Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6389/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçının hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinasının əsassız hesab edilməsi, xüsusi imtiyazlara malik olan mərhum həyat yoldaşı, 1-ci qrup hərbi əlil X3 varisi kimi onun hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 Milli Ordu sıralarında hərbi xidmət zamanı 17 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və 16 dekabr 1992-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında xəstəliyi şəhadətləndirilmişdir. Nəticədə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilərək, hərbi xidmətdən tərxis olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ona «Baş beynin üzvi xəstəliyi nəticəsində əmələ gələn ağıl zəifliyi, psixi pozuntular» diaqnozu ilə müddətsiz 1-ci qrup hərbi əlil statusu verilmişdir. Qeyd edir ki, həyat yoldaşında hərəkət məhdudluğu olmuş, sərbəst surətdə hərəkət etmək imkanından məhrum, hətta ən qısa məsafəyə belə yeriyə bilməmişdir. Xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 1993-cü il tarixli 433 saylı Qərarı ilə təsdiq edilmiş xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi Qaydaları haqqında Qərarında nəzərdə tutan xəstəliklər siyahısına aiddir. Belə ki, onlar hərbi əlillər üçün nəzərdə tutulmuş avtomobil ilə təmin olunmağı üçün tibbi göstəriş verilməsi üçün nəzərdə tutulan sənədləri toplayaraq Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etmişdir. Komissiyadan isə bildirmişdir ki, yaşadığı ərazinin,yəni Nərimanov rayon TSEK-nə müraciət etməlidir. O sənədləri Nərimanov rayon TSEK-nə təqdim etmişdir. Bir neçə aydan sonra Komissiya tərəfindən bildirilmişdir ki,sənədlər onlayın sistemi ilə Tibbi-Sosial Ekspert Komissiyalarının göndəriş reyestrinə daxil edilməlidir. Ona görə də 1-ci qrup müharibə əlili olan həyat yoldaşına hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunmağı üçün tibbi göstəriş vermək vəzifəsinin cavabdehə həvalə olunması barədə məhkəyə müraciət etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 20 may 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Məhkəmə qərarı qaununi qüvvəsini alaraq icra olunması göndərilmiş, lakin cavabdeh öhdəliyi vaxtında icra etməmiş, həyat yoldaşı X5 dünyasını dəyişmişdir. Bundan sonra həmin maşın növbəsini onun adına keçirilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 18 iyul 2019-cu il tarixli **********4 saylı məktubu ilə ona imtina göndərmişdir. İmtinasını isə pulsuz avtomobil almaq növbəsinə yalnız imtiyazlı şəxslə dayana bilməyi, həmin imtiyazlı şəxslər vəfat etdikdə pulsuz avtomobil almaq imtiyazı onun ailə üzvülərinə şamil olunmadığı ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İmtiyazlı şəxslər dünyalarını dəyişdikdən sonra onların bütün imtiyazları qalan vərəsələrə keçir. Eləcə də iddiaçının həyat yoldaşı rəhmətə gedəndən sonra ona düşən sığorta pulunu iddiaçı almış və mənzil növbəsi də onun adına keçirilmişdir. İmtiyaza malik həyat yoldaşı 1- ci qrup müharibə əlili X4 vaxtında avtomobil verilməməsi isə cavabdehin səhvi idi. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iddiaçıya 10 noyabr 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Azərbaycan Resublikası İPM-in 13-cü maddəsinin tələbi baxımından qaldırdığı iddia ilə bağlı subyektiv hüququnun müəyyən edilmədiyi izah edilsə də, iddiaçı məhkəmə prosesini mövcud iddia tələbi əsasında baxılmasının davam etdirilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı xüsusi imtiyazlara malik olan mərhum həyat yoldaşı, 1-ci qrup hərbi əlil X3 varisi kimi onun hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılaraq 19 iyul 2019-cu il tarixli **********4 saylı ərizə əsasında imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması qanunvericiliyə əsasən rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Mərhum Ə.A.Abasovun mənzil növbəsinin İddiaçı adına keçirilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edilmişdir. İmtinada o da həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və ya motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat” a əsasən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil və ya motorlu araba ilə təmin edilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz avtomobil və ya motorlu araba ilə təmin olunmaq üçün növbəyə yalnız Təlimatda qeyd olunan imtiyazları olan şəxslər dayana bilər. İmtiyazlı şəxs vəfat etdikdə pulsuz avtomobillə təmin olunmaq imtiyazı onun ailə üzvlərinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinasının əsassız hesab edilməsi, xüsusi imtiyazlara malik olan mərhum həyat yoldaşı, 1-ci qrup hərbi əlil X3 varisi kimi onun hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdədir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X5 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri 8 saylı poliklinikanın verdiyi göndərişlərə baxılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul eilməsini xahiş etmişdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 20 may 2018-ci il tarixli qərarı ilə iddia təmin olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin imtinasının əsassız hesab edilməsi, X4 minik avtomobilinin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı poliklinikanın verdiyi göndərişlərə baxılması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. - İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 981995 sayla akt qeydi aparılmışdır. İddiaçı iddia tələbinin əsası olaraq imtiyazlı şəxslərin dünyalarını dəyişdikdən sonra onların bütün imtiyazlarının qalan vərəsələrə keçdiyinə, eləcə də mərhum ərinə ayrılan sığorta pulunu aldığına, mənzil növbəsinin onun adına keçirilməsinə istinad etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının hazırki tələblə bağlı subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 4-cü bəndinə əsasən əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti müəyyən edilmədən birdəfəlik verilir. Əlillər avtomobil və motorlu arabaları satmaq və bağışlamaq hüququna malik deyillər. Təlimatın 21-ci bəndinə əsasən əlillərə avtomaşın yalnız onlar sağ olduqda verilir. Pulsuz avtomobil və ya motorlu araba almış əlil vəfat etdikdən sonra avtomobil və ya motorlu araba onun ailəsinin mülkiyyətində qalır, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin qeydiyyatından çıxarılır. Avtomobil və ya motorlu arabanın ailə üzvlərindən birinin adına yenidən qeydiyyata götürülməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, icazəsi ilə əlilin avtonəqliyyatın sahibi kimi qeydiyyatda durduğu dövlət avtomobil müfəttişliyi tərəfindən həyata keçirilir. Göründüyü kimi Təlimatın tələbinə əsasən əlillərə avtomaşın yalnız onlar sağ olduqda verilməsi müəyyən edilmişdir. Hazırkı halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 nəqliyyat vasitəsini mülkiyyətinə qəbul etmədən vəfat etdiyindən, ailə üzvlərinin də sözügedən avtomobili əldə etmək hüququ yaranmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun imtinasının əsassız hesab edilməsi, xüsusi imtiyazlara malik olan mərhum həyat yoldaşı, 1-ci qrup hərbi əlil X3 varisi kimi onun hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçı X1 hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi ilkin məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçının hərbi əlillər üçün nəzərdə tutulmuş xüsusi avtomobil ilə təmin olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6389/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6389/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver