Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6404/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Muxtarov küçəsi, 185 ünvanda yerləşən, ümumi sahəsi 241 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) üzərində həyat yoldaşı X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı X3 ilə nikaha daxil olmuşdur. Birgə qazanc hesabına xx.xx.2001-ci il tarixdə “Mütəfəkkir” şirkəti ilə bağlanmış 3 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilmiş binalardan 1, 2 və 3-cü bloklarda 100 kv.m yaşayış sahəsi olan mənzil iddiaçının ailəsinə verilməli idi. xx.xx.2003-cü ildə həmin müqaviləyə edilmiş əlavəyə əsasən 100 kv.m mənzil sahəsi əvəzinə həmin binanın 4-cü blokunun 1-ci mərtəbəsində yerləşən 241 kv.m zirzəmi sahəsi verilməsi barədə razılaşma əldə olunmuşdur. Həmin sahəyə görə ümumilikdə 50000 ABŞ dolları ödənilməsi razılaşdırıldığı üçün, əvvəlcə ödənilmiş 3000 ABŞ dolları nəzərə alınmaqla, sonradan onlar tərəfindən 47000 ABŞ dolları da tam olaraq şirkətə ödənilmişdir. Bununla bağlı onlar arasında təhvil-təslim aktı imzalanmışdır. Qeyd olunan vaxtdan qeyri-yaşayış sahəsi onlar tərəfindən təyinatı üzrə istifadə olunmuş və bütün kommunal xidmətlərlə təmin edilmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
5. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
6. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
9. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
10. Doğrudur, Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir.
11. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati icraat zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır.
12. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər.
13. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, İddiaçı cavabdehin imtinası ilə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
14. Belə ki, işdə olan satıcı “Mütəfəkir” şirkəti ilə alıcı X3 arasında bağlanmış xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2001ci il tarixli 3 nömrəli müqaviləyə əsasən “Mütəfəkkir” şirkətinin direktoru X4 Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda inşa etdiyi binalardan 1, 2, və 3-cü bloklarda 100 kv.m yaşayış sahəsi olan mənzil verməlidir. «Alıcı» Hacıyev Nəsimiyə binanın 9-cu mərtəbəsindən yuxarıda inşa edilmiş mənzillər təklif olundu. X6 istəmədiyi üçün onunla razılaşma əldə edildi ki, ona mənzil əvəzinə 241,0 kv.m yarımzirzəmidə olan qeyri yaşayış sahəsi verilsin. Müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı» X2 Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda inşa edilmiş binanın 4-cü blokunun 1-ci mərtəbəsində yerləşən 1/80 saylı mənzilin altındakı dülgər sexi kimi istifadə olunan uzunluğu 26,20 kv.m, eni 9,20 kv.m olan yarımzirzəmidəki qeyri yaşayış sahəsi 50.000 (əlli min) ABŞ dollarına satılmış, Hacıyev Nəsimi 3 saylı müqaviləyə əsasən mənzil almaq üçün 3000 (üç min) ABŞ dolları ödənildiyi üçün qalıq qalmış 47000 (qırx yeddi min) ABŞ dollarının «Mütəfəkkir» şirkətinə ödəməyi öhdəsinə götürmüşdür.
15. İddiaçı hazırda bu müqaviləyə istinad edərək həmin qeyri-yaşayış sahəsinə X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir.
16. Deməli, hazırkı iddia iddiaçının deyil, onun ailə üzvü olan X1 publik hüququndan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi, onun hüquqlarının müdafiəsi ilə bağlıdır.
17. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan da görünür ki, Bakı şəhəri, M.Muxtarov küçəsi, 185 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüququn qeydə alınması ilə bağlı iddiaçı deyil, X3 müraciət etmiş, cavabdeh də məhz onun hüquqlarının qeydə alınmasından imtina etmiş, bu imtina iddiaçı üçün deyil, bilavasitə X3 üçün hüquqi nəticə yaratmaq imkanına malik olmuşdur.
18. İşdə olan AZ-İ 180090 nömrəli, xx.xx.2005-ci il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1981-ci il tarixdə doğulmuşdur, yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyətlidir və onun inzibati məhkəmə icraatında tərəf olmasına mane olan hər hansı bir hal yoxdur.
19. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə iddiaçı qismində İddiaçı deyil, Bakı şəhəri, M.Muxtarov küçəsi, 185 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (zirzəmi) üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilən və bununla da hüquqlarının müdafiəsinə zərurət yaranan X3 çıxış edə bilər.
20. Lakin iddia ərizəsində görünür ki, İddiaçı hazırkı iddianı öz adından qaldırmış, iddia ərizəsini özü imzalamışdır. İş materiallarında iddiaçının N.Hacıyevin nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil.
21. Məsələ ilə bağlı İPM-in 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia ərizəsində yol verilən çatışmazlığın aradan qaldırılması ilə bağlı müvafiq müddət təyin edilmiş, lakin həmin müddət ərzində iddiaçı hər hansı bir dəqiqləşməni məhkəməyə təqdim etməmişdir.
22. Belə olan halda işin istinad edilən normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır.
23. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova