Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-641/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Sabunçu rayonu Maştağa Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Sabunçu rayonu Maştağa Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli 438 saylı sərəncamı ilə idiaçıya verilmiş (10 sot) 1000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli 438 nömrəli sərəncamı ilə iddiaçıya Zabrat-Maştağa şossesinin sağ tərəfində fərdi yaşayış evi tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini yararlı hala salaraq istifadə etmişdir. Torpaq sahəsi iddiaçıya verilərkən Maştağa qəsəbəsinin baş planına əsasən 280 saylı sahə cizgi planına əsasən iddiaçıya ayrılmış, bu barədə Sabunçu rayon İcra Hakimiyyətinin 30 noyabr 2004-cü il tarixli 1/921 saylı razılıq məktubu alınmış, cizgi planı verilərək təsdiq olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsinin 18 avqust 2005-ci il tarixli məktubu ilə iddiaçıya torpaq sahəsinin ayrılmasına razılıq verilmişdir. İddiaçı tərəfindən bütün hüquqi sənədlər tam hazırlanıb çıxarış verilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuşdur. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun 01 dekabr 2021-ci il tarixli **********36 nömrəli məktubu ilə çıxarışın verilməsindən imtina edilmişdir. İmtina məktubunu iddiaçı xx.xx.2021-ci il tarixdə alımışdır. İddiaçı imtina məktubunu tam əsassız olmaqla heç bir qanun normasına uyğun olmadığını, qeyd etmişdir. Məsuliyyətsizlik o həddə qədər çatmışdır ki, rəis müavini yazır ki, Bakı şəhər İcra Hakimiyyəti və Maştağa bələdiyyəsi onun sorğusuna cavab verməmişdir. İddiaçı cavabı alandan sonra Maştağa bələdiyyəsinə müraciət etmiş və ona rəsmi bildirilib ki, 1 saylı Bakı Ərazi İdarəsindən sorğu gəlməmişdir. Həmin sorğuya ehtiyac yoxdur, çünki onun istədiyi sənədi iddiaçı təqdim etmişdir. Beləliklə bütün sənədlərin qaydasında olmasına baxmayaraq iddiaçı, ona çıxarışın verilməməsini qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5196/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Maştağa Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5196/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş 3cü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan rərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən müraciət edilən torpaq sahəsi üzərində X5 icarə hüququ ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2021 -ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İddiaçı Sabunçu rayonu, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətləri ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqı aktı və ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi ilə bağlı Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, göstərilən sahənin təqdim edilmiş cizgidə qeyd olunan sahəyə aidiyyəti yoxdur. Sözügedən ərazinin su magistral xəttinin sanitar-mühafizə zonasında yerləşdiyi barədə İdarəyə "xxxx" ASC- nin xx.xx.2015-ci il tarixli məktubu daxil olmuşdur. Sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması bardə məlumat aşkar olunmamışdır, torpaq sahəsi X6 sovxozunun ərazisində yerləşir. Həmçinin, torpaq sahəsi normadan artıq ayrılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0,-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir və həmin qanunun 8.0.1 -ci bəndinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək , 9-12-ci zonalar üzrə - 0,06 hektaradək torpaq sahəsinin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2000-ci il tarixli 56 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonaları müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı Maştağa Bələdiyyəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi; - Maştağa Bələdiyyəsinin 438 nömrəli 09 iyun 2006-cı il tarxili sərəncamının surəti; - Sabunçu rayon İcra Hakimiyyətinin İ müavini tərəfindən Maştağa Bələdiyyəsinə ünvanlanmış xx.xx.2004-cü il tarixli məktubun surəti; - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Maştağa Bələdiyyəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********36 nömrəli məktubun surəti. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanladığı 02 mart 2022-ci il tarixli BA-01154-2022 nömrəli məktubu - Əmlak Məsələləri Dövlət Komitəsinin ynında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********64 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surəti; - Əmlak Məsələləri Dövlət Komitəsinin ynında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər. - Əmlak Məsələləri Dövlət Komitəsinin ynında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu; (mütəxəssis rəyinin təqdim edilməsinə dair) - 10/6404 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırki mübahisə üzrə iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 438 nömrəli sərəncamı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesinin sağ tərəfində yerləşən 1000 kv metr torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, DTXK-də qeydə alınmış torpaqların alqı-satqı aktı və ayrılmış torpaq sahəsinə münasibət bildirilməsi ilə bağlı Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, göstərilən sahənin təqdim edilmiş cizgidə qeyd olunan sahəyə aidiyyəti yoxdur. Sözügedən ərazinin su magistral xəttinin sanitar-mühafizə zonasında yerləşdiyi barədə İdarəyə "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli məktubu daxil olmuşdur. Həmçinin, torpaq sahəsi normadan artıq ayrılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 438 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı Zabrat-Maştağa şossesinin sağ tərəfində fərdi yaşayış evi tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan, Bakı Şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin məktubuna cavab olaraq, Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 1/921 nömrəli məktubu ilə, qanunvericilikdə müəyyən edilmiş qaydada və həmin sahədə mühəndis qurğularının mövcudluğuna uyğun rayon təsərrüfatı ilə birgə araşdırıb razılaşdırılmaqla vətəndaş İddiaçı Maştağa qəsəbəsində torpaq sahəsi ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan, Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə məktubuna cavab olaraq, "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik sovxozu ərazisində yerləşən torpaq sahəsində su kəmərlərinin movcudluğu barədə vətəndaş İddiaçı çoxsaylı müraciətlərinə əsasən bildiririk kı,sözügedən ərazidə 2 ədəd diametri 800 mm olan su kəmərlərinin demontaj işləri həyata keçirilir. Hazırda həmin ərazinin qarşısında Ramana yolu boyu bir ədəd istismarda olan diametri 1020 mm magistiral su kəməri mövcuddur. İş materiallarında olan, xx.xx.2006-cı il tarixli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçının müraciətinə cavab məktubunda qeyd edilmişdir ki, Sizin Maştağa qəsəbəsi “Xanlar” yaşayış massivində torpaq sahəsi ilə təmin olunmanız barədə Maştağa Bələdiyyəsinə tərəfimizdən xx.xx.2005-ci il tarixli razılıq məktubu göndərilmişdir. Maştağa Bələdiyyəsinin mülkiyyətində olan ərazilərdən ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxeminin təsdiqinə isə müvafiq sənədlər təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5196/2022 saylı məktubu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin akta əsasən; - iddia oluna torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli məlum sərəncamının qüvvəyə mindiyi tarixədək Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Ayrıcı daxilindəki kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti torpağı olmuşdur. Vahid elektron kadastr bazasında Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. (cənub tərəfdən su xətti keçir). - iddia oluna torpaq sahəsinin yerləşdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli məlum sərəncamının qüvvəyə mindiyi tarixədək Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Ayrıcı daxilindəki kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyəti torpağı olmuşdur. Sözügedən torpaq sahəsi X5 adına icarə hüquqi ilə qeydiyyata alınmış torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6404 nömrəli ekspert rəyi sözügedən torpaq sahəsi ilə bağlı mütəxəssis rəyi ilə eynilik təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, torpaq sahəsi ayırlarkən qanunvericiliyin tələbləri gözlənilməmişdir. Belə ki, xx.xx.2007-ci ilə qədər verilmiş bələdiyyə torpaqlarına dair müvafiq qaydada təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməlidir. Lakin torpaq sahəsinin ayrılmasına dair alq-satqı sənədi mövcud deyil. Torpaq sahəsinin alqı-satqı sənədinin olmaması eyni zamanda torpağın qanunvericiliyin tələblərinə uyğun formada ayrılmasını müəyyənləşdirmək imkanını aradan qaldırır. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi kollegial orqan olan bələdiyyənin müvafiq qərarı əsasında alqı-satqı qaydasında ayrılmalı olduğu halda, qeyd edilən tələblərə riayət edilmədən və qanunvericilikdə nəzərdə tutulmuş normalar gözlənilmədən (0,10 ölçüdə) torpaq ayırma qaydasında bələdiyyənin sərəncamı ilə ayrılmışdır. Həmçinin keçirilmiş ekpertiza nəticəsində bələdiyyə orqanı tərəfindən qəbul edilmiş sərəncam əsasında ayrılmış torpaq sahəsi X3 sovxozunun kənd təsərrüfat təyinatlı dövlət mülkiyyəti torpağı olduğu, bələdiyyə ərazisi olmadığı, eyni zamanda digər fiziki şəxs X5 qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin hüquqların qeydiyyatı isə hazırda qüvvədədir, yəni ləğv və ya etibarsız hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqısatqısı qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı- satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir və həmin qanunun 8.0.1 -ci bəndinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək , 9-12-ci zonalar üzrə - 0,06 hektaradək torpaq sahəsinin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Məcəllənin 47.6-cı maddəsin əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respubklikasının xx.xx.1999-cu il tarixıli Qanunu ilə təsdiq edilmiş «X1»nin Vİ bəndinə görə bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları müəyyən edilmişdir. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. “«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. (15 fevral 2016-cı il tarixədək olan redaksiyası) Məhkəmə qeyd edir ki, iddiaçıya Maştağa bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, Binəqədi rayonu Maştağa bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 438 nömrəli Sərəncamı ilə X4 ayrılmış 1000 kv.m torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən (kənd təsərüfat təyinatlı dövlət mülkiyyəti torpaqğı), torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələbləri gözlənilmədiyindən, eləcə də alqı-satqı aktının olmaması səbəbindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumu) rəyi alınmağı müəyyən olunmadığından, həmçinin həmtin torpaq səhəsinin bir hissəinə dair digər fiziki şəxsin hüquqları qeydiyyata alındığından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz sayıla bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli 438 saylı sərəncamı ilə ona verilmiş 1000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev