 2006cı il tarixdən Müharibə veteranlarına ödənilən müavinatla təmin edilməmişdir. Hal hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyindən Müharibə veteranı kimi müavinat alır, lakin qanunla Müharibə veteranlarına ödənilməyən müavinatın, yəni müavinat almaq hüququnun yarandığı gündən yəni 2006-cı ildən müavinat almır. İddiaçı hesab edir ki, ona ödənilməyən 2006-cı ildən 01.04.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, iddiaçı qeyd edir ki, bir çox onun kimi olan hərbçi yoldaşlarına həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı daha əvvəl məhkəməyə müraciət edərək 01.04.2020-ci il tarixdən 01.04.2017-ci il tarixədək olan dövrə münasibətdə veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli 2- 1(112)-2611/202221 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Hazırki iddia ilə İddiaçı iddia tələbində qeyd olunan illər üçün müavinətin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı mübahisə ilə bağlı cavabdeh orqana daha əvvəl müraricət etməmişdir. İnzibati icraat haqqında qanunun tələblərinə əsasən iddiaçı daha əvvəl inzibati orqana müvafiq mübahisənin həlli üçün ərizə ilə müraciət etməli idi. İş materiallarından da göründüyü kimi iddiaçının inzibati orqana hər hansı bir müraciəti və müraciəti nəticəsində inzibati orqa tərəfindən qəbul edilmiş inzibati akt mövcud deyildir. Bildirilmişdir ki, iddiaçıya işin faktiki hallarına əsasən Bakı şəhəri Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən 14.12.2001-ci ildə müharibə veteranı vəsiqəsi verilmiş, daha sonra Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel 641 nömrəli Fərmanına uyqun olaraq 01.04.2020-cu il tarixdən müddətsiz aylıq 80 (səksən) manat məbləğində (müharibə veteranlarına) təqaüd təyin edilmişdir. Müvafiq qanunvericilik aktları normalarından göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçıya də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. 01.04.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçının istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu 01 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. İddiaçıya isə müharibə veteranı statusu 14.12.2001-ci il tarixdə verilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları bu qanun qüvvəyə mindikdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Belə ki, iddiaçı 09.07.2020-ci il tarixində təqaüd təyin olunması üçün cavabdeh orqana müraciət etmiş və inzibati orqanın 13.07.2020-ci il tarixli qərarı ilə ona 01.04.2020cu il tarixdən təqaüd təyin olunmuşdur. Həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 06.07.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddianın mümkün sayılaraq, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş edərək izahatında bildirmişdir ki, iddiaçı daha əvvəl məhkəməyə müraciət edərək 01.04.2020-ci il tarixdən 01.04.2017-ci il tarixədək olan dövrə münasibətdə veteranlar üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli 2-1(112)-2611/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı hazırda 2006-cı ildən 01.04.2019-cu ilədək veteranlar üçün nəzərdə tutulmuş müavinətinin ödənilməsini xahiş edir. Lakin qeyd edilən dövrlərlə bağlı iddiaçının inzibati orqana ilkin müraciəti olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerin yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi ,o, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin 2006-cı ildən 01.04.2019-cu ilədək olan dövr üzrə fərq məbləğinin tam şəkildə ödənilməsini xahiş edir. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı daha əvvəldə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək , ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli 2-1(112)-2611/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbdə qeyd etdiyi dövrün 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək olan hissəsinə məhkəmə qərarı ilə münasibət bildirilmiş, iddiaçı həmin qərardan şikayət verməmiş, məhkəmənin qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibatiprosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı hissəsinə dair predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. İddiaçının tələb etdiyi 2006-ci ildən 01.04.2017-ci ilədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə də Məhkəmə qeyd edir ki, həmin hissədə də iddia mümkün sayılmamalıdır. Belə ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının cavabdehə müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Göründüyü kimi, qanunverici məcburetmə, öhdəliyin icrası, vurulmuş ziyana görə kompensasiya haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən inzibati orqana yalnız 01.04.2017-ci il tarixdən 01.04.2020-cu il tarixədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı müraciətin olduğu, lakin 2006-cı ildən 01.04.2017-ci il tarixədək olan dövr üzrə isə inzibati orqana hər hansı bir müraciətinin olmadığı müəyyən edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (qeyd edilən dövrlə bağlı inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın iddiaçının 2006-ci ildən 01.04.2017-ci ilədək olan dövr üzrə müavinətin ödənilməsi ilə bağlı müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə şikayət etmək hüququ vardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki iddianın bir hissəsinə əvvəllər məhkəmə qərarı ilə qiymət verildiyindən, digər hissəsi ilə bağlı isə cavabdehə müraciət olmadığından mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar