Məhkəmə qərarları › İş №2-1(112)-640/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-640/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-640/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2022-ci il tarixi ilə ona təqdim etdiyi əlillik təyin edilməsindən imtinaya dair cavab məktubunun əsassız hesab edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinin tələblərinə uyğun olaraq ona münasibətdə müddətsiz, ikinci qrup əlilliyin müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-1997-ci illərdə zabit kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı bölüyündə tağım komandiri vəzifəsində xidmət etmişdir. Xidmət dövründə (1997-ci ildə) ağır xəsarət aldığından əmək qabiliyyətini itirmiş və 2008-ci ildə ona xəstəlik haqqında diaqnoz qoyulmuşdur. Diaqnoz: sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınğı. Hər iki diz oynağının kontrakturağı, ağrı sindromu ilə. Baldır sümüklərinin çoxqəlpəli sınığından sonrakı defekti. Sol bud sümüyünün aşağı 1/3-nün xandroması. ÜİX stabil gərginlik stenokardiyası İİİ Hipertoniya xəstəliyi İİİ mərhələ. Qan dövranı çatmamazlığı İİ mərhələ. Şəkərli diabet İİ tip. Torlu qişanın anqjopatiyası təşviş pozulması. Poliklinikanın ona verdiyi məlumata görə, müayinənin nəticələri Forma 88 deyilən formatda tələb edilən yerə göndərilmişdir. Lakin, bir neçə gündən sonra yenə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, guya sənədlər tam deyil, o, əlavə müayinədən keçərək tələb edilən digər sənədləri də, təqdim edilməsini təmin etməlidir. O, nazirliyin bu tələbini də, yerinə yetirərək, əlavə tələb edilən bütün müayinələri keçərək, müayinənin nəticələrinə dair sənədlərin nazirliyə göndərilməsini təmin etmişdir. Bundan sonra, təqribən 2 ay gözləməli olmuşdur. Cavab gəlməmişdir. Maraqlanan zaman yenə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, müayinədən keçərək, nazirliyə göndərilməsini təmin etdiyi sənədlər heç nədir. Belə ki, o, əlavə olaraq onların dediyi yerdə komissiyadan keçməlidir. 2021-ci ilin avqust ayında o, qeyd edilən komissiyaya gəlmiş və müayinədən keçmişdir. Komissiyadan müayinədən keçdikdən sonra yenə gözləməli olmuşdur. Əlilliyə görə aldığı pensiya kəsildiyindən və başqa gəlir yeri olmadığından çoxlu sayda müraciətlərindən sonra, 24 dekabr 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” cavabını almışdır. Həmin diaqnozla uzun illərdir ki, ikinci qrup hərbi əlildir və əmək qabiliyyəti yoxdur. O, bu 1 il 2022-ci ildə təzədən ürəkdən “Kardeologiya İnstitu”ndan, sol ayağından Respublika Ankologiya Mərkəzindən, sağ ayağından “Travmatologiya İnstitu”ndan, əsəbdən Montində yerləşən “Ruhi dispanserdən” xəstəlik haqqında arayışlar vermiş və ağır şəkər və təzyiq xəstəsidir. O, Hərbi Həkim Komissiyasında xx.xx.2022-ci ildə olmuşdur. xx.xx.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Diaqnoz əlillik əlaməti təyin etmir’’ cavabını almışdır. Hesab edir ki, əlillik dərəcəsinin müəyyən edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtina cavabı tamamilə əsassızdır. İşin halları ondan ibarətdir ki, o, rəsmi qaydada 2008-ci ildən ikinci qrup əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci ilin iyun ayında təkrar müayinədən keçməsini tələb edərkən fasiləsiz əlillik müddəti 14 il təşkil edirdi ki, bu da, əlilliyin müddətsiz təyin edilməsinə əsaslar yaratmışdır. Nazirlik Əsasnamənin yuxarıda göstərdiyi tələblərini yerinə yetirmək əvəzinə, ondan təkrar müayinə tələb etmiş, müayinə zamanı əvvəllər əlillik təyin edilən zaman aşkar edilmiş tibbi diaqnozları daha ağır formada təsdiqini tapsa da, “Diaqnoz əlillik əlaməti təyin etmir” kimi anlaşılmayan imtina cavabı verilmişdir. Odur ki, yuxarıda göstərdiyi halları və hüquqi əsasları nəzərə alaraq, onun iddia tələbi təmin edilməlidir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ikinci dərəcə “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçının sağlamlıq vəziyyətini əks etdirən sənədlər iş materiallarına əlavə edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb kimi diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-4/2-5242/2023 nömrəli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə və iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2008xx.xx.2009, xx.xx.2010-xx.xx.2011, xx.xx.2012-xx.xx.2013, xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016, xx.xx.2016-xx.xx.2021-ci illərdə ikinci dərəcə əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdehin ekspert komissiyasının 28 noyabr 2022-ci il tarixli **********2 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da 0074003AACMD nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin QÖ0029172MJN nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 19 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ diz oynağının travmadan sonrakı kontrakturası. Baldır sümüklərinin cox qəlpəli sınığından sonrakı defekti. osteomielitlə fəsadlaşma" diaqnozlu travmanm səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki aşağı ətraflarda olan ağrıdan, sol ayağında ekzostozdan şikayət etmişdir. Xəstə müayinə zamanı konflikt yaratmış, hədə-qorxu gəlmiş, komissiya üzvlərinə qarşı kobudluq etmişdir Baxış zamanı aşağı ətraflarında atrofıya, parez aşkar edilməmiş, sümük tamlığı pozulmamış, hərəkətlər tam həcmdə olmuşdur. Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Aşağı ətrafın uzun sümüklərinin xoş xassəli yenitörəməsi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2022ci ii tarixli **********/697/3777 nömrəli arayışında qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun S-vari hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, səqmentər divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF- 59%) Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Penkard təmizdir? kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

10. Məhkəmənin 2-1(112)-4899/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş X00097564GFG nömrəli Forma 88-də göstərilən diaqnozda öz əksini tapan xəstəliklər iddiaçıda mövcuddurmu? 2. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı müşaiyət olunan xəstəliklər X00097564GFG nömrəli Forma 88-də göstərilən diaqnozla tam əhatə olunurmu? 3. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı əyani müayinə olunmaqla onda müşayiət olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-da göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?. Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən 5062 nömrəli xx.xx.2023-cü il tarixli məktubla T785/2023 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə (məhkəmə tibbi eksperti – X2 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X3 tərəfindən tərtib edilmiş) əsasən, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş X00097564GFG nömrəli Forma 088 saylı göndərişində qeyd edilən “Qamış sümüyü cisminin (diafizinin) sınığı. İnsulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet vtip İİ” diaqnoz hazırda da, əyani müayinədə əlillik təyini səviyyəsində deyildir. Buna görə də, əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

21. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, ikinci dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda.

22. Göstərilən maddi hüquq normasında əlilliyin müddətsiz verilməsi halları qeyd edilir və iddiaçı məhz qanunda göstərdiyi ikinci hala, yəni ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 il təyin olunduğuna istinad edərək əlilliyin müayinə keçmədən müddətsiz təyin edilməsini tələb edir.

23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normasının tələbləri baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

24. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi Əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır.

25. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmalı olduğunu bildirir.

26. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. İddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdən mütəmadi olaraq əlillik dərəcəsinin təyin olunması ilə bağl müraciət etsə də, sonuncu dəfə müraciətinin təmin edilməsindən “Diaqnoz əlillik əlaməti” təyin etmir əsası ilə imtina edilmişdir. Məhkəmə tərəfindən imtinanın əsaslarının hər tərəfli araşdırılması məqsədilə məhkəmə tibbi-ekspertizası təyin edilmiş, tibbi-ekspertizanın nəticəsi olaraq təqdim edilmiş ekspert rəyində də, bir daha iddiaçı əyani müayinə olunaraq onda müşaiyət olunan xəstəliklərlə bağlı diaqnozun əlillik təyini səviyyəsində olmaması öz təsdiqini tapmışdır.

27. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hazırki iddianı əsaslı hesab etmir.

28. Məhkəmə eləcə də, qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh iddiaçıya müddətsiz əlillik təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

29. Qeyd olunan mübahisə ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-912/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı).

30. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

31. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

32. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

33. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

35. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

36. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

38. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

41. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

42. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar