Məhkəmə qərarları › İş №2-1(112)-6416/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6416/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6416/2024 19.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 11.01.2024-cü il tarixli, **********5 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 149 (Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı (bundan sonra - iddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X11 və X4 ünvan 2 ünvanında qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra– Cavabdeh) müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X11 və X1 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Məktubda iddiaçıya məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu izah edilmişdir.

5. Bundan sonra İddiaçı cavabdehlər X7 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X11 və X1 tam hüquqi sahibiyində olan - Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 saylı evin 149 nömrəli mənzilindən (Yeni qaydalarla - AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 120, M13, mənzil 2) pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. 26.02.2024-cü il tarixdə iddiaçı ərizə təqdim edərək, iddia tələbini və cavabdehi dəqiqləşdirmiş və cavabdehlər X11 və X1 cavabdeh qismində prosessual iştirakına xitam verilməsini, həmin şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, habelə X6 və X1 Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758- 759-cu məhəllə, 62 saylı evin 149 nömrəli mənzilindən qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadları ilə ərizə təmin edilmiş, əsl olmayan cavabdehlər X11 və X4 əsl cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi (bundan sonra – Cavabdeh) ilə əvəz edilmiş, iddia tələbi “X6 və X1 Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 saylı evin 149 nömrəli mənzilindən qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması” kimi müəyyən edilmiş, X11 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qisimində məhkəmə icraatına cəlb edilmişdir.

8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 saylı evin 149 nömrəli mənzilindən (Yeni qaydalarla - AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 120, M13, mənzil 2) X1 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi müəyyən edilməsini xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, iddia tələbi “Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 saylı evin 149 nömrəli mənzilindən (Yeni qaydalarla - AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 120, M13, mənzil 2) X1 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması” şəklində qəbul olunmuş və X6 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. İİ Tərəflərin əsaslandırması: 10.İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 149 (yeni qaydalarla - AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 120, M13, mənzil 2) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********88- 05301-093105 nömrəli çıxarış ilə onun adınadır, mülkün tam hüquqi sahibidir, həmçinin həmin ünvanda pasport qeydiyyatında olaraq, yaşayır. Öz razılığı ilə oğlu xx.xx.1991-ci il təvəllüdlü - X8 və gəlini xx.xx.1991-ci il təvəllüdlü X3 zamanında qeydiyyatda olduğu və yaşadığı 149 saylı mənzilə qeydiyyata almışdır. Artıq uzun müddətdir ki, qeydiyyatda olduğu və yaşadığı həmin ünvanda oğlu və onun ailəsi ona mənəvi əziyyət verdiklərinə, onu bir böyük kimi dinləmədiklərinə, psixoloji təsirlər göstərdiklərinə görə ı öz razılığı ilə zamanında qeydiyyata aldığı tam mülkiyyətində olan mənzilinin pasport qeydiyyatından çıxarmaq qərarına gəlmişdir. Həmçinin, X5 uzun müddətdir ki, mülkiyyətində olan mənzildə yaşamır, könüllü tərk edib atası evinə getmişdir. Bu da o deməkdir ki, onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı vardır.

11. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. 12.Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

16. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. 19.İddia həm də əsaslıdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 006242 nömrəli, xx.xx.2005-ci il tarixli orderindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı, 54.3 kv.m yaşayış sahəsi olan 149 saylı mənzil İddiaçı istifadəsinə verilmişdir. 20.MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62 ünvanında yerləşən 149 saylı mənzilə İddiaçı mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona xx.xx.2010-cu il tarixdə çıxarış verilmişdir.

21. xx.xx.2013-cü il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakının Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr kitabının 1216 nömrəli 110602 vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********88-05301-093105 qeydiyyat nömrəsi ********** olan xx.xx.2010-cu il tarixdə verilmiş Çıxarış əsasında ona məxsus olan ümumi sahəsi 98.6 kv.metr, yardımçı sahəsi 44.3 kv.metr, yaşayış sahəsi 54.3 kv.metr olan və ünvan 5 ünvanda yerləşən 3 (üç) otaqlı mənzili oğlu X7 təmənnasız bağışlamışdır.

22. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62 ünvanında yerləşən 149 saylı mənzilə X6 mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona xx.xx.2013-cü il tarixdə çıxarış verilmişdir.

23. xx.xx.2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, Bakı şəhəri 21-ci DNO tərəfindən 24 aprel 2013-cü il tarixdə İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə yerləşən 62 saylı evin 149 nömrəli mənzilinə dair X11 ilə bağlanmış 4Ə-66 reyestr nömrəli bağışlama müqaviləsi 1-ci tərəf və 2-ci tərəfin razılığı əsasında ləğv edilmişdir. 24.11.01.2024-cü il tarixli, **********5 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 149 saylı mənzil hazırda İddiaçı mülkiyyətindədir. 25.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-939/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X11 ilə cavabdeh X4 arasında xx.xx.2013-cü il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 738 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. 26.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758-759, ev 62, mənzil 149 (yeni qaydalarla: AZ 1007, ünvan 6 ünvanı üzərində mülkiyyət, istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X4 xx.xx.2018-ci il tarixdən hazıradək, Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllə, 62 saylı evin, 149 nömrəli mənzilində (yeni qaydalarla- AZ1007, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 120, M13, mənzil 2) yaşayış sahəsi üzrə qeydiyyatdadırlar. 28.Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisidir, üçüncü şəxs 2018-ci ildə həmin ünvan qeydiyyata alınmışdır. İddiaçı hazırda üçüncü şəxs Röya Əhmədlinin mübahisəli ünvanda yaşamadığını və həmin yaşayış sahəsinə heç bir hüququnun olmadığını iddia edərək hazırkı iddianı qaldırmışdır. 29.Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

30. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

31. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.

32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

33. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

35. Hazırkı məhkəmə qərarının 19-27-ci bəndlərində sadalanan sübutlara əsasən müəyyən edilir ki, iddiaçı mübahisəli mənzili xx.xx.2013-cü il tarixdə oğlu Rüfət Əhmədliyə bağışlamış, Rüfət Əhmədli xx.xx.2013-cü il tarixdə üçüncü şəxs Röya Əhmədli ilə nikah bağlamış və nikahda sonra onun mülkiyyətindəki 149 saylı mənzilə qeydiyyata alınmasına icazə vermişdir. xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsi ləğv edildiyindən 149 saylı mənzilə mülkiyyət hüququ iddiaçıya keçmiş, həmçinin Rüfət Əhmədli və Röya Əhmədli arasında olan nikaha xx.xx.2024-cü il tarixli məhkəmə qərarı əsasında xitam verilmişdir. 149 saylı mənzilin Rüfət Əhmədli və Röya Əhmədlinin birgə nikahı dövründə əldə edilməsi, buna uyğun olaraq Röya Əhmədlinin həmin yaşayış sahəsinə hər hansı bir hüququnun olması və həmin mənzildə yaşaması işin qeyd olunan hallarına əsasən müəyyən edilmir. Belə olan halfda, məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarında təsbit olunan şərtlərin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı bu tələbində haqlıdır. Buna görə də iddia təmin olunmalıdır.

36. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:

İddia təmin olunsun. Üçüncü şəxs xx.xx.1991-ci il təvəllüdlü X1 Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 62 ünvanında yerləşən 149 saylı mənzil (Yeni qaydalarla: AZ 1007, ünvan 1 üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar