Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6408/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış və hərbi hospitala gətirilmiş, bir müddət hərbi hospitalda müalicə almışdır. Bundan sonra dəfələrlə Respublikanın müxtəlif psixiatriya xəstəxanalarında müalicə davam etdirmişdir. Hazırda da Lənkəran şəhər Psixiatriya Xəstəxanasında intensiv amblator müalicə almaqdadır. İddiaçıya xx.xx.2021-ci il tarixdə “Postkontuzion sindromu, kəskin dərəcədə ifadə dissositiv komversion pozuntulu, ləaratravma (xx.xx.2020) iki tərəflə koxlear nevrit, iki tərəfli neyrosensor ağır eşitmə pısıltı nitqinin sağ qulaqda 5.5 metr, sol qulaqda 2 metr məsafədən eşitmə” diaqnozu qoyulmuş və üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik və sağlamlıq imkanlarımımn məhdudiyyət müddəti xx.xx.2026-ci il müəyyən edilmişdir. Həmin dövrdə hospitaldan çıxdıqdan sonra stansionar və amblator müalicələrdə olmuş, Respublikanın müxtəlif psixiatriya xəstəxanalarında müalicə almışdır. Dəfələrlə ağrılardan özünü öldürmək dərəcəsinə gəlmiş, affektiv pozuntuların periodikliyinin intensivliyi səbəbindən ətrafına - xüsusilə ailə üzvlərinə zərər yetirmiş, istirablar yaşatmışdır. xx.xx.2023-cü il tarixli Psixiatr komissiyasının rəyi ilə də iddiaçıya “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar disspsisativ əlamətlər F 06.3 diaqnozu verilmişdir. Lakin heç bir əsas olmadan iddiaçının əlillik dərəcəm ləğv edilmiş, səbəb kimi isə tam reabilitasiya olmağı qeyd edilmişdir. Pensiyanın ödənilməsi isə dekabr 2023-cü ildən dayandırılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin əlilliyin təyinatına əsas olan göndərişdən görünür ki, iddiaçının diaqnozu “Nevrit, iki tərəfli neyrosensor ağır eşitmə pıçıltı nitqinin saq qulaqda 5.5 (beş tam onda beş) metr, sol qulaqda 2 (iki metr məsafədən eşitməri ilə) olmuşdur. Elektron məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əllik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş rəydən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinlərinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəznində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlar dissosisativ əlamətlər F06.3 Tibbi Sosial Ekspert Komissiyasının 21 dekabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtina səbəbi kimi iddiaçının tam reabilitasiya olduğu göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıya 5 il müddətinə xx.xx.2021-ci il tarixdən əlillik təyin edilmiş, daha sonra cavabdeh ilkin olaraq 12 avqust 2026-cı il tarixədək iddiaçının müddətli əlilliyinin olmasını gözləmədən onun tam reabilitasiya olunması barədə qərara gəlmiş, aparmış olduğu müxtəlif tarixli tibbi müayinələrin nəticəsində də iddiaçıya əlilliyin təyinatından imtina etmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə düzgün nəticəyə gəlinməsi baxımından müddətli təyin edilmiş əlilliyin növbəti yoxlama müddətindən əvvəl qüvvədən salınması məsələsinə qiymət verilməsi zəruridir. Məhkəmə hesab edir ki, bu zaman əlilliyin ləğv edilməsi və tam reabilitasiya kimi anlayışlar arasında fərqləndirmənin aparılması zəruridir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının müddətli təyin edilmiş əlilliyinin qüvvədən salınması onun tam reabilitasiyası ilə bağlı olmuşdur. Bu zaman isə cavabdeh ümumiyyətlə nəzərə almamışdır ki, xəstəliklərin xüsusiyyətlərindən asılı olmaqla əlillik təyinatının müddətli və müddətsiz olması xəstəlikdən əziyyət çəkən şəxsin sağlamlıq vəziyyətinin əliliyin təyinatına təsiri baxımından müəyyən edilmişdir. Belə ki, hər hansı bir xəstəlik sağala bilən xəstəlikdirsə, məntiqi nəticə etıbarı ilə əlilliyin müddətli təyin edilir. Yalnız müəyyən müddət ərzində bu xəstəliklər davam etdiyindən həmin xəstəliyin növbəti dəfə müddətsiz təyin edilməsi qanunvericiliklə təsbit edilmişdir. Bəzi növ xəstəliklər isə tibbi baxımından sağalmaz xəstəlik hesab edildiyindən həmin xəstəliklərlə bağlı əlillik təyinatı da məhz müddətsiz aparılır. Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçının əlilliyi 12 avqust 2021-ci il tarixdən 5 il müddətinə, yəni 12 avqust 2026-cı il tarixədək təyin edilmişdir. Cavabdehin diqqətinə çatdırılır ki, bu o deməkdir ki, iddiaçının əlilliyinə əsas olan xəstəliklə əlaqədar sağlamlıq vəziyyəti yaxşılaşa bilər və tam reabilitasiya olunma səbəbindən növbəti dəfə ona əlillik təyinatı aparılmaya bilər. Lakin bu zaman cavabdeh, həmçinin onu da nəzərə almalıdır ki, 12 avqust 2026-cı il tarixədək iddiaçının sağlamlıq vəziyyəti müxtəlif dövrlər üzrə həm yaxşılaşa, həm də pisləşə bilər. Sadə misalla desək, iddiaçının sağlamlıq vəziyyəti 12 avqust 2024-cü il tarixdə yaxşılaşa bilər və əlillik təyinatına əsas verən xəstəlik onda mövcud olmaya bilər. Lakin, həmin xəstəliyin 12 avqust 2025-də yenidən mövcud olması və ya ağırlaşması istisna edilməməlidir. Bu səbəbdəndir ki, şəxsə müddətli əlillik təyinatı aparılan zaman müddət müəyyən edilir. Əks halda, əlilliyi müəyyən edilmiş şəxsin müntəzəm olaraq sağlamlıq vəziyyətinin yoxlanılması zərurəti olar ki, həmin hallar nəzərə alınmaqla qanunvericiliklə əlilliyə müddət müəyyən edilmişdir. Odur ki, tam reabilitasiya olunma nə qədər ki, əlilliyin təyinatına dair qərar qanunsuz və əlverişsiz inzibati akt kimi müəyyən edilməklə ləğv edilməyib, təyin edilmiş əlilliyin hüquqi nəticələrinin aradan qaldırılması əsası qismində çıxış edə bilməz. Cavabdeh 12 avqust 2026-cı il tarixdə, yəni əlilliyin müddəti bitdikdə şəxsin reabilitasiya vəziyyətini yoxladıqdan sonra növbəti təyinatın aparılıb-aparılmaması barədə qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur ki, cavabdeh isə həmin halı nəzərə almadan, ilkin təyinatın qanunsuz və əsassızlığına qiymət vermədən tam reabilitasiya olma barədə mövqeyə gəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tam reabilitasiya olma barədə qərar qanuni və əsaslı olmadığından, iddiaçı barəsində sonradan əlillik təyinatından imtina barədə mövqeyidə əsassız olmuşdur. Göstərilən qanunsuz və əsassız yanaşma, həmçinin cavabdeh tərəfindən inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlir. Nəzərə alınmalıdır ki, iddiaçıya ilkin əlilliyin təyinatına əsas olan qərarda növbəti müayinə tarixi konkret olaraq göstərmişdir. Məhkəmə hesab edir ki, həmin müayinə tarixi iddiaçının sağalması, vəziyyətinin yenidən ağırlaşması kimi halların həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi və ya digər formada əlillik statusunun itirilməsi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun əlillik təyinatından 5 il müddətində səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin mövcudluğun zərurət yaranmazdır ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi faktiki olaraq ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamış, iddiaçının növbəti müayinə tarixinə kimi sağalması, vəziyyətinin yaxşılaşması kimi hallarının mövcud ola biləcəyi, həmin halın hər bir halda mövcudluğunun əlilliyin ləğv edilməsinə səbəbiyyət verməməsi kimi hallarını nəzərə almamışdır. Məhkəmə, əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tam reabilitasiya olunması da təkcə cavabdehin mövqeyi ilə sübut edilməyə çalışılmış, bunu təsdiq edən tibib sənədlər mövcud olmamışdır. Həmin halın mövcudluğu da, yəni iddiaçının sağalması da cavabdehin qərarının və faktiki xarakterli hərəkətlərinin qanunsuzluğu halının dəyişməcəyi qənaətinə gəldiyindən bu istiqamətdə əlavə araşdırma aparmamış, tibbi ekspertizayın təyininə zərurət müəyyən edilməmişdir. Belə ki, iddiaçı tam reabilitasiya olunsa belə növbəti müayinə tarixi müəyyən edilmiş əlilliyin ləğvinə və iddiaçı üçün mənfi nəticələrə əsas vermir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı oxşar iş üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlilliyinin ləğvinə əsas olmuş inzibati araşdırmanın ümumiyyətlə əlilliyin təyini və ləğvi məsələsinə də aidiyyəti olmamışdır. Belə ki, iddiaçının müraciəti ona əlil kimi avtonəqliyyat vasitəsi ilə təmin edilməsi ilə bağlı olmuşdur. Cavabdehin də aparmalı olduğu inzibati icraat bununla əlaqədar olmalı idi. Cavabdeh isə nəinki iddiaçının müraciətinə dair imtinaedici qərar qəbul etmiş, hətta inzibati icraatın predmetindən kənara çıxaraq həmin icraatla bağlı olmayan, iddiaçının vəziyyətini ağırlaşdıran digər bir qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının müraciəti avtonəqliyyat vasitəsinin verilməsi ilə bağlı olmuş, cavabdeh həm həmin vasitənin verilməsindən imtina etmiş, həm də özünün 30 yanvar 2020-ci il tarixli qərarında növbəti müayinə tarixinin müəyyən edilməsinə əhəmiyyət vermədən, iddiaçının müraciəti əsasında onun vəziyyətini daha da ağırlaşdıran qərar qəbul etməklə inzibati icraat aparmışdır. Halbuki, qərarda növbəti müayinə tarixi konkret olaraq göstərilmişdir. Qeyd edilməlidir ki, həmin müayinə tarixi iddiaçıya növbəti əlillik təyin edilməsinə əsas verən halların olub-olmamasının həmin tarixdə yoxlanılmasına xidmət edir. Bu tarix ərzində əlilliyin təyininə əsas olan xəstəliyin sağalması hər bir halda həmin tarix çatanadək əlilliyin ləğvi ilə nəticələnmir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və etimadın qorunmasına istinadı istisna edən digər hərəkətlərə yol verməmişdirsə, onun 2025-ci ilin yanvar ayına kimi səhhətində baş verən yaxşılaşmalar əlilliyin ləğvinə əsas yaratmır. Əks halda, 5 illik növbəti müayinə tarixinin təyin edilməsinə zərurət yaranmazdı ki, həmin müddətin qoyulması da məhz əlillərin qısa müddətlər ərzində inzibati icraata cəlb edilməsinin qarşısının alınmasına xidmət edir. Göründüyü kimi, cavabdeh iddiaçının reabilitasiya olunmasına istinad edərək, əsassız olaraq 5 illik müddəti gözləmədən iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. Cavabdehin iddiaçıya əlilliyin təyinatından imtina barədə (Tam reabilitasiya olma barədə) 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçıya təyin edilmiş 12 avqust 2021-ci il tarixli üçüncü dərəcə 05 il müddətinə təyin edilmiş əlilliyinin tam reabilitasiya olunması barədə qərarı qanunsuz hesab edilməklə həmin əsasla dayandırıldığı əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6408/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6408/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver