Məhkəmə qərarları › İş №2-1(112)-6390/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6390/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6390/2022 25.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********6593 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən ləğv edilməsi, yəni 2 nəfər Gümüş Soner və Özdəmir Murat barədə olan hissəsinin saxlanılması, digər tanımadığı 3 nəfər şəxsin barəsində olan hissəsinin isə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6593 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, yəni İddiaçı 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı on iki ildən artıq müddət ölkədən kənarda biznes sahəsində fəaliyyət göstərmişdir və iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1də yerləşən “Kime Ne X12ı”nda yeni fəaliyyətə başlamışdır. xx.xx.2021-ci ildə cavabdehin əməkdaşları obyektə daxil olaraq yoxlama aparmağa başlamış və nəzarət kassa aparatının olmaması, guya 5 nəfər işçinin əmək müqaviləsi olmadan, hökumət portalına daxil edilmədən çalışdırılması, sadələşdirilmiş vergi hesabatının təqdim edilməməsi kimi iradlar bildirilərək xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Cavabdehin əməkdaşları həmin iradlara açıqlama vermək istədikdə heç kimi dinləmədən müəyyən etdikləri nöqsanlarla bağlı foto və video çəkiliş aparmadan, heç bir izahat alınmadan, qeyd etdikləri iradlarla bağlı hal şahidləri dəvət edilmədən akt tərtib edərək izahat vermək və məsələlərə aydınlıq gətirmək üçün iddiaçının baş idarəyə dəvət olunacağını bildirib getmişlər. İddiaçı cavabdehin tərtib etdiyi sənədlərə imza etməmişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci ildə Baş İdarəyə dəvət edilmiş, daha sonra cavabdehin əməkdaşı bu dəvətin formal xarakterli olduğunu bildirərək iddiaçı ilə əlaqə saxlayacağını, orada gözləməyib getməyini bildirmişdir. Sonradan isə elektron kabinetə xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar göndərilmişdir. Qərarda 5 nəfər fiziki şəxsin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edildiyi qeyd olunmuşdur. xx.xx.2021-ci ildə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan obyektdə yoxlama keçirilərkən nəzarət kassa aparatının olmaması ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Bununla bağlı iddiaçı tərəfindən NKA servis mərkəzinə müraciət edilmiş, lakin yeni nəsil kassa aparatları onlayn rejimdə quraşdırılmalı olduğu üçün iddiaçıya məlum olmayan səbəblərdən kassanın obyektdə quraşdırılması gecikmişdir. Bununla yanaşı nəzarət kassa aparatı istifadə etmədiyinə görə iddiaçıya nə şifahi, nə də rəsmi heç bir xəbərdarlıq olunmadan cərimə tətbiq edilmişdir. İddiaçı bu hissədə cavabdeh orqanının əməkdaşlarının iradını nəzərə alaraq müvafiq cərimənin ödənilməsini də artıq təmin etmişdir. xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda ümumilikdə işlərə cəlb edilənlərin 14 nəfər olması və bunlardan 5 nəfərinin isə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi qeyd edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən yoxlama keçirilərkən, yəni bir həftə ərzində fəaliyyətə başladıqları müddətdə 12 nəfər işçinin əmək müqaviləsinin hökumət portalına daxil edilməsi iddiaçı tərəfindən təmin edilmişdir. 2 nəfər Gümüş Soner və Özdəmir Muratın isə yoxlamadan 2 gün əvvəl dəvət olunmaları və onlarla razılaşma əldə olunması ilə bağlı müvafiq danışıqlar aparıldığı üçün əmək müqavilələri portala daxil edilməmşdir. Lakin elə yoxlama keçirilən gündən onlarla iddiaçı arasında qanunvericilikdə nəzərdə tutulmuş miqrasiya və əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə aparılmaqla hökumət portalına daxil edilməsi təmin edilmişdir. Lakin aktda adları qeyd edilən digər 3 nəfər X1, X3 və X4 iddiaçının obyekti ilə heç bir əlaqəsi yoxdur, iddiaçının restoranında çalışmırlar və ümumiyyətlə iddiaçı belə şəxsləri tanımır. Cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə göndərilmiş sənədlərdə xx.xx.2021-ci il tarixdə öz məlumat bazalarından çıxarıb göndərdikləri “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” məlumat cədvəlində də qeyd olunanlar öz əksini tapmışdır. xx.xx.2021-ci ildə elektron portalda iddiaçının obyektinə məxsus 14 işçinin hər birinin adı və rekvizitləri öz əksini tapmışdır. Buradan da belə bir sual doğur ki, əgər yoxlama aktında qeyd edildiyi kimi 14 işçidən 5 nəfərin əmək müqaviləsi yox idisə və yoxlamadan bir saat sonra iddiaçı tərəfindən 2 işçinin əmək müqaviləsi portala daxil edildiyi təqdirdə xx.xx.2021-ci ildə uçot məlumat bazasında 14 deyil 12 işçi barədə məlumat olmalı deyildimi? Bundan başqa da 3 nəfər tanımadığı şəxsin də adlarının həmin siyahıda öz əksini tapmaması cavabdehin əməkdaşlarının qanunsuz hərəkətlərinin nəticəsi deyilmi? Həmçinin sadələşdirilmiş vergi hesabatının təqdim olunmaması ilə əlaqədar qeyd olunmalıdır ki, vergi qanunvericiliyinə uyğun olaraq müvafiq hesabatlar rüb bitdikdən sonrakı ayın 20-sindən gec olmayaraq təqdim olunmalıdır. Cavabdehin əməkdaşlarının xx.xx.2021-ci il tarixli aktda istinad etdikləri pozuntu barədə halların foto və video çəkiliş vasitəsilə qeydə alınmaması, eləcə də aktda və əlavələrində aşkar edilmiş pozuntuların hal şahidlərinin iştirakı ilə rəsmiləşdirilməməsi vergi ödəyicisinin konstitusion hüquqlarının pozulmasını bir daha sübut edir. Bununla yanaşı həmin aktda göstərdikləri əmək müqaviləsi bağlanmadan işlərə cəlb edilmiş şəxslərin şəxsiyyətini müəyyən etmədən və izahatları alınmadan, sonradan xx.xx.2021-ci il tarixli akt tərtib edilərək guya iddiaçı və qeyd olunan işçilərin izahat verməkdən imtina etmələri qeyd edilmişdir. Həmin akt yoxlama aparılan zaman tərtib edilməmiş və bu aktla iddiaçı elektron kabinetinə göndərilmiş sənədlər siyahısından tanış olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bildirdi ki, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********2908 qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən “Kime Ne X12” adlı obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 5 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 002564 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə iddiaçıya göndərilmişdir. İddiaçının obyektində əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər müvafiq izahat verməkdən imtina etmiş, bu hal sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubla təqdim edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211658962 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda “Kime ne X12” adlı obyektdə (fəaliyyət növü restoranlar tərəfindən xidmətlərin göstərilməsi) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********2908 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1, obyektin adı Kime Ne X12, fəaliyyət növü restoranlar tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002564 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********2908 nömrəli qərarına əsasən həmin baş idarənin əməkdaşları tərəfindən İddiaçı (VÖEN:**********) məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən “Kime ne X12” adlı obyektdə xx.xx.2021-ci il tarixdə, saat 21:20 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən 14 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir və İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6593 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 10.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********2908 nömrəli qərarına əsasən İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1, obyektin adı Kime Ne X12, fəaliyyət növü restoranlar tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002564 saylı akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə, saat 21:20 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən 14 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir və iddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün təbirlərin görülməsi təklif olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6593 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər siyahısında qeyd olunan Gumuş Soner və Özdemir Muratla əmək müqaviləsi bağlamadığını bildirmiş, operativ vergi nəzarəti tədbirindən sonra həmin şəxslərlə əmək müqavilələri bağlamışdır və hazırda cavabdeh tərəfindən qəbul edilmiş qərarı həmin hissədə mübahisələndirmir. Lakin iddiaçı qeyd olunan siyahıda göstərilən digər 3 nəfər - X2, X5 və X4 onun obyekti ilə heç bir əlaqəsi olmadığını, onun restoranında çalışmadıqlarını, ümumiyyətlə belə şəxsləri tanımadığını bildirir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən həmin 3 nəfər şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamış, bu şəxslərə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin şəxslərlə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qeyd olunan 3 nəfər şəxsə aid hissədə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda qeyd olunan şəxslərə aid hissədə qərar əsassızdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********6593 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni İddiaçı 6.000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar