Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6408/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5un cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı X5 (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 18 aprel 2024-cü il tarixli, İQ-33/1 nömrəli qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona "Qaçqın vəsiqəsi"nin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 13 fevral 2024-cü il tarixdə, “Qaçqın statusu verilməsi haqqında” vəsatətlə cavabdehə müraciət edərək vətəndaşı olduğu Pakistan İslam Respublikasında həyatı təhlükəsizliyinin təminatına inamsız olduğunu bildirmiş və göstərmişdir ki, xristian olduğu üçün müsəlmanlar tərəfindən təqib olunur. Pakistanda söz sahibi olan molla rejimi bütün xristianları təqibə məruz qoymuşdur. Onların evləri yandırılmışdır. Pakistan polisi isə dini rejimə münasibətdə hər hansı müqavimət göstərə bilməmiş və aşkar surətdə şifahi olaraq təhlükəsizliyinə təminatın verilmədiyi etiraf olunmuşdur. Bəzi xırda cinayət törədənlər tutulmuş, qısa müddət sonrada buraxılmışdır. Ona görə də iddiaçı Azərbaycan dövlətinə sığınmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı (pasport nömrəsi: AY0112911) ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-33/1 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. İddiaçının gətirdiyi əsas öz təsdiqini tapmamış; 2. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxs barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Həmçinin şəxs eyni iddia üzrə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək DMX-nın sözügedən qərarının ləğv edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 10020/2024 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilərək şəxsin iş üzrə iddiası geri götürülmüş sayılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM): - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddia hesab olunur. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı hazırda ona qaçqın statusunun verilməsi barədə əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, onun bu tələbi məcburetmə haqqında iddiaya uyğun gəlir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixdə verilmiş G3427156 nömrəli Pakistan İslam Respublikasının pasport məlumatlarından görünür ki, iddiaçı X5 xx.xx.2000-ci il tarixdə Gujranwala, Pak rayonunda anadan olmuşdur. Pasport xx.xx.2026-cı il tarixədək etibarlıdır. Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında İQ-33/1 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı X2çqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı hazırda bu qərarı mübahisələndirərək, ona qaçqın statusunun verilməsini xahiş edir. Lakin işdən görünür ki, iddiaçı inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq aktı aldıqdan sonra 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 10020/2024 nömrəli qərardadından görünür ki, iddiaçı eyni tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, lakin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığında məhkəmə tərəfindən iş üzrə icraata xitam verilərək şəxsin iddiası geri götürülmüş sayılmışdır. Deməli, iddiaçı ən azı xx.xx.2024-cü il tarixdə ona qaçqın statusunun verilməsindən imtina edilməsi barədə inzibati aktdan məlumatlı olmuşdur. Belə olan halda, aydındır ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Məhkəmə icraatı zamanı iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizənin təqdim edilməsi üçün hüquqi yardım göstərilmiş, lakin iddiaçı ərizədə ona verilmiş müddət ərzində müvafiq ərizəni, qanunda nəzərdə tutulmuş bu müddətlərin təqsiri olmadan buraxılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, hazırkı iddia məcburetmə haqında iddialar üzrə zəruri olan mümkünlük şərtinə - iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi) cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-6408/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6408/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver