Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6418/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə qarşı “daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı şəhəri, Keçmiş 26 Bakı Komissarı rayon X4 İcraiyyə Komitsəinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə, ev 145 ünvanda yerləşən 2 otaqlı ev 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. Ailə üzvlərinin tərkibi atası X7, anası X1, bacısı X5 və iddiaçı X2 ibarət olmuşdur. İddiaçı ailə üzvləri ilə həmin evə köçüb yaşamışdırlar. İddiaçı və bacısı həmin evdə bu günədək qeydiyyatdırlar. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Hazırda İddiaçı xx.xx.2004-cü ıl tarixində vəfat etmiş atası X3 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsini istəyir. Tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, giriş 14, 145 nömrəli mənzilin (hal-hazırda şəhid İqor Ağayevin adına İqor Ağayev küçəsi adlanır) daimi və ya xidməti order əsasında verilib-verilməməsinə dair, 184516 nömrəli 16 mart 1980-ci il tarixli order üzrə 145 nömrəli mənzilin özəlləşdirilməsinin mümkün olub-olmaması, buna icazənin olub-olmaması barədə xx.xx.2024-cü il tarixli 358 nömrəli sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti həmin sorğuya cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli 6436 saylı məktubda ünvan 2 ünvanına verilmiş 19 mart 1980-cı il tarixli, 184516 nömrəli order daimi order olması və sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansında olduğu, Azərbaycan Respublikasının hərbi qulluqçuların statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan ünvanın özəlləşdirilməsi ümumilikdə məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, giriş 14, 145 nömrəli mənzilin özəlləşdirilməsinə icazə verilməsindən imtinası əsassız olmuşdur.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
4. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi Müdafiə Nazirliyinin balansınada olan yaşadığı mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasının razılaşdırılaraq buna dair qərarın verilməsi ilə bağlıdır.
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir
7. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
8. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na əsasən: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
9. Göründüyü kimi cavabdeh qurumun yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razılıq verilməsi, buna dair qərar qəbul edilməsi vəzifəsi (səlahiyyəti) yoxdur.
10. Bununla bağlı məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə (cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin əsl cavabdeh Səbail Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsi, həmçinin sonuncuya müvafiq tələb ilə mürəciətin və müraciətin çatmasını təsdiq edən sənədin əldə edilməsi məqsədi ilə) iclaslar təyin olunsa da, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclaslarında iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır.
11. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva