Məhkəmə qərarları › İş №2-1(112)-6389/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6389/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6389/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 23.02.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 28.04.2021-ci il tarixli, **********50 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilən Sabunçu rayon İHB-nın 21.09.1992-ci il tarixli, 1387 saylı sərəncamında torpaq sahəsinin Sabunçu rayonu, Balaxanı qəsəbəsində ayrılması qeyd edilsə də, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Zabrat isti-şitillik sovxozunun ərazisində yerləşir. Bundan sonra iddiaçı 05.05.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28 aprel 2021-ci il tarixli mətubunun qanunsuz hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarını qeydə almaq öhdəliyini icra etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Kabinetinin 21 sentyabr 1992-ci il tarixli 1387 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Sərəncam artıq 29 il bundan öncə verilib və həmin torpaq sahəsi uzun illərdir ki, faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Bu günədək torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yaranmamışdır. Torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına mane ola biləcək hər hansı bir hal mövcud olmadığı halda, cavabdeh onun müraciətinə imtina vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki ona ayrılmış torpaq sahəsinə hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Kabinetinin 21 sentyabr 1992-ci il tarixli 1387 nömrəli Sərəncamına əsasən Balaxanı qəsəbəsi, Sovet küçəsi, 18 nömrəli evdə yaşayan 4 nəfərdən ibarət olan vətəndaş İddiaçı Balaxanı qəsəbəsi boş yer sahəsində 145-000-130c nömrəli layihə tipli, 1200 kv.metr sahəsi olan şəxsi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 19.02.2021-ci il tarixli, M-80-091 nömrəli məktubu ilə Sabunçu rayon İHB-nın 21.09.1992-ci il tarixli, 1387 saylı sərəncamı ilə İddiaçı Balaxanı qəsəbəsində ayrılmış 0,12 ha torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq təqdim olunmuşdur. İşdə olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 1/1498 nömrəli, 04.08.2021-ci il tarixli məktubunda qeyd olunur ki, 1992-ci ildə Sabunçu Rayon İcra Hakimiyyətinin vətəndaşlara müəyyən məqsədlər üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmuşdur. Lakin İddiaçı ayrılan torpaq sahəsinin Zabrat isti-şitillik sovxozuna aid olması haqqında məlumat mövcud deyil. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.12.2021-ci il tarixli, **********08 nömrəli məktubundan görünür ki, vahid elektron baza məlmatlarına əsasən mövcud torpaq sahəsi Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir, yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır. Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli sərəncamı əsasında Abşeron rayonunun istifadəçiliyində olmuş Zabrat isti-şitillik sovxozunun ərazisindən torpaqlardan istifadənin səmərəliliyini artırılması məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış sahələrdə yerləşir. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, 30.06.1999-cu il tarixədək qüvvədə olan “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilərək "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilmişdir. Həmin Fərmanla müəyyən edilmişdir ki, şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. Fərmanla təsdiq edilmiş Əsasnamənin 13-cü bəndinə əsasən icra hakimiyyəti başçısı torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Cavabdeh Sərəncamla ayrılan həmin ərazinin Zabrat isti-şitillik sovxozunun ərazisinə düşdüyünü iddia etsə də, işdən görünür ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Digər tərəfdən 19.02.2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikinisi məqsədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yalnız aşağıdakılar ola bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunda göstərilən əsaslardan birini, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Kabinetinin 21 sentyabr 1992-ci il tarixli 1387 nömrəli Sərəncamını təqdim etdiyindən cavabdehin onun hüququnun qeydə alınmasından imtina üçün əsası olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar