Məhkəmə qərarları › İş №2-1(112)-6411/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6411/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6411/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinə hüququn tanınması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Zirə qəsəbəsi Qoşaqışlaq sahəsində 2012-ci ildən ona ayrılmış torpağ sahəsini 12 sot olmaqla hüquqlarının tanınması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin təxminən avqust aylarında Zirə Bələdiyyəsi tərəfindən Qoşaqışlaq sahəsində əhaliyə kütləvi ona verilən sənədlə eyni olaraq torpaq sahələri icarəyə verildi. Bir müddətdən sonra Zirə Bələdiyyəsinin nümayəndələri yaxınlaşaraq torpağın vergi pulu ödənməsi üçün Zirə Bələdiyyəsinin ofisinə dəvət olunmağını bildirdilər. O, da ödəniş edərək qəbz almışdır. Sonrakı dövrlərin torpağın vergisini ödəməkdən ötrü X1 ona verdiyi etibarnamə əsasında pulu ödəyərək qəbzi Bələdiyyə işçiləri ilə əlbir olaraq öz adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin torpaqda istifadə hüququnu tam şəkildə dayandırmış, içərisində qanunsuz Bələdiyyə işçiləri ilə əlbir olaraq tikintisi 6 ay çəkən bir mərtəbəli ev tikmişdir. Həmin evin işıqlandırılması üçün saxta sənəd vasitəsilə elektrik sayğacı quraşdırmışdır. Bu yaxınlarda Zirə Bələdiyyəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmiş, bu torpağın ona aidiyyəti olub-olmadığı barədə rəsmi arayış verilməsini tələb etmişdir. Zirə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli cavabı əsassız olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz göndərərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi Zirə bələdiyyəsinin mülkiyyətində deyildir. Zirə bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmamışdır. İddiaçının Zirə bələdiyyəsinə qarşı tələbinin əsas məqsədi heç bir hüquq müəyyənedici sənədi olmayan torpaq sahəsi ilə bağlı iddia ərizəsində adını qeyd etdiyi X1 ilə aralarında yaranmış mübahisə ilə bağlıdır. Bu vətəndaşlar arasında sözügedən torpaq sahəsi ilə bağlı mübahisənin isə Zirə bələdiyyəsinə heç bir aidiyyəti yoxdur. İddiaçı torpaq sahəsinin vergi uçotuna alınması ilə bağlı Zirə bələdiyyəsinə müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin onun mülkiyyətində və ya icarəsində olduğunu təsdiq edən hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 204-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Bu sənədlər də olmadığına görə iddiaçı məhkəməyə müraciət etmişdir. Lakin məhkəməyə müraciət edilib-edilməməsindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu məsələnin həllində Zirə bələdiyyəsinin heç bir səlahiyyəti yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İddia tələbindən göründüyü kimi, iddiaçı Xəzər rayon Zirə qəsəbəsi Qoşaqışlaq sahəsində 2012-ci ildən ona ayrılmış torpaq sahəsini 12 sot olmaqla hüquqlarının tanınmasını xahiş edir. Lakin iddiaçı həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd, (bələdiyyə qərarı, icarə müqaviləsi, alqı-satqı aktı və s.) təqdim edə bilmir. İddiaçının iddia etdiyi həmin torpaq sahəsinə dair subyektiv hüququ müəyyən edilmir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa cavabdeh Zirə Bələdiyyəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin Zirə bələdiyyəsinin mülkiyyətində olmadığını bildirmişdir. İddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, tələbini məhz hansı səbəbdən Zirə bəldiyyəsinə qarşı yönəltdiyini əsaslandırmamışdır. Ümumiyyətlə, torpaq sahəsinə hüququn tanınması inzibati mühakimə qaydasında baxılmalı iddia deyildir. İddiaçı tələbində Zirə Bələdiyyəsi tərəfindən onun hansı hüququnun pozulmasını, Bələdiyyənin hansı hərəkət və ya hərəkətsizliyinin onun hüquq və vəzifələrinə toxunmasını əsaslandıra bilməmişdir. Qeyd eilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar