Məhkəmə qərarları › İş №2-1(112)-6412/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6412/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6412/2024 14.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəlilliyinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onu (ailə üzvləri ilə birlikdə 4 nəfər tərkibdə) şəhid ailəsi kimi mənzil növbəliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsinə və mənzil növbəsinə götürülməsi ilə bağlı sərancam verilməsi öhdəliyinin Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Zilfı oğlu və ailə üzvləri X7 (həyat yoldaşı), X9 (qızı) və X11 (nəvəsi) ünvan 1 ünvanında yaşayır. X2 və nəvəsi X11 2018-ci ildən nikanin pozulmasınan sonra onlarla birlikdə yaşayır. Yaşayış yerinin deyişməyilə əlaqədar şəhid ailəsi kimi mənzil növbəliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətinə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda qeyd olunan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsində heç bir tikili yoxdur və yaşayiş üçün yararsızdır. İmtina məktubunda qeyd olunan torpaq sahəsi artıq onun mülkiyyətində deyil. Həmçinin, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 12.05,2008-ci il tarixdə adına qeydiyyata alınmışdır, lakin həmin yaşayış evi ona məxsus olmayıb və öz qohumuna kömək etmək üçün öz adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata almışdır. Oğlu - X20 xx.xx.2020-ci ildə Goranboy istiqamətində döyüş zamanı şəhid olub. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 4 maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli 5-38/2/420 saylı və xx.xx.2023-cü il tarixli 5- 10/1-2-250- 068/2023 saylı ərizələr ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşayış yerinin dəyişməsi ilə əlaqədar olaraq şəhid ailəsi kimi mənzil növbəliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının adına ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Həmçinin, məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış, lakin Bərdə regional "Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiqlənmiş 40-1703 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Beləliklə də, göründüyü kimi yaşayış sahəsi olmayan hərbi qulluqçuların sırf mənzillə deyil, torpaq sahəsi ilə də təmin olunması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (mənzil sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olması və mülkiyyətində olan fərdi yaşayış evini 5 ildən tez müddətdir ki özgəninkiləşdirməsinə görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamış və bu barədə iddiaçıya ətraflı izahat verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçının mənzil növbəsinə götürülməsinə imtina olunması hal-hazırda mülkiyyət hüquqları əsasında adına torpaq sahəsinin olması və mülkiyyətində olan fərdi yaşayış evini 5 ildən tez müddətdir ki özgəninkiləşdirməsi ilə bağlı olmuşdur. Qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının isə adına ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsi mövcuddur. Mülkiyyət hüquqları əsasında adına torpaq sahəsi olduğu halda bir şəxs neçə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində hesab oluna və dövlət hesabına ona kirayə xərcləri ödənilə bilər? Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının adına daşınmaz əmlak (mənzil) mövcud olmuşdur, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsini nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə belə halları (mənzil şəraitinin süni pisləşdirilməsi hallarını) aşkarlamaqdan ötrü ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olubolmaması barədə arayışın təqdim olunması xahiş olunur. Hesab edirik ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. iddia ərizəsində Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 003473 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 003474 nömrəli vəsiqənin surətinə əsasən X7 şəhid ailəsi üzvüdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-6037/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Zilfı oğlu xx.xx.2023-cü il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvana qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əlimuxtar Axundov küçəsində 0.00631 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 17.6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X10 adına xx.xx.2007-ci il tarixdə ******* nömrəsi ilə qeydiyyata alınmışdır. - X16 7 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisində səlahiyyətli orqanlara ünvanladığı xx.xx.2007-ci il tarixli ərizədə İddiaçı ünvan 5 ünvanına qeydiyyata alınmazına etiraz etmədiyini bildirmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş icraat materiallarından görünür ki: -Bərdə Rayon İcra Hakimiyyətinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-38/2/420 nömrəli məktubunda bildirilmişdir ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2022-cı ıl tarixli 172 nomrəl sərəncamı ilə birinci növbəlilik uzrə mənzil növbəsində olan şəhid ailəsi İddiaçı ərizə ilə müraciət edərək, daimi qeydiyyat ünvanını dəyişərək ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında qeydiyyata düşdüyü üçün mənzil növbəlilik sənədlərinin Binəqədi rayon İcra Hakimiyyətinə köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-cı maddəsinin 55 1 1-ci bəndinə əsasən İddiaçı mənzil növbəliliyi sənədlərindən görünür ki: - Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 284 nömrəli qərarı ilə Bərdə rayonunun Cəyirli kəndində yaşayan şəhid ailəsi İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsindən çıxarılması, onun mənzil növbəsi Bərdə rayon İcra Hakimiyyəti başçısının 172 nömrəli sərəncamına əsasən 08 dekabr 2022-ci il tarixdən hesablanması nəzərə alınması; Rayon İcra Hakimiyyəti başçısının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.V.Xəlilova şəhid ailəsi İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərinin müvafiq olaraq qeydiyyatı üzrə Binəqədi rayon İcra Hakimiyyətinə köçürülməsini təmin edilməsinin tapşırılması; Sərəncamın icrasına nəzarətin Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə tapşırılması qərara alınmışdır. - Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 08 dekabr 2022-ci İl tarixli, 172 nömrəli sərəncamından çıxarışa əsasən Rayon İcra Hakimiyyəti nəzdində Mənzil məsələləri ilə məşğul olan komissiyanın 30 noyabr 2022-ci il tarixli iclas protokolu təsdiq edilmiş, Aşağıda adları qeyd olunan imtiyazlı şəxslər birinci növbəlik üzrə mənzil növbəsinə götürülməsi qərara alınmışdır: - İddiaçı - xx.xx.1969-cu il tarixdə anadan olub, şəhid ailəsidir. Ünvanı:- ünvan 2i. Ailə üzvləri: - X8 -1971 arvadı, - X9 - X12 Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********84 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-1703 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. ünvan 2ində yerləşən 1.48 ha torpaq sahəsi xx.xx.2016-ci il tarixdə İddiaçı və X3 adlarına (ümumibirgə pay) adına qeydiyyatdan keçmişdir. xx.xx.2016-cı il tarixli, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun 4Ə-451 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş və 0.87 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli, Bərdə rayonu 1 saylı DNK-nın 4Ə-262 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. ünvan 2ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı Zilfı oğlunun adına qeydiyyatdan keçmişdir. Bərdə regional ASAN xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-120 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına ünvan 2ində 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ ilə (xx.xx.2024-xx.xx.2105 örüş otlaq) xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********86 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına olmuş ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, 4Ə-1703 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X4 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına 6 nəfər ailə üzvü ilə birlikdə olmuş ünvan 2ində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixli, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun 4Ə-451 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş və 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2005-ci il tarixli, Bərdə rayonu 1 saylı DNK-nın 4Ə- 262 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına olmuş ünvan 2ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi 25.01,2024-cü il tarixli, 4Ə-120 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. İddiaçı adına ünvan 2ində 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bərdə regional "ASAN xidmət" mərkəzinin notariat ofisinin xx.xx.2024 cü il tarixli 3M-80 reyestr nömrəli iicarə müqaviləsinə əsasən (carə hüququ xx.xx.2024- xx.xx.2105 örüş otlaq) xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X3 adına 6 nəfər ailə üzvü ilə birlikdə olmuş ünvan 2ində yerləşən 1.48 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun 4Ə-451 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş və 0.87 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixli, Bərdə rayonu 1 saylı DNK-nın 4Ə-262 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi X5 adına özgəninkiləşdirilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-10/2-Ə-250-068/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sizin adınıza ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan yaşayış məntəqlərinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır və hazırda mülkiyyətinizdədir. Bu səbəbdən müraciətdə qeyd olunan məsələnin müsbət həlli mümkün deyil. Eyni zamanda bildiririk ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə adınıza qeydiyyata alınmışdır, lakin Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X15 tərəfindən təsdiqlənmiş 4Ə-1703 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adma özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Nəzərinizə çatdırıram ki, mülkiyyətinizdə olmuş fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyinizlə bağlı yenidən Rayon İcra Hakimiyyətinə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı və X7 şəhid X13 ailə üzvləridir. İddiaçı Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 08 dekabr 2022-ci il tarixli, 172 nömrəli sərəncamı ilə ailə üzvləri: X8, X9, X12 olmaqla birinci növbəlik üzrə mənzil növbəsinə götürülmüş, daha sonra İddiaçı Zilfı oğlu xx.xx.2023-cü il tarixdən ünvan 5 ünvanına X10 razılığı ilə qeydiyyata düşmüş, Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 284 nömrəli qərarı ilə İddiaçı mənzil növbəsindən çıxarılaraq onun mənzil növbəliliyinin qeydiyyatı üzrə Binəqədi rayon İcra Hakimiyyətinə köçürülməsi üçün uçot sənədlərinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı qeydiyyatda olduğu ünvan üzrə ünvan 12r. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahəsinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) aid yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi varsa, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiqi üçün uçota alınmaq istəyən vətəndaşın mənzil şəraiti müraciətdən öncə uçota alınmasına mane olacaq dərəcədə qanunla nəzərdə tutulan minimal səviyyə və ondan yuxarı əliverişli vəziyyətdə olmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmağa xidmət edən müvafiq hərəkətlər etməklə (əmlakı satmaq, bağışlamaq və s.) şəxs öz əliverişli mənzil şəraitini pisləşdirmiş olsun. Qeyd olunanlar nəzərə alındıqda müəyyən olunur ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, xx.xx.2022-ci il tarixli, 4Ə-1703 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Həmçinin, ünvan 2ində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, xx.xx.2024-cü il tarixli, 4Ə-120 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bundan sonra iddiaçı Bərdə rayon İcra Hakimiyyətinin 08 dekabr 2022-ci il tarixli sərəncamı ilə mənzil növbəlilyinə qəbul edilmiş, eləcə də xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu üzrə pasport qeydiyyatına alınmış və xx.xx.2023-cü il tarixdə cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil uçotuna alınmasını xahiş etmişdir. Belə olan halda iddiaçının mülkiyyətində olmuş əmlakları özgəninkiləşdiməsi (alqı satqı və bağışlama) iddiaçının mənzil vəziyyətini qəsdən pisləşdirdiyi hal kimi qəbul edilir və bu halda iddiaçının vəziyyəti bilavasitə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşür. Beləliklə, iddiaçının mülkiyyətində olan yaşayış sahələrini özgəninkiləşdirilməsindən və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən müvafiq özgəninkiləşdirmə barədə əqdlərin bağlandığı tarixdən növbəti beş il müddət keçmədiyindən iddianın təmin edilməsi də hazırkı halda istisna edilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəlilliyinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar