Məhkəmə qərarları › İş №2-1(112)-6410/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6410/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6410/2021 06.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 21 dekabr 1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı doğumu ilə bağlı 11 fevral 1982-ci il tarixli 298 nömrəli akt qeydi əsasında 1982-ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi (Oktyabr rayon VVAQ şöbəsi) tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. əm. Lakin sonradan o, doğum haqqında şəhadətnaməni itirmişdir. İddiaçı 217 saylı orta məktəbdə təhsil almış və 17 iyun 1997-ci il tarixdə 9-cu sinifi bitirməsi barədə şəhadətnamə almışdır. Bu isə ona dəlalət edir ki, onun şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu (Təhsil Nazirliyi) tərəfindən müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq digər dövlət qurumunun onun müəyyənləşdirilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Doğum haqqında şəhadətnaməni itirməsi və səhlənkarlığı ilə bağlı bu günədək şəxsiyyət vəsiqəsi almamışdır və heç bir sənəd olmadan Azərbaycanda yaşayır. Doğum haqqında şəhadətnamənin əsli olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün isə, ona doğum haqqında şəhadətnamə lazımdır. X1 20 sentyabr 1960-cı il tarixdə Quba rayonunda doğulmuşdur, Bakı şəhəri Binəqədi RPİ tərəfindən ona AZE seriyalı 09903690 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir, Azərbaycan Respublikasının vətəndaşıdır. X3 10 iyun 2012-ci il tarixdə vəfat edib. İddiaçı hazırda, anası ilə birlikdə yaşayır. İddiaçının doğum faktı 11 fevral 1982-ci il tarixli 298 nömrəli akt qeydi ilə qeydiyyata alındığından, Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi şəxsiyyət vəsiqəsi təqdim edilmədən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina etmiş və bu barədə ona 7 aprel 2021-ci il tarixli məktub ünvanlamışdır. Onun doğum faktımın qeydə alınmasının tələb olunması müzakirə mövzusu ola bilməz. Çünki doğum faktı artıq qeydə alınıb. Belə ki, doğum haqqında şəhadətnamənim kserosurəti mövcuddur. Doğum faktı qeydə alındığı üçün qeydə alınmış doğum faktının yenidən qeydə alınmasına ehtiyac yoxdur. Ona görə də hesab edilir ki, bu məsələ – onun doğum faktının 11 fevral 1982-ci il tarixli 298 nömrəli aktla qeydə alınması sübut olunduğundan, işin mübahisəsiz halıdır. Odur ki, iddiaçı hesab edir ki, onun şəxsiyyəti bəlli olduğundan və doğum haqqında təkrar şəhadətnamə ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazım olduğundan, cavabdeh onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etməli idi. Doğum haqqında təkrar şəhadətnamənin ona verilməməsi və onun təsirləri mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Bu hal, həmçinin şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşamağına səbəb olur ki, bu da onun vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək, dövlətin idarə olunmasında iştirak etmək, seçki, təhsil, dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 42, 54, 55, 56, 57-ci maddələri) və s. hüquqlarının pozulmasına səbəb olur, nəticədə, o, Azərbaycan Respublikası vətəndaşı kimi bütün hüquqlarından, eləcə də vətəndaş kimi dövlətin himayəsindən məhrum olmuşdur. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 8.1.4, 34.1, 45-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinası əsassız sayılır və ona (iddiaçıya) doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış 7 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Sizin doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. AR Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsaslanaraq, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyindən təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Məhkəmə qeyd edir ki, İddiaçı doğumu barədə akt qeydi mövcuddur və cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir, yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək 21 dekabr 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 16, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 21 dekabr 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar