Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6389/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş əlillik təyinindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N və N nömrəli hərbi hissələrdə müddətli, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək N və N nömrəli hərbi hissələrdə səfərbərliklə çağırılaraq xidmət etmişdir. O, vətən müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmışdır. İddiaçı xx.xx.2021-ci ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, müharibə veteranıdır və müxtəlif medallarla təltif edilmişdir. Müharibə zamanı aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Tibb müəssisəsinin göndərişi əsasında bir neçə dəfə ona əlilliyin təyin edilməsi üçün cavabdehə göndəriş göndərilmişdir, lakin hər dəfə cavabdeh bundan imtina etmişdir. Sonuncu imtina xx.xx.2024-cü il tarixdə olmuş və bu barədə onun məlumatı xx.xx.2025-ci ildə olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Ona orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunub ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli, 1030 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və mühüm dərəcəli kəkələmə ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020), döş qəfəsinin arxa səthinin orta xətdən sağda dərialtı yumşaq toxumaların yad cismi (metal qəlpə)” ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022- xx.xx.2022-ci il tarixli 8419/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzun gedişli posttravmatik stress pozuntusu. Üzvi emosional-labil pozuntu, dissosiativ daxilolmalar, funksional tutmalarla, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 8096/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, nəzərəçarpan kəkələmə ilə, anamnezində qıcolma tutmaları” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətlənmişdir. Dərmanlardan Depakin, Karbamazepin qəbul etdiyini bildirmişdir. Müayinəyə atası ilə aqressiv daxil olmuşdur. Oturmamış, mübahisə etmək istəmiş, stula təpik vurmuş, simulyativ kəkələmə nümayiş etdirmiş, komissiya üzvlərinə xəsarət yetirəcəyi ilə təhdid etmiş, nalayiq sözlər işlətmişdir. Özünə xəsarət kimi əlini qayçı ilə deşməsini bildirmiş, bir dəfə özünü asmaq istədiyini, lakin qoymadıqlarını söyləmişdir. Müayinənin sonunda doğru tam sakitləşmiş, mülayim səs tonu ilə suallara cavab vermişdir. Patoloji affekt izlənilməmişdir. Koqqnitiv, intelektual-mnestik funksiyaları yaşına uyğun olmuş, emosional-iradi sferası qüsursuz olmuşdur. Mühakimə və analiz qabiliyyəti tam qorunmuşdur. ƏMAS-da xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Simulyativ xarakterli nümayişkar davranış pozuntusu. Simulyativ tendensiyalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan müəyyən edilir ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıda “mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posstravmatik stress pozuntusu, partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı və mühüm dərəcəli kəkələmə ilə təzahür edən posttravmatik ensafalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020) döş qəfəsinin arxa səthinin orta xətdən sağda dərialtı yumşaq toxumaların yad cismi (metal qəlpə)” müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X5 xx.xx.2022-ci il tarixli 424 nömrəli çıxarışına əsasən iddiaçıya “üzvi emosional labil pozuntu F06.6, posstravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 1034 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Diaqnoz: partlayış travması (07.11.200), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli göndərişə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə edilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndərişə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə edilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Cavabdehin iddiaçıya xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaçıda əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklərin aşkar olmaması səbəbindən xx.xx.2024-cü il tarixdən ona əlilliyin təyin olunmaması barədə qərar qəbul edildiyi bildirilmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 1368 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları (F07.0)” aşkar olunur. Qərardadın 2 və 3-cü suallarını cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona qərarın ləğvi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Belə ki, iddiaçı ona əlilliyin təyinindən imtina edilməsi barədə qərarın ləğvini xahiş edir. Həmin qərarın ləğvi isə iddiaçıya həmin qərarın qəbul edildiyi tarixdən əlillik dərəcəsi təyin edilməsi üçün əsas yaradır. İddiaçı həmin qərarı rəsmi qaydada almadığı və qərarı mübahisələndirmək üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmədiyi üçün iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Göründüyü kimi iddiaçının Vətən Müharibəsi zamanı xəsarətlər alması iş materialları ilə təsdiq olunur. Buna baxmayaraq cavabdeh tibbi göndəriş əsasında müraciət edən iddiaçıya ilk dəfə 2022-ci ildə, sonuncu dəfə 2024-cü ildə əlililiyin verilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasını iddiaçıda əlillik səviyyəsində hər hansı ağırlaşmaların və patofunksional dəyişikliklərin aşkar olunmaması təşkil edir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. İşdən göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qoyulmuş “mülayim dərəcədə ifadə olunmuş üzvi emosiaonal labil pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığ və mühüm dərəcəli kəkələmə ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Partlayış travması (xx.xx.2020), döv qəfəsinin arxa səthinin orta xətdən sağda dərialtı yumşaq toxumaların yad cismi (matal qəlpə)” diaqnozunun hal-hazırda müşahidə olunubolunmamasının aydınlaşdırılması üçün iş üzrə məhkəmə-tibbi (psixiatrik) məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəyində iddiaçıda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə, anamnezində qıcolma tutmaları (F07.0)” aşkar olunduğu, lakin, həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş ağırlaşmalara səbəb olmasının aydınlaşdırılmasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıda yaranmış psixi pozuntular onun müharibədə aldığı qapalı kəllə beyin travması nəticəsində meydana çıxmışdır. Belə oaln halda onda mövcud olan psixi pozuntuların üzvi (travma) mənşışi olması nəzərə alındıqda tibbi göndərişdə və ya şəhadətləndirmə barədə qərarda hansı formada ifadə olunması önəmli deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində üzvi mənşəli şəxsiyyət pozuntusu (F.07.0)öz əksini tapmışdır. Ekspert rəyində iddiaçıda məhz həmin diaqnozun aşkar edildiyi qeyd edilmişdir. Ekspert iddiaçıda həmin diaqnozun mövcudluğunu bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş əlillik təyinindən imtina barədə xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin və həmin tarixdən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6389/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6389/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver