Məhkəmə qərarları › İş №2-1(112)-6396/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6396/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6396/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 1 ünvanda qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X8,) “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi, həmin əmlaka dair yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1999-cu il tarixli, 1102 nömrəli sərəncamla ona ayrılmış torpaq sahəsinə yenidən baxış keçirilərək həmin torpaq sahəsinə verilmiş şəhadətnamə və çıxarışın dəyişdirilərək, yenidən sənədləşmə aparılması və bütün həyatını qoyduğu mülkiyyətinə oğlu X6 verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan oğlunun adının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 1999-cu il tarixində Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən 1102 nömrəli sərəncamla ona ayrılmış torpaq sahəsinə aid olan bütün sənədlərin, şəhadətnamə, çıxarışların ləğv edilməsi haqqında qərar qəbul edilməsi, həmin sərəncam əsasında yenidən baxış keçirilərək, sənədləşmə aparılaraq, düzgün, sərəncamda göstərildiyi kimi tək onun adına paysız, şəriksiz, tam ona verilmiş 12 sot torpaq sahəsi göstərilərək çıxarış verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6139/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2177/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1544/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 87.9-cu maddəsinə tələblərinə uyğun şəkildə məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2177/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınaraq iddiaçıya hüquqi yardım məktubu göndərilmişdir. Sonuncu xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə yeni ərizə təqdim edərək ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair oğlu X4 mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə daha bir ərizə təqdim edərək ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair oğlu X4 mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi və həmin əmlak dair iddiaçının adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadına əsasən həmin ərizə icraata qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradıldığına görə cavabdehin adının dəyişdirilməsini nəzərə almışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndinin sonuncu abzasına əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında iddia tələbinə etiraz edərək və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab olaraq verilmiş **********65 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair X4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi bildirilmişdir. - Xİ-ЖГ N302770 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X5, anası İddiaçıdır. - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1102 nömrəli sərəncamının surətindən görünür ki, 3 saylı İstintaq Təcridxanasında işləyən, ailə tərkibi iki nəfərdən ibarət olan İddiaçı Şüvəlan qəsəbəsindəki İİİ 96/58 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncamda ailə üzvünün kimliyi barədə məlumat göstərilməmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-14475D, KOD- 00306016 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1102 saylı sərəncamı ilə Şüvəlan qəsəbəsindəki İİİ 96/58 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,105 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət olmaqla tərtib edilmiş və 12748 nömrə ilə kitabda qeydə alınmışdır. X1 İddiaçı ailə üzvü kimi göstərilmişdir. - Əzizbəyov RİHB-nın Şüvəlan qəsəbəsindəki nümayəndəsi tərəfindən tərtib və təsdiq edilərək verilmiş xx.xx.2004-cü il tarixli torpaq sahəsinin sxemi və baş planından çıxarışdan görünür ki, qəsəbə nümayəndəsi tərəfindən Şüvəlan qəsəbəsində İddiaçı ayrılan İİİ-96/58 saylı torpaq sahəsinin sxemi və baş planı tərtib edilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********08-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış ünvanı üzərində X4 hüquqları dövlət qeydiyyatına alınmışdır. Çıxarışda hüquq sahibi kimi İddiaçı həm torpaq sahəsi, həm də fərdi yaşayış evinə olan payı qeyd olunmuşdur. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında 0.105 ha torpaq sahəsi üzərində yerləşən 294.8 kv.metr sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına, xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. X2 da torpaq sahəsinə olan payı qeyd olunmuşdur. - X8 tərəfindən xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanan ərizənin təsdiq edilmiş surətindən görünür ki, X8 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Ş-96/58 saylı sahədə yerləşən 0.105 ha torpaq sahəsinin paylı olduğundan onun üzərində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respubikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 15 iyul 2022-ci il tarixli məktub əsasında Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1102 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı məhkəməyə təqdim edilmişdir. X4 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təqdim olunması barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məktuba Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-14475D, KOD-00306016 saylı şəhadətnamə, torpaq sahəsinin sərhədlərinin və istifadə vəziyyətinin yerdə (naturada) müəyyən edilməsinə dair xx.xx.2004-cü il tarixli Akt, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, X8 tərəfindən 0.105 ha torpaq səhəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına özəlləşdirlməsinə etiraz etmədiyinə dair ərizənin təsdiq olunmuş surəti əlavə olunmaqla məhkəməyə təqdim edilmişdir. İddiaçı verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-14475D, KOD-00306016 saylı şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə İddiaçı torpaq sahəsi ayrılması barədə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 1102 saylı sərəncamı göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1102 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı ilə Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, dalan 1, ev 14 ünvanında yaşayan 3 saylı İstintaq Təcridxanasında işləyən, 2 nəfər ailə tərkibindən ibarət olan İddiaçı Şüvəlan qəsəbəsində, İİİ 96/58 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair Əzizbəyov RİHB-nın Şüvəlan qəsəbəsindəki nümayəndəsi tərəfindən tərtib və təsdiq edilərək, xx.xx.2004-cü il tarixli torpaq sahəsinin sxemi verilmişdir. Həmin sərəncama və torpaq sahəsinin sxeminə istinad olunaraq xx.xx.2004-cü il tarixdə ailə üzvü kimi X8 göstərilməklə İddiaçı adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Əzizbəyov RİHB-nin adıçəkilən sərəncamı və DTXK tərəinfən iddiaçıya verilmiş şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı və onun oğlu X4 xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış və onlara bu barədə müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərək Əzizbəyov RİHB-nin sərəncamında ailə üzvü kimi oğlunun adı göstərilmədiyinə görə X4 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi xahiş edilsə də, sonuncu tərəfindən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi qeyd olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının onun adına Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.1999-cu il tarixli, 1102 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində oğlu İntiqam Hüseynovun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı bu barədə dövlət reyestrində qeydin aparılması üçün əsas olmuş sərəncamı və torpaq şəhadətnaməsini deyil, yalnız həmin sənədlərdən düzgün istifadə edilmədən oğlunun adına aparılmış qeydiyyatı və verilmiş çıxarışı mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Mövcud əmlak qanunvericiliyinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, həm torpaq sahəsi üzərində həm də onun üzərindəki fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd kimi Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1102 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı çıxış edir. Göründüyü kimi bəhs edilən sərəncamda iddiaçının 2 nəfər ailə tərkibinin kimlərdən ibarət olduğu qeyd edilməmişdir. Göründüyü kimi sadalanan hüquqmüəyyənedici sənədlərə istinad olunmaqla cavabdeh tərəfindən aparılan inzibati icraat çərçivəsində iddiaçının iradə ifadəsini özündə əks etdirən razılıq ərizəsi olmadan ünvan 5 ünvanında 0.105 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına xx.xx.2019-cu il tarixdə, **********008-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə rəsmiləşdirilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə tədqiq olunan sübutlarla yanaşı, həmçinin tərəflərin izahatlarından da müəyyən olunduğu kimi iddiaçının sözügedən Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1102 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamının iddiaçıya yaşlı anasına qulluq etməsini nəzərə alaraq imtiyazlı əsaslarla ayrıldığını əsaslı və inandırıcı hal hesab edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilən X4 adına aparılan qeydin onun hüquqlarının pozulması halı kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə aparılan inzibati icraat çərçivəsində, eləcə də məhkəmə araşdırması dövründə mübahisəli daşınmaz əmlak üzərində iş üzrə üçüncü şəxsin hüquqlarının qeydiyyata alınması və ona çıxarış verilməsi ilə bağlı sübutlar məhkəmə araşdırması zamanı təqdim edilmədiyindən, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair X6 verilmiş çıxarışın ləğv edilməsi və sözügedən əmlaka dair iddiaçının adına reyestrdən yeni çıxarışın verilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair X4 mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi və həmin əmlaka dair İddiaçı adına yeni çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar