Məhkəmə qərarları › İş №2-1(112)-6394/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6394/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6394/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105a/6" saylı, 0.12 ha torpaq sahəsinin üzərində mərhum X4 mülkiyyət hüquqlarının qeydiyyata alınması və mülkiyyət hüququnun təsdiq edən arayışın verilməsi öhdəliyinin cavabdeh orqan üzərinə qoyulmasınan barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sonuncu dəqiqləşmə ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105a/6" saylı, 0.12 ha torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın İddiaçı verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və sxematik xəritəyə əsasən “105q” saylı bağın ərazisidir. İddiaçı xx.xx.2023-cü ildə yenidən cavabdehə müraciət edərək bildirmişdir ki, onun müraciətilə əlaqədar torpağa baxışa dəvət edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105a/6” saylı torpaq sahəsi onun doğma əmisinə məxsus torpaq sahəsi ilə üst üstə düşməsi göstərilmişdir. xx.xx.2023-cü ildə cavabdeh orqan bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi sxematik xəritəyə əsasən “105” və “105v” saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. İddiaçı bildirmişdir ki, onun babası - X9 Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1989-ci il tarixli, 3/100 nömrəli qətnaməsinə əsasən bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılmışdır. Qoşma sənədlərə 5 nömrəli orderi əlavə etmişdir. Bundan əlavə, notarius tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş olan vərəsəlik hüququ haqqında notariusun məktubuna əsasən İddiaçı “105a/6" saylı bağ sahəsinin vərəsəsi kimi tanınmışdır. Hesab edir ki, cavabdeh orqanın imtina məktubunda göstərilən səbəb əsassızdır və faktiki olaraq hüquqlarının pozulmasına gətirib çıxardır. Cavabdeh orqan qeyd edir ki, texniki baxış keçirilən zaman sahənin digər şəxs tərəfindən torpaq sahəsinin hasarlandığı aşkar edilmişdir, amma məlum fakt reallığı əks etmir. Çünki torpaq sahəsinin hasarlanma işlərini o, özü həyata keçirmişdir. Qeyd olunanlara əsasən tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş yerli baxış zamanı göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, faktiki göstərilən torpaq sahəsi sxematik xəritəyə əsasən 105 və 105v saylı bağ sahələrinin ərazisinə uyğun gəlir və göstərilən torpaq sahəsinə X2 105q/8 saylı bağ sahəsi kimi müraciəti daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli oxşar məzmunlu cavab məktublarından görünür ki, iddiaçının müraciətlərinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Bakı şəhər 33 saylı dövlət Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi 105a/6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair vərəsəsinin İddiaçı olması barədə məlumat verilmiş və miras qalmış əmlaka dair mərhum X6 adəna arayış verilməsinə etiraz edilməmişdir. -Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/100 nömrəli “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahəsinin ayrılması”na dair qərarının arxiv çıxarışından görünür ki, 60-68 nömrəli bağ-tikinti kooperativinin üzvlər siyahısı təsdiq edilmiş və kooperativin üzvü kimi X9 da bağ sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqanın arxivində saxlanılan: -Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Zirə bağlar sahəsindəki 62 nömrəli kooperativi tərəfindən verilmiş 5 nömrəli orderin surətindən görünür ki, X9 Bakı şəhər İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarına əsasən həmin BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 105a/6 nömrəli bağ sahəsi ayrılmışdır. -62 nömrəli BTK üzvlərinin siyahısından görünür ki, X10 oğlunun adı 5-ci sırada göstərilmişdir. -62 nömrəli BTK-nın Zirə bağlar sahəsinə yerləşən bağların bölgü sxemində 105a/6 saylı bağ sahəsinin mövcud olduğu görünür. Müvafiq sorğu əsasında cavabdeh qeydiyyat orqanı tərəfindən həm 62 nömrəli BTKnın, həm də iddiaçının mülkiyyətində olan 105a/6 saylı bağ sahəsinin arxiv əsaslarında olan sənədlər, həmçinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhər İcraiyyə Komitəsininin xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarına uyğun olaraq 62 №li BTK tərəfindən verilmiş 5 nömrəli order üzrə Zirə bağ sahəsindən ayrılmış 0,12 ha sahəsi olan 105a/6 nömrəli bağ sahəsinin üzərində hüquqların mərhum Məmməd Əzimova məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 3/100 saylı qərarı əsasında 62 №li BTK-dan 0,12 ha sahəsi olan 105a/6 saylı bağ sahəsinin mərhum X4 adına ayrılmasına dair 5 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, orderin verilməsi üçün əsas olmuş Bakı şəhər X11 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarının arxiv əsası mövcuddur, iddiaçının adı 62 nömrəli BTK üzvlərinin siyahısında nəzərdə tutulmuşdur. Həmin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymayaraq bildirir ki, iddia olunan torpaq sahəsinin 62 nömrəli BTK-nın bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi və digər bağ sahələrinin (105, 105v saylı) ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh İdarənin arxivində bağların bölgü sxemi mövcuddur və 105a/6 saylı bağ sahəsi həmin bölgü sxemində nəzərdə tutulmuşdur. Əgər göstərilən bağ sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu varsa, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Göstərilən sahəyə hazırkı iş üzrə cəlb edilmiş üçüncü şəxsin müraciət etməsi məsələsinə gəlincə, məhkəmə iclasında iştirak etmiş X2 vərəsəsi X5 verdiyi izahatında iddianın təmin edilməsinə narazılıq bildirməmiş və məhkəməyə Zirə qəsəbəsində yerləşən 105a/6 saylı, 0,12 ha torpaq sahəsi üzərində hüquqların mərhum X9 məxsus olması barədə arayışın iddiaçıya verilməsinə etirazı olmadığına dair yazılı ərizə təqdim etmişdir. Göründüyü kimi, 105a/6 nömrəli bağ sahəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs arasında hər hansı mübahisə yoxdur. O da nəzərə alınır ki, 62 nömrəli BTK-dakı bağların bölgü sxemində 105q/8 saylı sahə mövcud deyil və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə üçüncü şəxsin Zirə qəsəbəsində yerləşən başqa- 189 nömrəli BTK tərəfindən verilmiş sənədlər əsasında həmin BTK-nın nəzdindəki 105q/8 nömrəli bağ sahəsi üzərində hüquqların qeydiyyatı üçün müraciət etdiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin dəlilləri qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105a/6" saylı, 0.12 ha torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105a/6" saylı, 0.12 ha torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar