Məhkəmə qərarları › İş №2-1(112)-64/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-64/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-64/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus 40 kv.m sahəsi olan 23 illik tikilinin sökülməsinə görə dəymiş zərərin müəyyənləşdirilmiş dəyəri olan 81.500 (səksən bir min beş yüz) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Badamdar qəsəbəsində yerləşən və iddiaçıya məxsus olan, 1996-cı ildən fəaliyyət göstərən, "xxxx" şirkətinin ümumi sahəsi 40 (qırx) kv.m. olan qeyri yaşayış sahəsi xx.xx.2019-cu il tarixində qanunsuz olaraq Səbail RİH və onun Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən sökülmüş, içərisindəki əşyalar isə yararsız hala salınmışdır. Bütün bu hadisələr kompensasiya ödənilməyəcəyi halda, iddiaçı tərəfindən məhkəməyə və zərərçəkmiş kimi istintaqa-hüquq müdafiə orqanlarına təqdim edilməsi üçün videoçəkilişlə sənədləşdirilmişdir. Həmin obyektin bazar qiymətinin ekspert rəyinə əsasən 81500 (səksən bir min beş yüz ) manat olduğu barədə audit rəyi vardır. Bundan başqa qanunsuz tikili zənn edib sökülməsinin qarşısını almaqdan ötrü obyekt olan tikilinin divarlarına “məhkəmə qərarı olmadan obyektə hər hansı müdaxilə edilərsə və içərisindəki əşyalara ziyan dəyərsə qanunvericilik üzrə məsuliyyət daşıyırsız” kimi A4 formatında yazılar yapışdırmılmasına və həmin obyektin sənədlərinin olmasına baxmayaraq, heç bir kompensasiya ödənilmədən, guya həyətlərdə abadlıq aparması adı altında sökülmüşdür... İddiaçı əmlakının dağıdılması və ona vurulan ziyanla bağlı 04 noyabr 2019-cu ildə Cavabdeh daxil olmaqla, müxtəlif dövlət qurumlarına yazılı müraciət etsə də cavab verilməmişdir. İddiaçı qeyd edir ki, ona məxsus əmlak özbaşına tikili deyildir. Hətta özbaşına tikilinin belə dəyəri ödənilməklə söküldüyü halda, qanunla ayrılmış torpaq sahəsində inşa edilmiş əmlakın qanunsuz sökülməsinə görə bu günə qədər heç bir vəsait ödənilməmiş, yaxud onun yerinə digər uyğun tikili ona verilməmişdir. Sökülən obyektin qanunla ayrılmış ərazidə inşa edilmişdir. Əmlakdan ancaq məhkəmə qaydasında, tam kompensasiya ödənilməklə məhrum edilmək olar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2353/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-512/2022 saylı qərardadında bildirilmişdir ki, göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin məhkəmə icraatını o əsasla mümkün sayılmamışdır ki, İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdehə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı hazırkı iddia tələbində göstərilən məsələ ilə əlaqədar məhkəməyə qədər bir sıra dövlət orqanlarına, o cümlədən Bakı şəhəri Cavabdehnə və Səbail rayon İHB-nin Badamdar qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinə ünvanladığı ərizəsinin surətini və həmin ərizənin göndərilməsinə dair qəbzləri məhkəməyə təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin sənədlər araşdırılmamış, onlara heç bir münasibət bildirilməmişdir. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Sonradan İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus 40 kv.m. sahəsi olan 23 illik tikilinin sökülməsinə görə dəyən zərərin müəyyənləşdirilmiş dəyəri olan 85000 manat vəsaitin Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətindən tutularaq ona ödənilməsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazda) bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı qeyri-yaşayış sahəsinə dair kompensasiya ödənilməsi barədə yuxarı instansiyalara, o cümlədən Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən özünə məxsus olan 1996-cı ildən fəaliyyət göstərən "xxxx" şirkətini ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi 2019-cu il tarixində Səbail RİH başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən söküldüyünü və bununla bağlı kompensasiya ödənilməsini bildirmişdir. Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş ticarət obyektinin sökülməsi ilə bağlı məktub aidiyyəti üzrə araşdırılması və nəticəsi barədə 3 gün müddətində RİH-ə məlumat verilməsi məqsədilə Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə göndərilmişdir. Məktuba cavab olaraq bildirilmişdir ki, “Abad Həyət” layihəsi çərçivəsində Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 1 ünvanında RİH tərəfindən aparılan abadlıq işləri çərçivəsində sözügedən çoxmənzilli yaşayış binasında yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş sahədə yerləşən, faktiki olaraq uzun illər istifadə edilməyən qarajlar sökülmüşdür. Hazırda sözügedən ünvanda bina sakinlərinin istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təsdiq edilmiş layihə əsasında RİH tərəfindən yenidənqurma və təmir işləri görülmüşdür. Bu barədə vətəndaş İddiaçı məktubla məlumat verilmişdir. Qeyd edilir ki, həmin ərazidə yerləşən qarajların sənədləri dəfələrlə tələb edilmiş, lakin RİH-ə təqdim olunmamış və sakinlərin çoxsaylı müraciətləri əsasında sənədsiz qarajlar sökülmüşdür. Sonradan həmin ərazi “Abad Həyət” layihəsi əsasında RİH tərəfindən abadlaşdırılmışdır. İddiaçı RİH-ə ərizə ilə təqdim etdiyi sənədlər araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin yanında “İSTİ-SU" X12nə məxsus ticarət köşkünün tikintisi barədə” Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin 1-ci bəndindən (Sərəncamın təsdiq edilmiş arxiv çıxarışı təqdim edilməmişdir) görünür ki, "xxxx" MKM-in istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilməsi, Sərəncamın 2-ci bəndində köşkün layihə sənədlərinin hazırlanması “İSTİ-SU" MKM-in vəsaiti hesabına rayonun LOBna tapşırılması və 3-cü bənddə isə sərəncamın surətinin nəzarət üçün rayon Polis idarəsinə, LOB-a və RİH başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyinə göndərilməsi qeyd edilmişdir. Sözügedən Sərəncamın kserosurətiin 2-ci bəndindən göründüyü kimi, köşkün layihə sənədlərinin hazırlanması "xxxx" MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılmışdır. Badamdar qəsəbəsi, Badamdar küçəsi 1 nömrəli evin qarşısında tikintisinə icazə verilmiş köşkün təsdiq edilmiş layihə sənədləri Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə təqdim olunmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyəti Hüquqlarının Qeydiyyatı idarəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışı Cavabdehnə və Cavabdeh başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunması barədə də RİH-də məlumat yoxdur. xx.xx.1997-ci il tarixdə tərtib olunmuş qeyri-yaşayış fonduna daxil olan Dövlət binalarının və özəl obyektlərin Texniki Paspotunun kserosurətindən görünür ki, sənəd Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin arayışlar üçün möhürü ilə təsdiq edilmiş və tikintisinə icazə verilən köşkün tikinti sahəsi 24,0 kv.m. əvəzinə 40,0 kv.m. göstərilmişdir. 30 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixli Qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının qarşısında: ünvan 3 ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.m. olan qeyri-yaşayış sahəsinin real bazar dəyəri nə qədər təşkil edir sualı qoyulmuşdur. Qeyd olunanları nəzərə alaraq "Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin yanında "xxxx" X12nə məxsus ticarət köşkünün tikintisi barədə” Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamına müvafiq olaraq “İSTİ-SU" X8 təsdiq edilmiş Nizamnamə və ya Əsasnaməsi təqdim olunmalıdır. Köşkün layihə sənədlərinin hazırlanması "İSTİ-SU” MKM-in vəsaiti hesabına rayonun LOB-na tapşırılması nəzərdə tutulan layihə sənədləri təqdim olunmalıdır. "xxxx" kiçik müəssisəsinin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.m. olan qeyriyaşayış sahəsi ilə bağlı müəssisənin nizamnamə və ya əsasnaməsi, qeyri-yaşayış sahəsinin Texniki pasportu təqdim olunmalıdır. Eyni zamanda tikinti, ümumi faydalı və əsas sahələrin kv.m. artırılması ilə bağlı hüquqi sənədlər təqdim olunmalıdır. "xxxx" MKMin istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamının kserosurətinin arxiv çıxarışı və ona əlavə edilmiş sənədlər, eyni zamanda Əmlakın qiymətləndirilməsi barədə Ekspert Rəyində qeyd edilmiş Badamdar qəsəbəsi üzrə nümayəndəsinin təsdiq edilmiş eskizi, həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və ona əlavə edilmiş Texniki pasportu təqdim olunmalıdır. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (hazırda sökülmüş) üzrə tədqiqat məlumatları internet saytlarından əldə olunmuş məlumatlara əsasən aparılmışdır. Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin qarşısında /4,0 x 6,0/ ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş Cavabdeh başçısının 22 aprel 1994-cü il tarixli, 1282 saylı Sərəncamına, köşkün layihə sənədlərinə, planlı yerləşməsinə (quruluşu), tikililərin sayı və digər texniki parametrləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və ona əlavə edilmiş Texniki pasportun göstəricilərinə uyğun olaraq müəyyən edilməlidir. Eləcə də köşkün sökülməsi ilə bağlı iddiaçıya zərərin vurulubvurulmamasının müəyyən edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tərkibində X5 Agentliyinin mütəxəssis rəyi təqdim edildikdən sonra məlum ola bilər. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 166.3, 180.3, 238.1, 240.1, 240.2, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 Xanlar qızı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə isə məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.1993-cü il tarixli təsis müqaviləsinin surətindən görünür ki, daha sonra təsisçilər adlanacaq X6, X10 və X13 xx.xx.1993-cü il tarixli yığıncağın 1 nömrəli protokoluna əsasən hərəkət edərək "xxxx" X8 yaratmağı qərara almışlar. -Təsərrüfat suyektinin dövlət qeydiyyatı haqqında xx.xx.1993-cü il tarixli, 3148 nömrəli şəhadətnamənin surətindən görünür ki, "xxxx" X12 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən kənd qeyidyyata alınmışdır. Əsas fəaliyyət növü təsərrüfatı və xalq istehlakı mallarının istehsalı, kommersiya, avtoservis, vasitəçilik, alqı-satqı və s. xidmətlərdir. -xx.xx.2011-ci il tarixli "xxxx" X3 payın bağışlama müqaviləsindən görünür ki, X11 müəssisədəki özünə məxsus olan 25% payını İddiaçı bağışlamış, sonuncu payı qəbul etmişdir. -X13, X7 tərəfindən ayrı-ayrılıqda verilmiş 20 aprel 2011-ci il tarixli notarial qaydada təsdiq edilən ərizələrdən görünür ki, qeyd olunan şəxslər "xxxx" X8 təsisçisi X4 adı çəkilən nizamnamə kapitalındakı onlara məxsus payın bağışlanmasına, yaxud satılmasına etiraz etməmişlər. -"xxxx" X8 təsisçiləri X6, İddiaçı, X9 iştirakları ilə qəbul edilmiş 03 may 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1993-cü il tarixində qeydiyyata alınmış və 3148 saylı qeydiyyat şəhadətnaməsi verilmiş "xxxx" X8 təşkilati-hüquqi formasını və adını dəyişdirərək Azərbaycan Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq, yenidən təşkilin çevrilmə formasında onun bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması və nizamnaməsinin təsdiq edilməsi (1.1.), "xxxx" MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1993cü il tarixində qeydiyyata alınmışvə 3148 saylı qeydiyyat şəhadətnaməsi verilmiş "xxxx" X8 hüquqi varisi hesab edilməsi (2.), AR Mülki Məcəlləsinin 56-cı və 57-ci maddələrinə uyğun olaraq "xxxx" MKM-in bütün hüquqlarının və öhdəliklərinin onun hüquqi varisi olan "xxxx" MMC-yə verilməsi haqqında akt tərtib edilməsi və təsdiq edilməsi (5.), Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X2 təyin edilməsi (7.) qərara alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" X12 xx.xx.1993-cü il tarixdə 3148 nömrə ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2011-ci il tarixdə yenidən təşkil olunaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmiş, "xxxx"MMC "xxxx" X8 hüquqi varisi hesab olunmuş, Cəmiyyətin ümumi yığıncağının qərarı ilə hüquqi şəxs xx.xx.2014-cü il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Məktubda həmçinin, hüquqi şəxsin təsviyəçisinin (eyni zamanda qanuni təmsilçisi) X6 olduğu bildirilmiş və hüquqi şəxsin təsis sənədləri, o cümlədən ləğvinə dair sənədlər təqdim edilmişdir. -Məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin ləğv edilməsi, X2 təsviyəçi təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi müəyyən edilmişdir. -Məktuba əlavə edilmiş "xxxx" MMC-nin Təsviyəçisinin cəmiyyətin qalıq əmlakının bölünməsi (istifadə edilməsi) planını əks etdirən xx.xx.2014-cü il tarixli Hesabatından görünür ki, "xxxx" MMC-nin təsviyəçisi X6 Cəmiyyətin qalıq əmlakının ünvan 4 ünvanda yerləşən 40 kv.metr qeyri-yaşayış binasından (müəssisəyə məxsus tikili binanın həyətindədir) ibarət olmasını təsdiq etmişdir. -"xxxx" MMC-nin təsisçisinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, X6 Cəmiyyətin qalıq əmlaklarının bölünməsi (istifadə edilməsi) planını əks etdirən xx.xx.2014cü il tarixli hesabatı və xx.xx.2014-cü il tarixli ləğvetmə balansını təsdiq edərək xx.xx.2014cü il tarixli hesabatda göstərilən əmlakı təhvil götürmüşdür. -Bakı şəhəri Vergilər Departamenti Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2014-cü il tarixli **********89 nömrəli bildirişindən görünür ki, xx.xx.1993-cü il tarixdə 3148 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2014-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 13 iyul 2023-cü il tarixli məktubdan görünür ki, X2 08 avqust 2015-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsinin müəyyən edildiyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən İddiaçı miras qoyanın vərəsəsidir. -Cavabdeh başçısının 1282 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamınının surətindən görünür ki, "xxxx" MKM-in istehsal etdiyi mallarının satışını təşkil etmək məqsədi ilə Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında 4,0 x 6,0 metr ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmişdir. -Müvafiq sorğu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Səbail RİH-in arxiv fondu üzrə xx.xx.1994-cü il tarixli, 1282 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, Səbail RİHB-nin Səbail qəsəbəsi üzrə nümayəndəsi tərəfindən qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan sahənin 4m x 6m ölçüdə sxemi tərtib edilərək təsdiq edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli sorğuya cavab məktubunda ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmiş və sözügedən qeyri-yaşayış sahəsinin texniki pasportunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən Səbail rayon İH başçısının 1282 saylı 22 aprel 1994-cü il tarixli Sərəncamına əsasən tərtib edilmiş 02 yanvar 1997-ci il tarixli “Qeyriyaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, "xxxx" KM-ə məxsus ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 1995-ci ildə tikilmiş, 1 mərtəbəli, tikinti sahəsi 40,0 kv.m, ümumi faydalı sahə 29,4 kv.metrdən, əsas sahələr 29,4 kv.metrdən ibarətdir. -"xxxx" Audit MMC tərəfindən tərtib edilmiş audit rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın bazar dəyəri 81.500 müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ünvan 6 ünvanda yerləşən "xxxx" KM-nin təsisçisi İddiaçı məxsus olan (hazırda sökülmüş) ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin real bazar qiymətinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/6403 №li ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 40 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 85000 manat (40 x 2125) məbləğində müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.10-cu maddəsinə əsasən, ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İstinad olunan Məcəllənin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri sayılır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məccəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə yuxarıda istinad olunan normalara əsasən hesab edir ki, iddiaçının ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması onun cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürmək hüququnu aradan qaldırmır. Belə ki, işin faktiki hallarından görünür ki, Səbail RİHB-nin xx.xx.1994-cü il tarixli, 1282 saylı sərəncamı ilə "xxxx" MKM-ə Bakı şəhəri, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, 1 nömrəli evin qarşısında 4,0 x 6,0 metr ölçüdə ticarət köşkünün tikintisinə icazə verilmiş, qeyri-yaşayış sahəsinin qeyd olunan ölçülərə uyğun sxemi təsdiq edilmiş və həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə obyektin texniki pasportu tərtib edilmişdir. Texniki pasportda obyektin tikinti sahəsi 40 kv.m, ümumi faydalı sahəsi (və əsas sahələr) 29,4 kv.m göstərilmişdir. Sonradan "xxxx" MKM-in hüquqi varisi olan "xxxx" MMC Cəmiyyətin ümumi yığıncağının qərarı ilə xx.xx.2014-cü il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış və ünvan 4 ünvanda yerləşən 40 kv.metr qeyri-yaşayış binası hüquqi şəxsin qalıq əmlakının bölünməsi planına uyğun olaraq Cəmiyyətin qanuni təmsilçisinə (Xanlar Abduləzimova) təhvil verilmişdir. Qeyd olunan daşınmaz əmlak 2019-cu ildə Cavabdeh tərəfindən “Abad Həyət” layihəsi çərçivəsində aparılan abadlıq işləri zamanı sökülmüş və iddiaçıya kompensasiya ödənilməmişdir. İddiaçı xx.xx.2015-ci ildə vəfat etmiş Xanlar Abduləzimovun vərəsəsi kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən bəhsolunan tikiliyə dair verilmiş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportuna istinad edərək daşınmaz əmlakın qanunsuz olaraq sökülməsi nəticəsində 85000 manat məbləğində dəymiş zərərin ödənilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Səbail RİHB-nin 1994-cü il tarixli sərəncamında 4m x 6 m (24 metr) qeyri-yaşayış sahəsinin tikintisinə icazə verildiyi və həmin sərəncam əsasında tikilinin sxeminin eyni ölçülərlə təsdiq edildiyi müəyyən edildiyindən iddia tələbi sözügedən obyektin 24 kv.metr sahəsinə görə kompensasiya ödənilməsi hissəsində əsaslıdır və ekspert rəyinə uyğun olaraq qeyri-yaşayış sahəsinin hər kv.metrinə görə bazar qiyməti 2125 manatdan hesablanmaqla iddiaçıya 51.000 manat (24 kv.m x 2125 manat) kompensasiya verilməsi məqsədəuyğundur. İddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iş üzrə sübutetmə yükünü daşıyan tərəf kimi mübahisəli qeyri-yaşayış sahəsinin 16 kv.metr hissəsinin qanuni istifadəsində olmasına dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş “Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin” texniki pasportu qeyri-yaşayış sahəsinin faktiki vəziyyətini əks etdirən sənəddir və əmlaka dair hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, həmin texniki pasport Səbail RİH-in xx.xx.1994-cü il tarixli, 1282 saylı sərəncamına əsasən tərtib edilsə də, qeyri-yaşayış binasının sahəsi 40 kv.metr göstərilmişdir. Halbuki, rayon icra hakimiyyətinin adıçəkilən sərəncamında "xxxx" MKM-ə 4,0m x 6,0 m sahəli ticarət köşkünün tikintisinə icazə verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar küçəsi, 1 nömrəli evin yanında inşa edilmiş qeyri-yaşayış binasının 24 kv.metr hissəsinin sökülməsinə görə İddiaçı 51.000 manat məbləğində dəymiş zərərin ödənilməsi cavabdeh Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia tələbi sökülmüş qeyri-yaşayış binasının 16 kv.metrinə dair hissəsinə münasibətdə təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 6 ünvanda mövcud olmuş qeyri-yaşayış binasının 24 kv.metr hissəsinin sökülməsinə görə İddiaçı 51.000 manat məbləğində kompensasiya ödənilməsi cavabdeh Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar