Məhkəmə qərarları › İş №2-1(112)-6387/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6387/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6387/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “avtomobilin müvəqqəti duracaqdan buraxılması və kompensasiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X6 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqdan buraxılması və qanunsuz saxladığı müddətdə vurduğu ziyana görə 10000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6602/2018 saylı, 12.10.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı (iddiaçıdan) 10000 manat pul və 30 manat dövlət rüsumunun tutulub tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Bundan sonra, Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən həmin icra sənədinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan olan “X6 CDİ” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2019-cu il tarixli, 8(008)-285/2019 saylı qərardadı ilə, Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, mülkiyyətində olan olan “X6 CDİ” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin qərardadından sonra iddiaçı icra sənədində göstərilən 10000 manat borcu və 30 manat dövlət rüsumunu Sabunçu rayon İcra və Probasiya şöbəsinə ödəmişdir. İcra sənədi üzrə borc ödənildikdən sonra icra işinə xitam verilmiş və rəsmi məktubla cavabdeh orqana müraciət edilərək avtomobilin ona verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan avtomobili vermədiyi üçün icra məmuru həbsin götürülməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 8(008)-706/2020 saylı qərardadı ilə təqdim təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, 25.02.2019cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan “X6 CDİ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sabunçu Rayon Məhkəməsinin 8(008)- 285/2019 saylı, 25.02.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Azərbaycan Respublikası DİN-in BDYPİ-yə həvalə edilmişdir. Həmin qərardad məhkəmə tərəfindən icraya yönəldilmişdir. Lakin caavbdeh orqan məhkəmənin həmin qərardadına da məhəl qoymamış və müvəqqəti duracaqda saxlanılan avtomobili əsassız olaraq ona verməmişdir. Bu barədə müxtəlif orqanlara şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh orqanın bu hərəkəti ilə avtomobil üzərində mülkiyyət hüquqlarını pozur. Cavabdeh orqanın avtomobilini duracaqda qanunsuz saxlaması nəticəsində ona 10000 manat maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. 14 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, komensiyasıya ilə bağlı tələbini artıraraq 15.000 manat məbləğində pulun ödənilməsi barədə cavabdeh orqanın üzərinə vəzifə qoyulmasını xahiş etmiş, məhkəmənin protokol qaydasında qaydasında qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobil saxlanılaraq duracağa yerləşdirilərkən iddiaçıdan deyil, avtomobili istifadəyə verdiyi digər şəxsdən alınmışdır. Məhkəmənin qərardadı ilə həbs götürülsə də, həmin şəxs avtomobili təhvil almaqdan imtina etmişdir. Avtomobil saxlanılarkən iddiaçıdan alınmadığına görə və həmin şəxslə iddiaçı arasında başqa məhkəmə mübahisəsi getdiyindən və mübahisə predmeti həmin avtomobil olduğundan avtomobil hazırkı iddiaçıya qaytarılmır. Həmçinin məhkəmənin qərardadına avtomobilin məhz hazırkı iddiaçıya qaytarılması öz əksini tapmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.02.2019-ci il tarixli, 8(008)-285/2020 saylı qərardadı ilə, təqdimat təmin edilərək, borclu xx.xx.1963-cü il təvəllüdlü, Saatlı rayonunda anadan olmuş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 15-də qeydiyyatda olan İddiaçı mülkiyyətində olan “X6 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, qərardadın icrası Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 8(008)-706/2020 saylı qərardadı ilə təqdim təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, 25.02.2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan “X6 CDİ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, 25.02.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Azərbaycan Respublikası DİN-in BDYPİ-yə həvalə edilmişdir; Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən Baş X7 İdarəsinin “Siqnal” ixtisaslaşdırılmış-layihə İstehsalat İdarəsinin 9 nömrəli dayanacağına ünvanlanmış 15.10.2020-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən “X6 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı təhvil verilməsi xahiş olunmuşdur; Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən Baş X7 İdarəsinin Sabunçu Rayon X7 Şöbəsinə ünvanlanmış 16.10.2020-ci il tarixli məktubdan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən borclu İddiaçı məxsus “X6 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsinə heç bir etirazın olmaması bildirilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdehlər kimi Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti, ona məxsus avtomobilindən üzərindən həbsin götürülməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının cavabdeh orqan tərəfindən icra edilməməsi və nəticədə maddi zərər çəkməsi ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “avtomobilin müvəqqəti duracaqdan buraxılması” tələbinə dair iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı iddia irəli sürsə də, cavabdeh inzibati orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. İşin hallarından da göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25.02.2019-ci il tarixli, 8(008)-285/2020 saylı qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmuş, həmin qərardad cavabdeh orqan tərəfindən icra edilmiş və avtomobil müvəqqəti duracağa yerləşdirilmiş, daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 8(008)-706/2020 saylı ilə avtomobilin üzərindən həbs götürülmüş, lakin icra edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin qərardadının icra edilməməsi yeni məhkəmə iddialarına və mübahisələrinə səbəb olmamalıdır. Çünki hazırkı iddia təmin olunduğu halda belə, qəbul ediləcək qərar, avtomobilin üzərindən həbsin götürülməsi barədə rayon məhkəməsinin qərardadından hüquqi qüvvəsinə görə heç də üstün olmayacaqdır. Başqa sözlə, məhkəmənin qərarının icra edilməməsi inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın publik fəaliyyət sferasındakı hərəkətsizliyi olmamaqla, inzibati iddia ilə həll olunmalı məsələ deyil və bu, yeni məhkəmə mübahisələri ilə nəticələnməməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək, bir daha bildirir ki, iddiaçının avtomobilin üzərindən həbsin götürülməsi barədə qüvvədə olan məhkəmə qərardadının icrasını tələb etmək əvəzinə, yeni inzibati iddia verməklə avtomobilin duracaqdan buraxılmasını tələb etməsi qanunvericiliyin şərh olunan normalarının tələblərinə ziddir və bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, məhkəmə bildirir ki, iddia ərizəsinin kompensasiyanın ödənilməsi tələbi ilə bağlı mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, kompensasiyanın ödənilməsi ilə bağlı iddiaçın iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır və bu hal məhkəmə iclasında iddiaçı tərəfindən də təkzib edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar