Məhkəmə qərarları › İş №2-1(112)-6417/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6417/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6417/2024 03.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ödənilməmiş mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ödənilməmiş mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 205 №-li Sərəncamına əsasən İddiaçı 4 nəfər (özü, 3 qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə götürülmüş və vətəndaşların birinci növbəlilik siyahısına daxil edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, həmin tarixədək cavabdeh tərəfindən ona mənzil kirayə haqqı ilə əlaqədar pul kompensasiya ödənilmiş, pasport qeydiyyatı ləğv eidldikdən sonra ödənişlər dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10188/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarı il iddia tələbi təmin eidlərək iddiaçının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binası üzrə ünvana qeydiyyata alınması öhdəliyi iddiaçının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilmişdir. İddiaçı Bakı şəhəri Cavabdeha (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ödənilməmiş mənzil kirayə haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mənzil kirayəsi xərcləri ilə bağlı bildiririk ki, ehtiyata və ya istefaya buraxılmış vətəndaşlara müvəqqəti mənzilin kirayəsi xərcləri Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 №-li Qərarının 1-ci maddəsinin tələbləri qaydasında tənzimlənir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi xərcləri ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 №-li Qərarının 1-ci bəndinin tələbləri Sizə şamil olunmadığından, ailənizə müvəqqəti mənzilin kirayəsi xərclərinin ödənilməsi yolverilməzdir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 2023-cü il tarixində ödənilməmiş 10 ayın mənzil kirayə haqqı pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 mart 2017-ci il tarixində ailə münasibətlərinə 2(005)-89/2017 №-li Bakı şəhəri Narimanov Rayon Məhkəməsinin Qətnaməsi ilə son qoyulduqdan sonra, yaşadığı mənzildən qeydiyyatdan çıxaraq, Narimanov rayon pasport qeydiyatına götürülmüşdür. Bakı şəhəri Cavabdehin Başçısının xx.xx.2017-ci i! tarixli 205 №-li Sərəncamı ilə, o və üç qızı mənzil növbəsinə götürülərək kirayə pullarını ödəmişlər. xx.xx.2023-cü il tarixində Nərimanov rayon pasport şöbəsi qanunsuz olaraq, onu pasport qeydiyatından çıxardıb, konstitusiya hüquqların pozmuşlar. Cavabdeh, Nərimanov rayon Pasport şöbəsinin qərarına, şifahi olaraq istinad edərək, mənzil kirayə pullarının ödənişisini dayandırmışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə iddiaçı isə özünü hansı statusla Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılması barədə sübutları məhkəməyə təqdim etmir və inzibati orqanın qeyri-qanuni hərəkətlərinin və ya hərəkətsizliyinin nədən ibarət olduğunu əsaslandıra bilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş materialları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 205 №-li Sərəncamına əsasən Nərimanov rayonu, T.H. Məmmədov küçəsi, ev 9 (Nərimanov Rayon Polis İdarəsinin inzibati binası) ünvanından Qarabağ müharibəsi iştirakçısı kimi ailə tərkibi 4 nəfər olmaqla mənzil növbəsinə götürülmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, həmin tarixədək cavabdeh tərəfindən ona mənzil kirayə haqqı ilə əlaqədar pul kompensasiya ödənilmiş, pasport qeydiyyatı ləğv eidldikdən sonra ödənişlər dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10188/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarı il iddia tələbi təmin eidlərək iddiaçının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binası üzrə ünvana qeydiyyata alınması öhdəliyi iddiaçının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilmişdir. Hazırda iddiaçı 2023-cü il tarixinə ödənilməmiş 10 ayın mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 12.7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir:.. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixin Qərardadında hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: ....Konstitusiya Məhkəməsinin Plenumu qanunvericinin hərbi qulluqçuların mənzil hüququnun həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi bəzi məhdudiyyətlərlə əlaqədar qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 94-cü maddəsi ilə dövlətin sosial sahə ilə bağlı vəzifələrinin əsaslarının, ümumi qaydaların müəyyən edilməsi qanunvericinin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Belə ümumi qaydalar isə müxtəlif xarakterli münasibətlərin onların spesifik xüsusiyyətlərindən asılı olaraq müvafiq sahəvi hüquq normaları ilə fərqli (özünə xas olan) məzmunda tənzimlənməsini istisna etmir, bəzi hallarda isə (məsələn mülki və cinayət qanunvericilik sahələrində) fərq qoyulmasını zəruri edir. Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosialtəminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.8 və 41.0.9-cu maddələrində nəzərdə tutulan əsaslarla ehtiyata buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. təmin edilməməsi ilə bağlı qaydanın bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən hüquqi qiymətləndirilməsi üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olmaları dəqiqləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutubtutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, qanunverici zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir. Yəni öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1998-ci il tarixli əmrlə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həm Qanunda, həm də Nazirlər Kabinetinin Qərarında, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərardadındakı hüquqi mövqeyə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə mənzil kirayə xərcinin ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı isə zabit heyətinə aid olsa da, lakin sadalanan səbəblərdən deyil, xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından və bununla da hər iki normativ aktda qeyd olunan kateqoriya hərbi qulluqçulara aid olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Buna görə də məhkəmə cavabdehin imtinasını əsaslı, iddiaçının tələbinin isə əsassız olması nəticəsinə gələrək hesab edir ki, iddia təmin olunmamalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ödənilməmiş mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar