Məhkəmə qərarları › İş №2-1(112)-6419/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6419/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6419/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X2 8 aprel 2019-cu il tarixdən 13 oktyabr 2020-ci il tarixədək Bakı şəhəri Xəzər Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirmiş, özünü nizam-intizamlı və işgüzar işçi kimi təqdim etmiş, xidməti geyim formasını səliqə ilə daşımışdır. Lakin, xidmət etdiyi müddət ərzində xidmətin təşkilində müəyyən nöqsanlarla qarşılaşmışdır. Belə ki, "xxxx" ASC-yə məxsus tikintinin yerləşdiyi ərazinin ətrafını xidməti avtomobil vasitəsi ilə mühafizə zamanı Baş Mühafizə İdarəsindən hər gün əməkdaşlara xidməti avtomobil üçün ayrılmış yanacaq pulunun bir hissəsi verilirdi. Həmin məbləğə yanacaq bütün ərazini maşınla hərəkət edərək nəzəratdə saxlamaq üçün kifayət etmirdi. Bəzi günlərdə o, öz vəsaiti hesabına xidməti avtomobilə yanacaq doldururdu. Bu barədə yuxarı rəhbərliyə məlumat vermək istəsə də, cəzalandırılacağıdan ehtiyat etmişdir. 2020-ci ilin oktyabr ayında mühafizə etdiyi əraziyə xidməti yoxlama gəlmiş və bu zaman maşının yanacağı qurtardığından, iddiaçı ayrılmış mühafizə otağında havanın soyuq olması ilə əlaqədar xidməti formanın uzun qol köynəyini geyinmişdir. Yoxlamanı aparan şəxslər tərəfindən ona bu barədə irad bildirilmiş və səhəri gün o, Baş Mühafizə İdarəsinə çağırılmışdır. Burada iddiaçı işin həqiqi (faktiki) halları barədə məlumat verərək, ona ünvanlanan iradlarla bağlı əslində təqsirinin olmaması barədə məlumat vermişdir. Buna baxmayaraq xidməti araşdırma aparılmadan, xəbərdarlıq edilmədən 13 oktyabr 2020-ci il tarixdə o, BMİ-1377 ş/h nömrəli əmrlə işdən qanunsuz olaraq azad edilmişdir. İsdən çıxarıldıqdan bir neçə gün sonra, 16 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə getmiş, Hadrut, Suqovuşan və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə xüsusi şücaət göstərdiyi üçün “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müharibə ərzində qüsursuz xidmətimə görə müvafiq hərbi hissə komandiri ona təsəkkünamə vermişdir. Müharibədən qayıtdıqdan sonra səhhətimdə problemlər yarandığı üçün yaşadığı ərazi üzrə qeydiyyatda olduğu tibb müəssisəsində vaxtaşırı müayinə olunmuş və müalicə almışdır. Ailəlidir, maddi imkanları ağırdır. İşləməyə ehtiyacı olduöundan "xxxx" MMC-yə mühafizəçi vəzifəsinə təyin olunmuşdur. Lakin qısa müddət sonra ona bildirilmişdir ki, əvvəlki iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq işdən azad olunduğundan, onun həmin işdə saxlanması mümkünsüzdür. Beləliklə o, həmin işdən də azad olunmuşdur. Yenidən işləmək üçün başqa ünvanlara müraciət etsə də, məsələ müsbət qarşılanmamışdır. Yuxarıda göstərlənlərə əsasən, iddiaçı hesab edir ki, xidməti araşdırma aparılmadan, heç bir əsas olmadan onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı, ona qarşı yol verilmiş kobud qanun pozuntusudur və eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı kimi konstitusion hüquqlarının və qanunun aliliyinin kobud şəkildə pozulmasıdır. Buna görə də hesab edir ki, işdən çıxarılmağı qanunsuz, əsassız və ədalətsiz olduğundan, DİN Baş Mühafizə İdarəsinin 13 oktyabr 2020-ci il tarixli BMİ-1377 ş/h nömrəli əmr məhkəmə qaydasında ləğv edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60-cı maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 10, 11-ci maddələrinə, İPM-in 12, 45, 46, 58.7-ci maddələrinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Cavabdeh 13 oktyabr 2020-ci il tarixli BMİ-1377 ş/h nömrəli əmrinin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üzrə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddiaçı tərəf məhkəməyə həmçinin “buraxılmış prosessual müddətin bərpa olunması bərədə” ərizə də təqdim etmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmənin 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının “buraxılmış prosessual müddətin bərpa olunması bərədə” ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1017/2023 saylı iş üzrə 16 yanvar 2023cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahis predmeti olan 13 oktyabr 2020-ci il tarixli əmrin surəti iş materiallarına əlavə edilməmişdir, birinci instansiya məhkəməsi iddiaçının buraxılmış prosessual müddətin bərpasına dair ərizəsindəki hallara, onun 16 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə yollanması, Hadrut, Suqovuşan və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etməsi, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunması, müharibədən qayıtdıqdan sonra mütəmadi müalicə olunması barədə dəlillərinə zəruri əhəmiyyət verməmiş və yetərincə nəzərə almamışdır. Bundan başqa, inzibati iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh iddiaçıya ünvanlanmış 17 iyun 2022-ci il tarixli məktubunda qeyd edilir ki, . . . Baş Mühafizə İdarəsinin 13 oktyabr 2020-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən olunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Belə olan halda, Baş Mühafizə İdarəsinin 13 oktyabr 2020-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyindən, hazırkı tələbin ümumi, yaxud inzibati məhkəmə aidiyyəti məsələsi də araşdırılmalıdır. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan iş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi, buraxılmış prosessual müddətin bərpasə barədə ərizəsinin və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının “buraxılmış müddətin bərpası barədə” ərizəsi və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, iş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra mübahisə predmeti olan 13 oktyabr 2020-ci il tarixli BMİ-1377 ş/h nömrəli əmrin surəti cavabdehin nümayəndəsi tərəfindən məhkəmə icraatına təqdim olunmuşdur. Əmrin surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh 13 oktyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən hazırkı İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bununla da müəyyən edilir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Cavabdeh arasında əmək münasibətləri mövcud olmuşdur. Məhkəmə mübahisələri üzrə cavabdeh qurumun inzibati orqan olub-olmamasından asılı olmayaraq, iddiaçı dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutmadığı halda, 13 oktyabr 2020-ci il tarixli əmrin ona aid hissədə mübahisələndirilməsi tələbi üzrə hazırkı mübahisə publik deyil, mülki xarakteli qiymətləndirilir. 13 oktyabr 2020-ci il tarixli müvafiq əmrin qalan hissədə (əmrdə bir neçə şəxsə münasibətdə qəbul olunmuşdur) mübahisələndirilməsi üçün hazırkı iddiaçının subyektiv hüququ mövcud deyil. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan 13 oktyabr 2020-ci il tarixli əmr yalnız hazırkı iddiaçı barəsində qəbul olunmamışdır. Məhkəmənin qənaətinə görə hazırkı halda da tərəflər arasında inzibati münasibətlər olmamış və bu səbəbdən də yaranmış mübahisə publik (inzibati) xarakterli deyil. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. “Buraxılmış prosessual müddətin bərpası barədə” ərizəyə gəldikdə isə, müddətin buraxılma səbəblərinin üzürlü sayılıb-sayılmamasından asılı omayaraq, həmin ərizəyə də inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Çünki, ərizə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia (o cümlədən “mübahisələndirmə haqqında” iddia) üzrə verilməmişdir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. İPM-in 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. İPM-in 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. Bu Məcəllədə müvafiq prosessual müddətlərin buraxıldığı hallarda bərpa olunmasına dair ərizələrin verilməsi və bu müddətlərin proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda təmin olunması nəzərdə tutulsa da, ərizə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmayan (o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılmalı) iddialar üzrə təqdim edildikdə, tətbiq edməli prosedur qayda və nəticə əks olunmamışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmənin belə qənaətə gəlir ki, inzibati məhkəmə icraatında bu halı tənzimləyən konkret müddəa olmadığından, “buraxılmış prosessual müddətin bərpasə barədə” ərizə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan, daha dəqiq desək mülki məhkəmə icraatı qaydasında baxılmalı işlər üzrə verildikdə, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”. Çünki, məhkəməyə “iddia ərizəsi”nin daxil olması zamanı iddiaya və “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyəti üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fəqlənmir (həmin vaxtadək olan vəziyyəti dəyişdirmir) və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. “Buraxılmış prosessual müddətin bərpa olunması barədə” ərizə mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar