Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6405/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində olan məlumatlara düzəliş edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində olan məlumatlara düzəliş edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra mətndə Sabunçu RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu RPİnin üzərinə şəxsiyyət vəsiqəsindəki doğum tarixi və yeri barədə məlumatlara doğum haqqında şəhadətnaməyə uyğun olaraq, (doğum tarixinin - “xx.xx.1953-cü il”, doğum yerinin - “Qırğızıstan Respublikası, Oş vilayəti, Aravan rayonu, Aravan kəndi”) düzəlişin edilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni Qəribova (Hacıyeva) Raya Əsgər qızı xx.xx.1953-cü il tarixdə Qırğızıstan Respublikası, Oş vilayəti, Aravan rayonu, Aravan kəndində doğulmuşdur. xx.xx.1982-ci il tarixdə mərhum əri X5 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərinin – “Qəribov”a soyadını qəbul etmişdir. Nikahları Ermənistan Respublikası, Amasiya rayonunun Düzkənd kənd sovetliyində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmışdır. Nikahları qeydə alınarkən, nikah akt qeydində doğum tarixində səhvə yol verilərək, “xx.xx.1953-cü il” əvəzinə, “xx.xx.1953-cü il” qeyd edilmişdir. 1988-ci ildə Ermənistan Respublikasından azərbaycanlıların kütləvi deportasiyası nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində məskunlaşmış və həmin dövrdən hal-hazıradək qeyd olunan ünvanda yaşayır. 1992-ci il tarixdə əri X5 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. xx.xx.2005-ci il tarixdə Sabunçu RPİ tərəfindən ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş, həmin vəsiqədə də doğum tarixi nikah akt qeydindəki səhv qeyd olunmuş doğum tarixinə uyğun “xx.xx.1953-cü il” qeyd olunmuş, bununla yanaşı, şəxsiyyət vəsiqəsini verən orqan tərəfindən doğum yeri, “Qırğızıstan Respublikası, Oş vilayəti” əvəzinə səhvən “Rusiya Federasiyası, Omsk vilayəti” qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə cavabdeh Sabunçu RPİ-yə müraciət edərək, şəxsiyyət vəsiqəsindəki doğum tarixi və doğum yeri barədə məlumatlara doğum haqqında şəhadətnaməsinə uyğun düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətinə verilən cavabda doğum haqqında şəhadətnamədə qeyd olunan məlumatlar ilə şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlar arasında uyğunsuzluğun düzəliş olunması səlahiyyətləri xaricində olduğu bildirilməklə, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın qeyd olunan imtinası qanunsuzdur və onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Odur ki, inzibati məhkəmə icraatı qaydasında cavabdeh inzibati orqanın üzərinə şəxsiyyət vəsiqəsindəki doğum tarixi və doğum yeri barədə məlumatlara doğum haqqında şəhadətnaməməyə uyğun düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 23 yanvar 2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Sabunçu RPİ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Sabunçu RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində (surəti) qeyd olunan olan məlumatlara əsasən, İddiaçı xx.xx.1953-cü il tarixdə Rusiya Federasiyası, Omsk vilayətində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Qırğızıstan Respublikası, Aravan rayon, VVAQ şöbəsi tərəfindən 28 avqust 2019-cu il tarixdə verilmiş (təkrar) doğum haqqında şəhadətnamədə (notarial qaydada tərcümə və təsdiq olunmuş surəti) aparılmış qeydlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.1953-cü il tarixdə, Qırğızıstan Respublikası, Oş vilayəti, Aravan rayonu, Aravan kəndində doğulmuşdur. Bu barədə doğum haqqında qeydlər kitabında xx.xx.1960-cı il tarixində, 115 nömrə ilə qeydə alınmışdır. X6 Nazimoviç, anası X1. 23 iyun 1982-ci ildə Ermənistan SSR Düzkənd kənd Sovetliyi tərəfindən verilmiş 493351 №li nikah haqqında şəhadətnamədə (surəti) olan qeydlərə əsasən 15 oktyabr 1959-cu ildə Amasiya rayonunun, Çaybasar kəndində doğulmuş X5 ilə xx xxxx 1953-cü ildə Arvan rayonunun, Arvan kəndində doğulmuş X3 nikaha daxil olmuşlar, bu barədə nikah akt qeydləri kitabında 1982-ci ilin 06-cı ayının 23-cü günündə 3 №li qeyd aparılmışdır. Nikahdan sonra ərə Qəribov, arvada isə Qəribova soyadı verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli nikah haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-164/2024 saylı məktubunda göstərilmişdir ki, nikah haqqında şəhadətnamədə adı “X4”, doğulduğu yer “Qırğızıstan Respublikası, Arvan rayonu, Arvan kəndi”, şəxsiyyət vəsiqəsində isə adı “İddiaçı”, doğulduğu yer “Rusiya Federasiyası, Omsk vilayəti” qeyd edilmişdir. Həmçinin təqdim etdiyi doğum haqqında şəhadətnamədə doğulduğu tarix “xx.xx.1953-cü il”, doğulduğu yer “Qırğızıstan Respublikası, Oş vilayəti, Aravan rayonu, Aravan kəndi” qeyd edilmişdir. Sənədlər arasında ziddiyyəti nəzərə alaraq nikah haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq nikah haqqında akt qeydində məlumatlarının doğum haqqında şəhadətnaməyə uyğun olaraq “Hacıyevə (nikahdan sonra Qəribova) Raya Əsgərovna” doğulduğu tarixin “xx.xx.1953-cü il”, doğulduğu yerin “Qırğızıstan Respublikası, Arvan rayonu, Arvan kəndi” qeyd olunaraq bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-6085/2025 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatda olmaqla AZE - 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə cavab olaraq Sabunçu RPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-49/2-Q-33241/11 saylı məktubunda qeyd edilmişdir ki, doğum haqqında şəhadətnamədə qeyd olunan məlumatlar ilə xx.xx.2005-ci il tarixdə Sabunçu RPİ-nin Q və ŞVŞ tərəfindən təmin olunduğu AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlar arasında olan uyğunsuzluğun düzəliş olunması səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq, Bakı İnzibati Məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) müraciət edilməsi məqsədə müvafiq hesab edilir. Tətbiq edilən hüquq. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunu: Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar. Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri,hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi. Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir.Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır Maddə5. Dövlət rüsumu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 (bir) gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə. 1.1 Bu Əsasnamə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir. 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, ... 2.12. Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası yerləşdirilir. ... 2.15. Şəxsiyyət vəsiqəsi verilərkən və ya dəyişdirilərkən bu Əsasnamənin 2.14-cü bəndində nəzərdə tutulmuş məlumatları elektron daşıyıcıya (çipə) vəsiqə verən orqan daxil edir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş məlumatlarda dəyişikliklər bu Əsasnamənin 2.18-ci və 2.29-cu bəndlərinə uyğun olaraq həyata keçirilir. ... 2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İPM. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdr. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla ilk növbədə qeyd edir ki, şəxsiyyət vəsiqəsi sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanı olan cavabdeh inzibati orqan tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin tələbləri pozularaq, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədəki məlumatlarla, şəxsiyyət vəsiqəsində olan məlumatlar arasındakı ziddiyyətlərin (şəxsiyyət vəsiqəsinin verilməsi zamanı yol verilmiş yanlışlıqlar) aradan qaldırılması barədə iddiaçının müraciətindən formal əsaslarla imtina olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan məlumatlara düzəliş edilməklə, doğum tarixinin xx.xx.1953-cü il, doğum yerinin Qırğızıstan Respublikası, Oş vilayəti, Aravan rayonu, Aravan kəndi kimi göstərilməklə, ona yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6405/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6405/2025
18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver