Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6395/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya avtomobil verilməsinə dair tibbi-göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «iddiaçıya əlillər üçün nəzərdə tutulan avtomobilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1993 – 1994-cü illərdə daxili işlər orqanlarında xidməti vəzifələrini yerinə yetirərkən cəbhə zonasında Qarabaq uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1998-ci ildə xəstəliklə əlaqədar xidmətdən xaric edilmişdir. Məhkəmə qərarına əsasən Tibbi- Sosial Ekspert Komissiyasının 26 yanvar 2016-cı il tarixli arayışı ilə ona İ qrup əlillik təyin edilmişdir. Qoyulmuş diaqnoz “digər şöbələrin fəqərələrarası disklərinin zədələnmələri, bel omba fəqərələrinin osteoxandrozu, kəskin kökcük ağrılarla, şmorle düyünləri (yırtıqları), L4 – L5 fəqərələrarası disklərin anullyar qabarması, dayaq hərəkət funksiyasının pozulması. Psoriaz. Psoratik poliarlit. Ürəyin aterosklerotik xəstəliyi, Asteno nevratik vəziyyət. Qalça sümüyünün sınığı, bitişmiş sınığı, bud sümüyünün medial yer dəyişməsi, sağ bud çanaq oynağının deformasiya edici artrozu. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipi” ibarətdir. Halhazırda o, bel omba nahiyyəsindəki ağrılardan, ətraflardakı ağrılardan, hərəkət məhdudluğundan, laxikardiyadan, tənginəfəslikdən, dəridəki quruluqdan, əsəbilikdən əziyyət çəkir. Onda dayaq hərəkət funksiyasının pozulması mövcuddur və ayaqüstə dayanmağını və hərəkət etməyini xeyli çətinləşdirir. İddiaçı avtomobillə təmin edilməsi ilə əlaqədar müraciət etsə də, 7 nömrəli Nizami Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktı ilə avtomobillə təmin olunmasından imtina edilmişdir. Buna görə o, məhkəməyə müraciət emişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2830/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperliz və Reabilitasiya Xidmətinə qarşı iddia tələbi təmin edilərək, cavabdehin “avtomobilə tibbi göstəriş yoxdur” məzmunlu 26 yanvar 2016-cı il tarixli 99 saylı qərarı ləğv edilmiş, onun avtomobilə tibbi göstərişin təyini məqsədilə yenidən müayinə edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Lakin yenidən müayinədən keçəndən sonra ona bildirilmişdir ki, avtomobilə tibbi göstəriş yoxdur. Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Xidməti qərəzli şəkildə ona avtomobillə təmin olunması barədə rəy vermir. Onun (iddiaçının) vəziyyəti son dərəcə ağırdır və getdikcə daha da pisləşir. Qanun da onun avtomobillə təmin olunmasına imkan verir. Lakin cavabdehin vəzifəli şəxslərinin belə hərəkətləri onun hüquqlarını pozur. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiqlənmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnaməyə görə avtomobillər aşağıdakı hallarda verilir: (5.2.3.13) Baldırın güdülü, (5.2.3.14) Bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı, (52.3.15) Bud-çanaq və ya diz oynağının lalaması, (5.2.3.26) Onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əliylmələri, (5.2.3.27) Ankilozdıranspondiloartrir (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpan kontrakturası ilə. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin imtinası tamamilə əsassızdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 1, 2.2.2, 4, 33, 68, 73-cü maddələrini rəhbər tutaraq, İ qrup əlilliyi nəzərə alınaraq ona (iddiaçıya) əlillər üçün nəzərdə tutulan minik avtomobilinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 24 sentyabr 2019-cu il tarixli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “20 yanvar hadisələri ilə əlaqədar” səbəbləri ilə əlilliyi olan şəxslər, həmçinin müharibə əlili və onlara bərabər tutulan əlillər tibbi göstəriş olduğu halda minik avtomobili ilə təmin olunurlar. Əlilliyi olan şəxslərə pulsuz minik avtomobilinə tibbi göstəriş səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməklə müəyyən edilir. Tibbi-ekspert sənədlərindən məlum olur ki, İddiaçı 27 fevral 2015-ci il tarixdə AR Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onda olan “Yayılmış psoriaz. Asteno-nevrotik vəziyyət” xəstəliyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə qərar verilmişdir. İddiaçı 1 aprel 2015-ci il tarixdə 7 nömrəli TSEK tərəfindən “Mübadilə pozğunluğu. Poliartrit. Psoriaz” diaqnozu ilə təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə iki il müddətinə birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0082003AAB92 saylı göndərişi ilə avtomobilə tibbi göstərişin təyini məqsədilə 26 yanvar 2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müayinə olunmuşdur. Tibbi sənədlərdə göstərilən diaqnozlar və aparılan müayinələrin nəticəsi, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 5.2.3 bölməsinə müvafiq avtomobilə tibbi-göstərişin təyininə əsas vermədiyinə görə “avtomobilə tibbi göstəriş yoxdur” qərarı verilmişdir. İddiaçı hazırda “Digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi, bel oma fəqərələrinin osteoxandrozu kəskin kükcük ağrılarla. Şmorle düyünləri (yırtıqları), L4 – L5 fəqərələrarası disklərin anullyar qabarması, dayaq hərəkət funksiyasının pozulması. Psoriaz. Psoratik poliartrit. Ürəyin aterosklerotik xəstəliyi. Asteno nevratik vəziyyət. Qalça sümüyünün sınığı. Bitişmiş sınığı, bud sümüyünün medial yer dəyişməsi, sağ bud çanaq oynağının deformasiyaedici artrozu. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli” diaqnozlu xəstəliklərdən əziyyət çəkir. Göstərilən diaqnozlar Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 5.2.3 bölməsində göstərilən avtomobilə tibbi-göstərişin təyininə əsas verən xəstəliklərdən heç birinə uyğun gəlmir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2830/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə avtomobilə tibbi-göstərişin təyini məqsədilə İddiaçı yenidən müayinə edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə qərarının icrasını təmin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müayinəyə dəvət edilmiş və 22 may 2015-ci il tarixdə Xidmətdə müayinə olunmuşdur. Tibbi-ekspert sənədlərindən məlum olur ki, İddiaçı 27 fevral 2015-ci il tarixdə AR Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və onda olan “Yayılmış psoriaz. Asteno-nevrotik vəziyyət” xəstəliyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə qərar verilmişdir. İddiaçı 1 aprel 2015-ci il tarixdə 7 nömrəli TSEK tərəfindən “Mübadilə pozğunluğu. Poliartrit. Psoriaz” diaqnozu ilə təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəbi ilə iki il müddətinə birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 3 aprel 2017-ci il tarixdə onun birinci dərəcə əlilliyi Əsasnaməyə uyğun olaraq iştirakı olmadan “Əlillik altsistemi” tərəfindən müddətsiz uzadılmışdır. İddiaçı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0082003AAB92 saylı göndərişi ilə avtomobilə tibbi göstərişin təyini məqsədilə 26 yanvar 2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müayinə olunmuşdur. Tibbi sənədlərdə göstərilən “Digər şöbələrin fəqərəarası disklərin zədələnməsi, bel oma fəqərələrinin osteoxandrozu kəskin kökcük ağrılarla. Şmorle düyünləri (yırtıqları), L4 – L5 fəqərələrarası disklərin anullyar qabarması, dayaq hərəkət funksiyasının pozulması. Psoriaz. Psoratik poliartrit. Ürəyin aterosklerotik xəstəliyi. Asteno nevratik vəziyyət. Qalça sümüyünün sınığı. Bitişmiş sınığı, bud sümüyünün medial yer dəyişməsi, sağ bud çanaq oynağının deformasiyaedici artrozu. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, NSD qarışıq tipli” diaqnozu və aparılan müayinələrin nəticəsi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 5.2.3 bölməsinə müvafiq avtomobilə tibbi-göstərişin təyininə əsas vermədiyinə görə “avtomobilə tibbi göstəriş yoxdur” qərarı verilmişdir. Xəstə 22 may 2019-cu il tarixdə xəstə Xidmətdə əyani müayinə olunmuş və onun hazırkı vəziyyətinin dəqiqləşdirilməsi üçün qeydiyyatda olduğu AR Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalına göndərilmişdir. X3 şöbəsinin rəyi “Sağ bud çanaq oynağının rentgen müayinəsində deformasiyaedici artroz (postravmatik) əlamətləri müşahidə edilir” şəklində tərtib edilmişdir. Qeyd olunan diaqnoz (Postravmatik deformasiyaedici artroz) xəstənin müayinə səbəbi olan diaqnoz “Mübadilə pozğunluğu. Poliartrit. Psoriaz” diaqnozlar «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 5.2.3-cü bəndinə müvafiq avtomobilə tibbi-göstərişin təyininə əsas vermir. Belə ki, Əsasnamənin 5.2.3.14 bəndinə görə “bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı”, 5.2.3.15 bəndinə görə “bud-çanaq və ya diz oynağının laxlaması”, 5.2.3.16 bəndinə görə “budçanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda)” halları avtomobilə tibbi-göstərişin təyininə əsas verir. Lakin rentgen müayinəsinin nəticəsində bu hallardan heç biri təsdiqini tapmır. 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0082003AAB92 saylı göndərişində qeyd edilmiş “Digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi, bel oma fəqərələrinin osteoxondrozu kəskin kökcük ağrılarla. Şmorle düyünləri (yırtıqları), L4 – L5 fəqərələrarası disklərin anullyar qabarması, dayaq hərəkət funksiyasının pozulması” diaqnozu da avtomobilə tibbi göstərişin təyininə əsas vermir. Belə ki, Əsasnamənin 5.2.3.26 bəndinə görə “onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncüdördüncü dərəcəli əyilmələri” halları avtomobilə tibbi-göstərişin təyininə əsas verir. İddiaçı isə, “Digər şöbələrin fəqərəarası disklərinin zədələnməsi, bel oma fəqərələrinin osteoxondrozu kəskin kökcük ağrılarla. Şmorle düyünləri (yırtıqları), L4 – L5 fəqərələrarası disklərin anullyar qabarması, dayaq hərəkət funksiyasının pozulması” müəyyən olunsa da, onurğanın üçüncü – dördüncü dərəcəli əyilməsi müşahidə olunmur. Ekspertiza müayinəsinin nəticəsi barədə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə Xidmətin 11 iyun 2019-cu il tarixli **********3 saylı məktubu ilə məlumat verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X2 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X4, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya güzəştli avtomobilin verilməsinə dair tibbi-göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır: - xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı müayinə olunmaqla, onda hazırda müyyən olunan xəstəliklər AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 5.2.3-cü bölməsində nəzərdə tutulmuş xəstəliklərlə (hər hansı biri ilə) uyğun gəlirmi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin məhkəməyə ünvanlanmış 13 noyabr 2020-ci il tarixli məktubu ilə təqdim olunmuş həmin qurumun T-281/2020 saylı 29 oktyabr 2020-ci il tarixli ekspert rəyində aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı adına verilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 470 saylı TSEK-in 757 saylı müayinə aktına əsasən onda müəyyən edilmiş “mübadilə pozğunluğu, poliartrit, hər iki əlin daraq-falanqaarası falanqaları açan oynaqların, hər iki bud-çanaq oynaqlarının deformasiya edən artrozu, yayılmış psoriaz, ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, vertebrogen lyumboişialgiya, L4, L5 fəqərəarası diskin anullyar qabarması, asteno-nevrotik vəziyyət” diaqnozu ilə 1 aprel 2015-ci il tarixdən birinci (İ) qrup əlildir. İddiaçı Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 30 may 2018-ci il tarixdə müayinə edilərkən onun “bel-oma osteoxondrozu, spondilartroz, radikulyar ağrı sindromu” xəstəliyindən əziyyət çəkdiyi müəyyən olunmuşdur. Qeyd edilən xəstəlik onun dayaq-hərəkət sistemində ciddi fəsadlar yaratmadığından, AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 5.2.3-cü bəndində nəzərdə tutulmuş “onurğanın ayaq üztə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlilklər” qrupuna aid edilə bilməz. İnzibati işə 14 dekabr 2020-ci il tarixdə baxılmış və Bakı İnzibati Məhkəməsinin həmin tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-955/2021 saylı iş üzrə 6 aprel 2021-ci nil tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ilkin tələbi onun İ qrup əlil kimi hal-hazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomibilinin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması təşkil etmiş, daha sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona güzəştli avtomoblin verilməsinə dair tibbi-göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının hazırkı və ya dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciəti və cavabdeh inzibati orqan tərəfindən imtinaedici cavab məktubu iş materiallarında mövcud deyildir. Hazırkı iş üzrə iddiaçının cavabdeh inzibati orqana müraciəti və cavabdeh tərəfindən iddiaçıya cavab məktubunun ünvanlanması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçının dəqiqləşdirilmiş iddia tələbi ona güzəştli avtomobil verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olsa da, iddiaçı güzəştli avtomobil dedikdə nəyi nəzərdə tutduğu aydınlaşdırılmamışdır. İşin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 87.9-cu maddısinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan (göndərildikdən) sonra məhkəmə icraatında iddiaçı tərəf əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya avtomobil verilməsinə dair tibbi-göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. İPM-in 1.2-ci maddəsinə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi ilə İddiaçı olu məhkəməyə 25 iyul 2019-cu il tarixdə daxil olmuşdur və tərəflər arasında inzibati hüquq münasibətləri də həmin tarixdən əvvəlki dövrə təsadüf edir. Odur ki, məhkəmənin qənaətinə görə MPM-in 217.2-ci maddəsinin müddəalarına əsasən hazırkı inzibati mübahisəyə məhz həmin dövrdə qüvvədə olan maddi hüquq normarı baxımından qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı (NK-nın 13 may 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1-ci hissəsinin 1.1-ci bəndinə görə əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Həmin Əsasnamənin 5-ci “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər” hissəsinin (Əsasnamənin bu hissəsi NK-nın 7 iyun 2021-ci il tarixli 163 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.2.3-cü yarımbəndinə görə hərəkəti təmin edən vasitə kimi avtomobillər aşağıdakı hallarda verilir: - (5.2.3.1) ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); - (5.2.3.2) ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9); - (5.2.3.3) bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9); - (5.2.3.4) hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9); - (5.2.3.5) nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90, E83.0); - (5.2.3.6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; - (5.2.3.7) aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); - (5.2.3.8) aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3); - (5.2.3.9) hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0); - (5.2.3.10) hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1); - (5.2.3.11) hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6); - (5.2.3.12) hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); - (5.2.3.13) baldırın güdülü (S88, Z89.7); - (5.2.3.14) bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65-Q65.9, S73-S73.0); - (5.2.3.15) bud-çanaq və ya diz oynağının laxlaması (M23.5); - (5.2.3.16) bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6); - (5.2.3.17) diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6); - (5.2.3.18) topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6); - (5.2.3.19) hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5); - (5.2.3.20) bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3); - (5.2.3.21) budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; - (5.2.3.22) bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9); - (5.2.3.23) hər iki diz oynaqlarının endoprotezi (Z96.6); - (5.2.3.24) bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9); - (5.2.3.25) baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9); - (5.2.3.26) onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncüdördüncü dərəcəli əyilmələri; - (5.2.3.27) ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45); - (5.2.3.28) müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9); - (5.2.3.29) proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1). Məhkəmə vurğulayır ki, hazırkı iş üzrə tədqiq edilmiş T-281/2020 saylı 29 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə iddiaçının müayinəsi zamanı “bel-oma osteoxondrozu, spondilartroz, radikulyar ağrı sindromu” xəstəliyindən əziyyət çəkməsi və qeyd edilən xəstəliyin onun dayaqhərəkət sistemində ciddi fəsadlar yaratmadığı, eləcə də AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 5.2.3-cü bəndində nəzərdə tutulmuş “onurğanın ayaq üztə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlilklər” qrupuna aid edilmədiyi müəyyən olunur. Həmçinin nəzərə alımalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq 29 oktyabr 2020-ci il tarixli T-281/2020 saylı ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. Göründüyü kimi, müayinəsi zamanı İddiaçı sağlamlıq vəziyyətində müəyyən edilmiş hallar ona əlil kimi avtomobil verilməsinə dair tibbi-göstərişin verillməsi üzrə tərəflər arasında inzibati hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan qanunvericilik normalarında müəyyən edilmiş əsaslarla uzlaşmır. Yəni, xəstəliyi belə tibbi göstərişin verilməsi nəzərdə tutulan qrupa aid edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya avtomobil verilməsinə dair tibbi-göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya avtomobil verilməsinə dair tibbi-göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6395/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6395/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver