Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6409/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “təhsilin davam etdirilməsi üçün digər ali təhsil müəssisəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təhsil aldığı pediatriya ixtisası üzrə təhsilinin davam etdirilməsi üçün ixtisasına uyğun digər ali təhsil müəssisələrinin (ixtisası üzrə təhsil və yekun təhsil sənədi - diplom vermək səlahiyyəti olan) birinə köçürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 2004-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında yerləşən X2 İnstitutuna pediatriya ixtisası üzrə qəbul olunmuşdur. 2005-ci ildə eyni ixtisas üzrə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. 2005-2009-cu illərdə Universitetdə təhsil almışdır. Onun təhsil aldığı Universitetdə o vaxt baş vermiş məlum hadisələrə görə o, yekun Dövlət İmtahanına buraxılmamışdır. Dövlət İmtahanı təyin olunduğu gün o, Universitetə gəlmiş, Universitetin qapılarının bağlı olduğunu görmüşdür. Bu barədə orada olan şəxslərdən soruşduqda onlar tərəfindən ona Universitetdə yoxlama işlərinin getdiyi bildirilmiş, təhsilinin davam etdirilməsi barədə ona əlavə məlumat veriləcəyi deyilmişdir. Onun dəfələrlə bununla bağlı Universitetə müraciət etməsinə baxmayaraq, ona təhsilini davam etdirməsinə görə heç bir köməklik göstərilməmiş və o, akademik borcunu tam ödəyə bilməmişdir. Ona görə də bu günə qədər ona oxuduğu ixtisas üzrə yekun dövlət sənədi - diplom verilməmişdir. Bu hal həmin vaxt Universitetin rektorunun ölkədən qaçması və Universitetin bağlanması ilə əlaqədar olmuşdur. O, digər universitetə köçürülüb orada təhsilini davam etdirmək xahişi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etsə də, Nazirlik onun bu müraciətinə müsbət cavab verməmiş, onu başqa universitetə köçürməkdən imtina etmişdir. O, Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunduğu vaxt digər tələbələr kimi onunla da Universitetin rəhbərliyi arasında müqavilə bağlanmışdır. Universitet rəhbərliyi ilə onun arasında bağlanmış müqavilənin 3.2-ci bəndində Universitet rəhbərliyi ona təhsil haqqında yekun sənədin - diplomun verilməsini öz öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etmişdir, lakin müqavilə üzrə digər tərəf üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Ona oxuduğu ixtisas üzrə yekun sənədin - diplomun verilməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, onun hüquqlarına da toxunur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. İddiaçı Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü bildirir. Lakin köçürülmə üçün Təhsil Nazirliyinin razılığı alınmalı idi. İddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi üçün Təhsil Nazirliyininə razılığı alınmamışdır. Ona görə də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında iddiaçının adı qeyd olunmamışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 22.06.2020-ci il tarixli məktubunda qeyd edilir: Təhsil Nazirliyinə ünvanladığınız (02.03.2020, A-3272) ərizənizə cavab olaraq bildiririk ki, ABU-nun Nazirlikdə olan arxivində Sizin adınıza diplom aşkarlanmadı. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Atayeva (Cəfərova) Ülkər Akif qızına ünvanlanmış 13.04.2021-ci il tarixli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş ərizənizə (d/o № A-4163, 10.03.2021) cavab olaraq bildiririk ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda da Sizin adınız aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 16.06..2021-ci il tarixli məktubunda qeyd edilir: İddiaçı Rusiya Federasiyası Dağıstan Respublikasında yerləşən X2 İnstitutundan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi və orada təhsil alması barədə sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə sorğunuza baxılmışdır. Bildiririk ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Nazirlikdə olan arxivində İddiaçı şəxsi işi aşkar edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli, 003283 nömrəli xüsusi razılığın (lisenziya) qüvvədəolma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası təhsil nazirinin 02.09.2010-cu il tarixli, 1200 nömrəli əmrinin icrası ilə bağlı Azərbaycan Respublikası təhsil nazirinin 08.09.2010-cu il tarixli əmrinə əsasən Təhsil Nazirliyinin məlumat bankında adları olan Azərbaycan Beynəlxalq Universiteti tələbələrinin ayrı-ayrı ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrinin təmin edilməsi əmr edilmişdir. Həmin əmrə əsasən qüvvədəolma müddəti bitdiyi üçün lisenziyası etibarsız hesab edilmiş Azərbaycan Beynəlxalq Universitetinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə daxil olan tələbələrin digər özəl ali məktəblərə köçürülməsini, 01.09.2010-cu il tarixə qədər təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın hazırlanmasını, təhsillə bağlı sənədlərin təhvil alınaraq arxivə verilməsini təmin etmək və digər məsələlərin həlli ilə bağlı təkliflər hazırlamaq məqsədilə təhviltəslim komissiyası yaradılmışdır, eyni zamanda 01.09.2010-cu il tarixə qədər Azərbaycan Beynəlxalq Universitetində təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə siyahını və məlumatı bir daha dəqiqləşdirərək təhvil-təslim komissiyasına təqdim etməsi, təhsillə bağlı müvafiq sənədləri tam qaydaya salıb Təhsil Nazirliyinin arxivinə vermək üçün komissiyaya təhvil verməsi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyinə tapşırılmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş, lakin həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. Ümumiyyətlə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Təhsil Nazirliyində olan arxivində iddiaçının şəxsi işi aşkar edilməmişdir. İddiaçı 2005-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikası X2 İnstitutunun pediatriya ixtisası üzrə Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü bildirsə də, bu, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq razılığı alınmamışdır. Qeyd olunan səbəblərdən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra iddiaçının digər ali təhsil müəssisəsinə köçürülməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6409/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6409/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver