Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6416/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı (İddiaçı) 4 mart 2021-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 2 aprel 2021-ci il tarixli məktubla müraciətdə qaldırılan məsələnin həllindən imtina edilmişdir. İddiaçı 1 sentyabr 1971-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 1 yanvar 2006-cı il tarixədək 34 il əmək stajına malikdir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə – Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür, Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə, və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. AR Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nın 1.1-cibəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2ci maddəsinə əsasən sosial sığorta stajı, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilənlərə və İPM-in 12.1, 14.3, 58.7, 68, 69-cu maddələrinə əsaslanaraq, iddiaçıya 65 yaşı tamam olduğu 2 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 7, 21.1, 31.1-1 maddələrinin məzmunundan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarının müddəalarından görünür ki, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı 5 aprel 1994-cü il tarixdən 3 may 2001-ci il tarixədək 446 saylı Tikinti İdarəsində və 10 may 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək X3 İstismar müəssisəsində işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin müəssisələrin hal-hazırda fəaliyyətinin olmaması və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən sosial sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 3 iyun 2021-ci il tarixli **********636100 nömrəli məktubunda həmin kommersiya qurumlarının aşkar edilmədiyi və AR Dövlət Statistika Komitəsinin 10 iyun 2021-ci il tarixli 01/3-1269 nömrəli məktubunda da həmin müəssisələrlə bağlı məlumatların mövcud olmadığı qeyd olunmuşdur. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç biri ödənilmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarıılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ tərəfindən 4 noyabr 2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 2 mart 1956-cı il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, 7-ci mikrorayon, məhəllə 3123, ev 4, mənzil 61-dir. İş materiallarında olan 284901 nömrəli 27 iyul 1974-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1971 – 1974-cü illərdə Bakı şəhəri 54 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, 2 mart 1956-cı il tarixdə doğulmuş İddiaçı 1974-cü ilin noyabr ayından 1976-cı ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Vəkil Bürosuna ünvanlanmış 8 may 2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Vətəndaş İddiaçı 1994 – 2001-ci illərdə işlədiyi 446 saylı Tikinti İdarəsi ilə bağlı verilmiş vəkil sorğusuna baxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədlərinə əsasən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 22 noyabr tarixli 564 nömrəli qərarı ilə "xxxx" Dövlət Şirkətinin strukturuna daxil edilmiş 446 saylı Tikinti İdarəsi hüquqi ünvanı Bakı şəhəri, Nobel prospekti, 4 olmaqla 6 avqust 1996-cı il tarixdə D-1353 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Həmin İdarə 2004-cü ildən hazırkı dövrədək VÖEN alınması üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının DSMF Məhkəmə Mübahsələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubunda «Əmək Pensiyaları haqqında» AR Qanununun 1.0.2, 7, 22-1.1, 27.1, 29.1-1 maddələrinə istinad olunaraq aşağıdakılar bildirilir: - Vətəndaş İddiaçı təqdim etdiyi 17 sentyabr 1976-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçası və ******* nömrəli hərbi biletinə əsasən 1 yanvar 2006-cı il tarixədək 21 il 2 ay 8 gün ümumi iş stajı və ona uyğun olaraq 16.147 manat pensiya kapitalı («Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələri tətbiq olunmaqla) hesablanmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə X5, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin 14 mart 2021-ci il tarixli xidməti məruzəsinə əsasən vətəndaşın 5 aprel 1994-cü il tarixdən 3 may 2001-ci il tarixədək işlədiyi 446 saylı Tikinti İdarəsi və 10 may 2001-ci il tarixdən 1 may 2006-cı il tarixədək işlədiyi faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından araşdırılmamış və həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Mübahsələndirilən dövrlər sığorta stajına daxil edildikdən sonra vətəndaşın 1 yanvar 2006-cı il tarixə 32 il 10 ay 27 gün sığorta stajı toplanmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 2 mart 2021-ci il tarixə tələb olunan pensiya kapitalı 28.800 manatdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə əsasən həmin Qanunun 22.1.1-ci maddəsi tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı həmin Qanunun 7-ci maddəsi ilə tələb olunan 25 il sığorta srajı və 28.800 manat pensiya kapitalı, eləcə də, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bu səbəbdən, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları yaşa görə əmək pensiyasını iki şərtlə mümkün sayır: şəxsin müvafiq yaş həddinə (2021-ci ildə kişilər 65 yaşına) çatması və fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, bu mümkün olmadıqda azı 25 il sığorta stajının olması. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının 2 mart 2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur, tələb olunan 28.800 manat pensiya kapitalının qarşılığında onun fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalının məbləği 16.137 manatdır. İddiaçının sığorta stajı ilə bağlı qeyd olunmalıdır ki, əmək kitabçasına əsasən o, 1974-cü ildən əmək fəaliyyətinə başlamış (1974 – 1976-cı illərdə hərbi xidmətdə olmuşdur) 2010-cu ilin fevral ayınadək işləmişdir. Qanunvericilik 2002-ci ilin yanvar ayından sığorta stajına məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müddətin daxil edilməsini nəzərdə tutur. Bu səbəbdən də, 2006-cı ilin yanvar ayından başlayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsinə hər hansı vəsait toplanmadığından, həmin müddət sığorta stajı kimi qəbul edilə bilməz. 2006-cı ildən əvvəlki dövrə gəldikdə isə, cavabdeh inzibati orqanın bildirdiyinə əsasən 2006-cı ilədək əmək kitabçasında sadalan müəssisələrdə 21 il 2 ay 8 gün sığorta stajı toplanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 5 aprel 1994-cü il tarixdən 3 may 2001-ci il tarixədək və 10 may 2001-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan ümumilikdə 11 il 8 ay 19 gün dövrü sığorta stajı kimi nəzərə almamış və bu mövqeyi h\min dövr üzrə müəssisənin faktiki və arxiv sanədlərinin saxlandığı ünvanın məlum olmaması səbəbindən araşdırılmanın aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin bu mövqeyi ilə tam razılaşmır və vurğulayır ki, iddiaçının işlədiyi "xxxx" Dövlət Şirkətinin strukturuna daxil edilmiş 446 saylı Tikinti İdarəsinin VÖEN açılmasa da, 1996-cı ildə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanı barədə məlumatın mövcudluğu Dövlət Vergi Xidmətinin 8 may 2021-ci il tarixli müvafiq məktubu ilə təsdiqini tapır. Həmin müəssisənin sənədlərinin saxlanılmaması iddiaçının iradəsindən asılı olmamış və onun əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqətə uyğun olması da heç bir yetərli sübutla təkzib olunmur. Odur ki, əmək kitabçasındakı iş stajı ilə bağlı qeydlər 2002-ci ilin yanvar ayının 1-dək olan hissədə sığorta stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər üzrə iş stajı 5 aprel 1994-cü il tarixdən sonra 7 il 7 ay 26 gün təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının 1971 – 1974-cü illərdə texiniki peşə məktəbində aldığı təhsil dövrü də «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən iş stajına daxil olunur. Mübahisələndirilən həmin (7 il 7 ay 26 gün) iş stajı və texniki peşə təhsili dövrü ilə cavabdeh inzibati orqanın iş stajı kimi qəbul etdiyi 21 il 2 ay 8 gün müddətlə birlikdə təsdiq olunur ki, iddiaçının 25 ildən artıq iş stajı toplanmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaçı 1956-cı il təvəllüdü İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, inzibati orqqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 108.2-ci maddəsinə görə dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İş materiallarından görünür ki, İddiaçı ilə Vəkil arasında 30 aprel 2021-ci il tarixdə “Hüquqi xidmətin göstərilməsi haqqında” 478 nömrəli müqavilə bağlanmış və həmin müqavilə üzrə İddiaçı tərəfindən 300 manat ödəniş edilmişdir. Mübahisə ilə bağlı vəkilə çəkilən haqqa gəldikdə isə, məhkəmə iddia ərizəsində göstərilən 300 manat məbləği mübahisənin həlli üzrə məhkəmə xərci kimi ağlabatan qiymətləndirio və iddianı əsaslı saydığından, həmin məbləğin iddiaçının xeyrinə cavabdehdən tutulmasını məqsədəuyğun bilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 65 yaşı tamam olduğu 2 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsait cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu 2 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində vəsait cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından tutularaq İddiaçı ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6416/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6416/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver