Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-641/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2973a” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin texniki baxış keçirilən zaman torpaq sahəsində digər fiziki şəxs tərəfindən tikinti işlərinin aparıldığı və istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli məktubla qeyd etmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********49 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1150 kv.metr sahəsi olan “2973a” saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Lenin rayon XDS İcraiyyə Komitəsinin 31 yanvar 1991-ci il tarixli, 3/94 saylı Qərarı ilə “184” nömrəli Ləhiş Bağ-Tikinti Kooperativi (ВТК) qeydə alınmışdır. Bakı şəhər X7 İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı Qərarı ilə Bakı şəhəri, 7-ci mikrorayon, 18a saylı evin 3 saylı mənzilində yaşayan elmlər namizədi İddiaçı, yəni iddiaçıya “184” №-li Ləiş bağ-tikinti kooperativində 2973A saylı torpaq sahəsi ayrılmışdır. Həmin vaxt iddiaçı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda hazırlıq fakültəsinin dekanı, elmlər doktoru, professor olmuş, təxminən 1995-ci ildə işləmək üçün çağırışla Türkiyə Respublikası İzmit şəhərində yerləşən Qoca Evi Universitetində, sonra isə Trabzon şəhərinin yaxınlığında yerləşən X10 Universitetində işləmişdir. 2015-ci ildə Azərbaycana qayıtmış, həmin vaxtdan Qazax Dövlət Universitetində çalışmağa başlamışdır. Bağ sahəsindən tanımadığı şəxslər istifadə edir. Ona bağ sahəsinin ayrılması barədə Bakı şəhər XDS İK-nin 13 iyun 1990-cı il tarixli, 4/143 saylı qərarı qüvvədir, ləğv olunmamşdır. Belə olan halda, ona verilmiş bağ sahəsi mülkiyyətinə verilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir və bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin texniki baxış keçirilən zaman torpaq sahəsində digər fiziki şəxs tərəfindən tikinti işlərinin aparıldığı və istifadə olunduğu müəyyən olunmuşdur. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 1200 kv.m, faktiki sahə isə 1296,6 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********49 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarından görünür ki, həmin qərarla 184 saylı Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş, kooperativin 15 üzvü olmuş, siyahıda İddiaçı adı 1-ci sırada qeyd olunmuşdur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 184 saylı Bağ-Tikinti Kooperativinin 1 saylı orderindən görünür ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarına əsasən İddiaçı Kooperativin Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha sahəsi olan 2973a saylı bağ sahəsi ayrılmışdır. İşdə olan 184 saylı BTK-ya ayrılmış bağ sahələrinin sxematik xəritəsindən görünür ki, kooperativə ayrılmış torpaq sahəsində 15 sayda bağ sahəsinin yerləşmə yeri göstərilmiş, iddiaçıya ayrılmış 2973a saylı bağ sahəsi həmin sahələrdən biri olmuşdur. İddiaçı hazırda həmin bağ sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanının qərarını və orderi təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:
1. orderin nüsxəsinin İdarənin arxivində aşkar edilməməsinə;
2. texniki baxış keçirilən zaman torpaq sahəsində digər fiziki şəxs tərəfindən tikinti işlərinin aparılması və istifadə olunmasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər formal əsaslar olmaqla iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, 184 saylı Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısının təsdiq edilməsi ilə bağlı Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarı cavabdehdə mövcud olmuş, həmin qərarla təsdiq edilmiş siyahıda iddiaçının da adı olmuşdur. Belə olan halda 1 saylı orderin arxivdə olmaması iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Bu zaman məhkəmə onu da nəzərə alır ki, Qanunun 8.0.7-ci maddəsində bağ sahələrinə münasibətdə, sərəncam və orderin hər ikisinin eyni anda deyil, bu sənədlərdən yalnız birinin təqdim edilməsi hüququn qeydə alınması üçün əsas kimi nəzərdə tutulmuşdur. Cavabdehin ikinci dəlilinə gəldikdə, işdə olan X2 və X5 ərazisindəki 2972 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 32998 saylı xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 138 saylı sərəncamına əsasən Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha sahəsi olan 2972 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. İş materiallarında görünür ki, üçüncü şəxs X4 hazırda iddiaçının hüququnun qeydə alınması ilə bağlı müraciət etdiyi mübahisəli bağ sahəsinə sahiblik edərək, 2972 saylı bağ sahəsi kimi onun hüququnun qeydə alınması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixdə **********15 saylı məktubla B.Ağamədovun müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan torpaq sahəsi qonşu torpaq sahələrinin nömrə ardıcıllığına əsasən başqa nömrəli torpaq sahəsinin ərazisinə uyğun gəlir. Eyni zamanda işdə olan cavabdehin xx.xx.2004-cü il tarixli məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sərhədləri qərb və cənub tərəflərdən qonşu hasarla ayrılmışdır. Faktiki sahə 1298 kv.m təşkil edir. İddia olunan sahə faktiki olaraq digər fiziki şəxs tərəfindən istifadə olunur və 1 mərtəbəli bağ evi inşa olunmuşdur. Bundan əlavə ərazidə mübahisə predmeti mövcuddur. Sxematik xəritəyə əsasən iddia olunan 1298 kv.m sahənin bir hissəsi yolun ərazisidir. Həmin yolun sahəsi çıxıldıqan sonra sahə 1150 kv.m təşkil edir. Faktiki olaraq digər fiziki şəxs tərəfindən inşa olunmuş evin bir hissəsi həmin yolun üstündə yerləşir. Vahid elektron kadastr baza məlumatına əsasən 2973а nömrəsi qonşu özəl bağ nömrələrinin ardıcıllığına uyğun gəlir. Sahəyə dair digər fiziki şəxsin müraciəti barədə məlumat aşkar olunmuşdur. Göründüyü kimi, cavabdeh üçüncü şəxs B.Ağamədova həmin ərazinin 2972 saylı bağ sahəsi deyil, başqa nömrəli bağ sahəsi olduğunu bildirmiş, məhkəmə sorğusuna cavab olaraq isə həmin ərazinin qonşu özəl bağ nömrələrinin ardıcıllığına əsasən 2973a saylı bağ sahəsinə uyğun gəldiyini göstərmişdir. Belə olan halda, müəyyən olunur ki, mübahisəli torpaq sahəsindən üçüncü şəxs X4 2972 saylı bağ sahəsi kimi istifadə etsə də, həmin ərazi 2972 deyil, 2973a saylı bağ sahəsinə uyğun gəlir və həmin bağ sahəsi iddiaçıya ayrılmış bağdır. Buna görə də qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/143 nömrəli qərarı və 1 saylı order əsasında iddiaçıya ayrıldığından, həmin qərarın ləğv olunması müəyyən edilmədiyindən iddia təmin edilməli və iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququ qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1150 kv.metr sahəsi olan “2973a” saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova