Məhkəmə qərarları › İş №2-1(112)-6409/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6409/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6409/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti və Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə icarə hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili və digər üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ünvan kimi – “ünvan 2 əlaqə nömrəsi kimi isə “***-***-**-**” qeyd edilmişdir. İnzibati iş icraata daxil olduqdan sonra məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 14:45-ə təyin edilmiş və iddiaçının vəkili və nümayəndəsi həmin iclasda iştirak etmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavabların gəlməsi ilə bağlı məhkəmə iclası qeyri-müəyyən müddətə təyin edilmiş. Məhkəmə sorğularına cavab gəldiyində məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 12:20-yə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının iddia ərizəsində göstərilən ünvanına məhkəmə bildirişi göndərilmiş, iddiaçının iddia ərizəsində qeyd etdiyi nömrəyə SMS xəbərdarlıq göndərilmişdir. Həmçinin iddiaçının vəkili və nümayəndəsi elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə malikdir və iş üzrə qəbul edilmiş məhkəmə aktlarından (sərəncam, üçünü şəxsin cəlb edilməsi barədə qərardad və s.), məhkəmə iclasının vaxtı və yeri barədə imzalanmış məhkəmə bildirişindən, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarından məlumatlıdır. Məhkəmənin həmin iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iştirak etməmişlər, lakin iddiaçının vəkili və nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək səhhəti ilə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili həmin məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 15:20-yə təxirə salınmış və iddiaçıya məhkəmə bildirişi göndərilmiş, bildirişdə 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi nömrəyə SMS xəbərdarlıq göndərilmişdir. Məhkəmə tərəfindən elektron qaydada imzalanmış məhkəmə bildirişində, hüquq və vəzifələr izah edilmişdir. Eyni zamanda İPM-in 55.3-cü maddəsinin tələbləri tərəfərlərə izah edilmişdir. Bildiriş elektron imza ilə imzalanmış və qeyd edildiyi məhkəmə tərəfindən aparılan bütün prosessual hərəkətlərdən (məhkəmə iclasının təyin edilməsi və s), imzalanan sənədlərdən vəkil elektron kabineti vasitəsi ilə məlumatlı olur. İddiaçı və onun vəkili və nümayəndəsi həmin iclasda iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Məhkəmə iddiaçının məlumatlandırılması üçün mümkün bütün vasitələrdən (məhkəməyə məlum olan ünvana bildiriş göndərmək, SMS məlumatlandırma) istifadə etmişdir. MPM-in 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmçinin məhkəmə təkrar qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi elektron kabinetə malikdir və məhkəmənin prosesual hərəkətlərindən məlumatlıdır. Belə olan halda isə aydın olur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra 30 gündən çox inzibati məhkəmə icraatından yayınmış, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasında iştiak edən cavabdehin nümayəndəsi işin geri götürülmüş hesab edilməsinə etiraz etmədiyi bildirdi. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi işin geri götürülmüş hesab edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Əmlak Məsələləri Dövlət Xidməti və Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə icarə hüququnun qeydə alınması” tələbinə dair iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar