Məhkəmə qərarları › İş №2-1(112)-6394/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6394/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6394/2023 22.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır,vəkil), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş 13746.4 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faizin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş 13746.4 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizin məbləğində faizin əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda iddiaçının şəxsi hesab vərəqində 13.746.4 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin həmin gündən bu tərəfə vergi orqanı tərəfindən iddiaçının müraciətinə hər hansı cavab təqdim edilməmişdir. Bu isə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə riayət edilmədiyinə və prosessual pozuntuya yol verilməsinə dəlalət edir. İddiaçının müraciətindən 35 gün müddətdən artıq ötməsinə baxmayaraq vergi orqanı tərəfindən hər hansı bir cavab iddiaçıya təqdim edilməmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının ərizəsinə cavab verilməməsinə heç bir əsas mövcud olmamışdır.Odur ki, iddiaçının şəxsi hesab vərəqində yaranmış 13746.4 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 2.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, artıq ödənilmiş məbləğlərin qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciət xx.xx.2023-cü il tarixli məktubla cavablandırılmış, artıq ödəmənin şəxsi hesab vərəqəsində yaranma səbəbləri haqqında məlumat verilmişdir.Aparılmış araşdırma zamanı vergi ödəyicisinin artıq ödəmə məbləği 2016-cı il üzrə fiziki şəxsin gəlir vergisi üzrə hesablanmış kameral hesablamanın ləğv olunması və mövcud borc məbləğindən azalması nəticəsində yaranması müəyyən olunmuşdur.Aparılmış araşdırma zamanı, vergi ödəyicisi tərəfindən 2016-ci il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 1769618,65 manat (ƏDV-siz), gəlir vergisi üzrə dövriyyəsinin 1608361,65 manat, yəni 161257 manat fərqin mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı il üzrə Gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən il ərzində 1842578,89 manat malın daxil olduğu, 1608361,65 manat malın təqdim edildiyi, 234217,24 manat malın silindiyi bəyan edilmişdir. Təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, silinmiş mallar bəyannamənin 3 nömrəli əlavəsində göstərilməmişdir. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallarda, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində azadolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi malların itməsi, əksik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Silinmiş malların Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmadığı aşkar olunmuşdur.Həmçinin, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 2016-cı ilin sentyabr ayından sonra dövriyyə bəyan edilməmişdir. Lakin 2016-cı ilin oktyabr ayında 21247,27 manat (ƏDV- siz) mal idxal edilmiş və bəyannamənin 310-cu sətrində əvəzləşmə hissəsində qeyd edilərək bəyan edilmişdir. İdxal edilmiş məhsulun satışı həyata keçirilməmişdir. Qeyd edilən hallar vergi öhdəliyinin düzgün bəyan olunmadığına dəlalət edir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:… 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 4.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddiaçıya imtina cavabı vermiş,iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 7.İnzibati iş materiallarında olan: ƏDV bəyannamələrinə, gəlir vergisi bəyannaməsinə əsasən iddiaçı meyvə və tərəvəzin topdansatışı sahəsində fəaliyyət göstərən vergi ödəyicisidir, 2016-cı il yanvar dövrü üzrə 27099,35 manat ƏDV, 2016-cı il fevral dövrü üzrə 31675,37 manat ƏDV, 2016-cı il mart dövrü üzrə 24967,84 manat ƏDV, 2016-cı ilin aprel dövrü üzrə 21596,86 manat ƏDV, 2016-cı ilin may ayı üzrə 131726,03 manat ƏDV, 2016-cı ilin iyun ayı üzrə 37953,22 manat ƏDV, 2016-cı ilin iyul ayı üzrə 1541,34 manat ƏDV, 2016-cı ilin avqust dövrü üzrə 12945,08 manat ƏDV, 2016-cı il sentyabr dövrü üzrə 29026,26 manat, 2016-cı ilin oktyabr ayı üzrə 0 manat ƏDV bəyan edilmişdir, 2016-cı il dövrü üçün gəlir vergisi bəyannaməsində ödənilməli gəlir vergisi 0 manat göstərilmişdir; İddiaçının şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2023-cü il tarixinə 13746,40 manat artıq vergi ödənişi olmuşdur; «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən iddiaçı cavabdehə müraciət edərək xx.xx.2022-ci ildə artıq ödənilmiş 13746,4 manat verginin («hesablanmış kameral ləğvi əsasında») gəlir vergisinin geri qaytarılmasını xahiş etmişdir.

IV. Məhkəmənin mövqeyi

8.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 9.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz. 10.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 65.9-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 11.Tərəflərin arasında yaranmış mübahisə ilə bağlı məsələ Vergi Məcəlləsinin 87-ci maddəsi ilə, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. 12.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.1-ci maddəsinə uyğun olaraq, bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən 87.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 14.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 15.Həmin Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 16.İşin faktiki hallarına əsasən, iddiaçının xx.xx.2023-cü il tarixinə vergilər üzrə dövlət büdcəsinə 13746,4 manat artıq ödəmə məbləği yaranmışdır, iddiaçı tərəfindən artıq ödənilmiş verginin qaytarılması ilə bağlı cavabdehə yazılı müraciət edilmiş, lakin iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş pul vəsaiti qaytarılmamışdır. 17.Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü ilə qədər olan dövr üzrə vergilər üzrə dövlət büdcəsinə artıq ödəmələri olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmiş iddiaçının ərizəsi cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 87, 87.3-cü maddələrinin tələbləri pozularaq təmin edilməmiş, qanunla nəzərdə tutulmuş rəyin tərtib edilməsindən imtina edilmişdir, bu da qanunun sözügedən müddəalarına ziddir. 18.Halbuki, iddiaçının müraciət etdiyi tarixinə şəxsi hesab vərəqəsinə əsasən 13746,4 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

19. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 6.1-ci bəndinə görə, vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2.-ci bəndinə əsasən, vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. 20.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı (inzibati orqan) iddiaçının müraciətini təmin etməməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.

23. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X1 şəxsi hesab vərəqəsində yaranmış 13746,4 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. 24.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 25.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı X1 şəxsi hesab vərəqəsində yaranmış 13746,4 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə Rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar