Məhkəmə qərarları › İş №2-1(112)-6401/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6401/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6401/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı Bədəlbəyli Aytən Bədəl qızının iştirakı ilə, İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işlə təmin edilmə, kompensasiyanın ödənilməsi və s.” tələbinə dair mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Exploration Xəzər LTD Şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, BP (British Petroleum) və ARDNŞ-nın (SOCAR) Birgə layihəsində kadr hazırlığı üzrə iş təcrübəsi, X1 üzrə (X6ması üzrə) keçdikləri sahə üzrə onu və qardaşını və ya onların qruplarının hamısını BP (British Petroleum-Britania Petrolu) Şirkətinə, memorondom və birgə sazişlərinə əsasən işlə təmin etməyi və ya SOCAR-da (ARDNŞ) işlə təmin olunması, ona təqdim etdiyi Ədliyyə Nazirliyinin (2016-cı ildə təqdim etdiyi) və son şəxsiyyət vəsiqəsindəki kimi X5 adı ilə də sertifikat verilməsi barədə və bununla yanaşı bütün layihə iştirakçılarına, layihəni uğurla başa vursalar da verilməyən, amma vəd olunmuş ikinci sertifikatın da verilməsi barədə, bütün iş təcrübələrini esosial.az və ya elektron hökumət portalına vurulmasının cavabdehlərin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə, ARDNŞ-nın idarəsi üçün “Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis” vakansiyasının müsahibə mərhələsini kamera çəkilişi ilə yenidən keçirilməsi, qanunların tələb və qaydalarının yaxşı tərəflərinin ona və bütün qrupa təyin olunması haqqında və bu zamana kimi 4 il məcbur işsiz buraxıldıqları üçün işsizlik, əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın işi vəd verən sifarişçi BP Şirkətindən və SOCAR-dan müştərək qaydada tutaraq ona və digər qrup iştirakçılarına ödənilməsi barədə və iddia tələbindəki bəndlərin hər birinin cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 02 iyun 2021-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında təmsil olunmamışlar, məhkəmə cavabdeh tərəfin iştirakı olmadan iddianın mümkünlük məsələsini araşdırmağı mümkün hesab etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının tələbləri cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Exploration Xəzər LTD Şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəlməklə aşağıdakılardan ibarətdir: - BP Şirkətində və SOCAR (ARDNŞ)-da işlə təmin edilmə; - son şəxsiyyət vəsiqəsindəki adıyla sertifikatın verilməsi, ikinci sertifikatın verilməsi; - iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunması; -müsahibə mərhələsinin kamera çəkilişi ilə yenidən keçirilməsi; -məcbur işsiz buraxıldığı üçün kompensasiyanın işi vəd edən BP Şirkətindən və SOCAR-dan müştərək qaydada tutularaq ödənilməsi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri) Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin yönəldiyi cavabdehlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan və ya Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs kimi nəzərdə tutulmamışdır. Qeyd edilən qurumlar inzibati məhkəmə icraatında cavabdeh qismində çıxış edə biləcək subyekt ola bilmədiklərindən onlara qarşı tələblərlə bağlı (işlə təmin edilmə, serrtifikatın verilməsi, iş təcrübələrinin əmək kitabçası və ya e-sosial.az və ya elektron hökumət portalında sistemə vurulması, müsahibənin keçirilməsi, məcburən işsiz buraxıldığı üçün kompensasiyanın ödənilməsi) mübahisələr də inzibati mübahisə hesab edilə bilməz. Qeyd edilən tələblər mülki xarakterli olmaqla inzibati məhkəmə icraatının predmetinə aid deyildir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının eyni cavabdehlər Dövlət Neft Şirkəti (SOCAR) və BP Exploration Xəzər LTD Şirkətinə qarşı eyni tələblə bağlı iddiası əvvəllər də məhkəmə icraatının predmeti olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(112)-6576/2020 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdehlər X3 Şirkəti (Caspian Sea) LTD, Azərbaycan Dövlət Neft Şirkətinə qarşı “işlə təmin edilmə, yenidən müsahibə keçirilmə, iş təcrübələrinin iş stajı kimi əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında vurulması, kompensasiyanın ödənilməsi və s.” barədə tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadla məhkəmə iddianın mümkün sayılmaması əsası kimi hesab etmişdir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan hüquqi şəxslər cavabdehlər kimi seçilərək onlara qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd). Göründüyü kimi iddiaçının eyni tələblə bağlı eyni cavabdehlərə (BP və SOCAR) qarşı iddiası inzibati məhkəmədə baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının inzibati orqan olmayan hüquqi şəxslərə qarşı iddiası ilə bağlı mübahisəyə inzibati məhkəmə icraatında baxılmasının mümkünsüzlüyü nəticəsi ilə yanaşı izah edir ki, iddiaçının hüquqi şəxslərə yönəlmiş tələblər ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. İddiaçının cavabdeh qismində qoyduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ona qarşı yönəlmiş tələbə gəlincə isə məhkəmə hesab edir ki, adıçəkilən nazirlik statusca inzibati orqan olsa da ona qarşı yönəlmiş hazırki tələb üzrə qanunla cavabdehliyi müəyyən olunmamışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərar, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırki işdən görünür ki, iddiaçı SOCAR-ın Qaz emalı zavodunda və Neft emalı zavodunda keçdiyi 1 illik iş təcrübələrinin, eləcə də iddia ərizəsinə əlavə etdiyi əmək müqavilələri üzrə son iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələb irəli sürmüşdür. Əmək Məcəlləsinin 5-1-ci bəndinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə əsasən işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. -4.1-ci bəndinə əsasən “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən barəsində məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilir. İşçinin əmək fəaliyyəti haqqında müvafiq qeydlərin də (işə qəbul, işdən çıxma və s.) əmək kitabçasına, elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işçi ilə əmək müqaviləsi bağlamış işəgötürənin səlahiyyətinə aiddir. Hazırki iş üzrə iddiaçı iş təcrübələrinin əmək kitabçası, e-sosial.az və ya elektron hökumət portalında qeyd olunması tələblərini bilavasitə işləmiş olduğu müəssisə və ya qurumdan tələb etməli olduğu halda qeyd olunan məsələ ilə bağlı tələbini qanunla üzərinə hər hansı vəzifə qoyulmamış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəltmişdir. İddiaçının məcburi işsiz buraxıldığı üçün işsizlik haqqında və əməyin təhlükəsizliyi və sağlamlığı haqqında qanunun norma və qaydalarına uyğun kompensasiyanın hesablanması ilə bağlı tələbi isə bilavasitə iddiaçının təcrübə keçdiyi hüquqi şəxslər BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti və Dövlət Neft Şirkəti ilə bağlı olub onlara qarşı yönəlmiş tələb olduğundan eyni zamanda cavabdeh qismində qoyulmuş inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tələb edilə bilməz. Beləliklə, hazırki halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP (British Petroleum) Exploration Xəzər LTD Şirkəti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işlə təmin edilmə, kompensasiyanın ödənilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar