Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-642/2020 14.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı Xalıqverdi oğlunun cavabdeh - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “test tapşırıqlarında verilən tapşırıqların iddiaçının iştirakı ilə araşdırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı Xalıqverdi oğlu cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı imtahanda iddiaçıya düşmüş test tapşırıqlarına onun verdiyi cavabların iddiaçının və digər mütəxəssislərin iştirakı ilə araşdırılaraq baxılmasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana əsasən kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında (Səhiyyə Nazirliyinin Elmi- Tibbi Kitabxanasının binasında) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifıkasiya Komissiyasının keçirdiyi Həkimlərin Sertifıkasiya imtahanında (iş N 0120085) nevrologiya ixtisası üzrə iştirak etmişdir. İmtahandan sonra təqdim olunan test sualları üzrə nəticəsinin 39 (keçid bal 40 tələb olunur), kliniki tapşırıqlar üzrə isə 20 (keçid balı 16 tələb olunur) olduğunu öyrəndi. Göründüyü kimi kliniki tapşırıqlarda nəticəsi yüksək olduğu halda test suallarında keçid üçün 1 bal çatışmamışdır. Bununla əlaqədar bildirir ki, imtahanda ona elan olunan nəticə onu ciddi şəkildə qane etmir və cavablandırdığı test suallarındakı “səhv” hesab olunan cavablara etiraz edir. Çünki, hələ may ayında keçirilən ilk imtahanda nəticələrinin test sualları üzrə 37, kliniki tapşırıqlar üzrə 16 olması elmi biliyinə arxayın və uzun illərin həkimi olaraq onda şübhələr və imtahan nəticələrinin subyektiv olaraq saxtalaşdırılması qənaətini yaratmışdır. Çox təəssüf ki, o zaman səhv cavabları ilə tanış olmaq imkanı ona verilməmişdir. Buna baxmayaraq cari mərhələ üzrə imtahana daha ciddi hazırlaşsa da təəssüf ki, yenidən oxşar mənzərə ilə qarşılaşdı. İmtahan nəticələri elan olunandan sonra test cavablarının obyektiv qiymətləndirilməməsi, imtahan nəticəsinə subyektiv müdaxilələrin olması və qərəzli olaraq səhv hesablanması barədə şəxsən komissiyanın sədr müavini Fariz Babayevə iradlarını şifahi bildirsə də müvafiq tədbir görülməmişdir. Bununla əlaqədar yəni, imtahan nəticələrimin yenidən və mütəxəssislərin iştirakı ilə yoxlanılması və ədalətin bərpası məqsədilə xx.xx.2019-cu il tarixindən başlayaraq yazılı və sifarişli xəbərnamə ilə (həm də elektron sorğu qaydasında) həm Sertifıkasiya Komissiyasına, həm də Səhiyyə Nazirliyinə etdiyi 4 apelyasiya şikayəti ərizələri də 1 aya yaxın vaxt keçməsinə baxmayaraq baxılmamış və ona heç bir rəsmi cavab verilməmişdir. Apelyasiya şikayətilə əlaqədar Səhiyyə Nazirliyinin ***-***-**-** (daxili nömrə 374) qaynar xətli ilə bir neçə dəfə əlaqə yaradıb müraciətlərinin aqibəti ilə maraqlandıqda yalnız ərizələrinin Sertifıkasiya Komissiyasına yönləndirildiyi haqqında məlumat əldə edə bilmişdir. Bildirir ki, o, müraciətində imtahandan sonra cavabları ilə əlaqədar ona elan edilmiş nəticələrinin həqiqəti əks etdirmədiyini bildirmiş və "səhv" hesab olunan cavablarına apelyasiya qaydasında yenidən onun və mütəxəssislərin iştirakı ilə baxılmasını və araşdırılmasını xahiş etmişdir. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 06 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli teleqramla məhkəməyuə müraciət edərək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasına razılığını bildirmişdir, cavabdeh orqan isə təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdir. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən nevrologiya ixtisası üzrə keçirilən həkimlərin sertifikasiya imtahanında iştirak etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən sertifikasiya imtahanın nəticəsi olaraq T.Abdullayev “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Nevrologiya şöbəsinin müdiri vəzifəsindən azad edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 2411-K nömrəli xx.xx.2019cu il tarixli Əmrinin surətində göstərilmişdir: “T.X.Abdullayevin vəzifədən azad etmə "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Nevrologiya şöbəsinin Şöbə müdiri (həkim nevropatoloq) İddiaçı Xaliqverdi oğlu ilə bağlanmış 20214 nömrəli Əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilsin. ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 42 təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılsın. T.X.Abdullayevin son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsin. Əsas: 1. Səhiyyə Nazirliyinin xx.xx.2019 il tarixli elektron məktubu; 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə.” İş materiallarından görünür ki, iddiaçı sertifikasiya imtahanın nəticələrindən narazı qaldığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müvafiq ərizə ilə müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanan xx.xx.2019-cu il tarixli 5-35/A-23609/5 nömrəli məktubda bildirilmişdir: “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığınız sertifikasiya imtahanının nəticələri barədə ərizəyə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda göstərildiyi kimi yalnız cavab kartı düzgün qiymətləndirilmədikdə müvafiq komissiya tərəfindən yenidən balların hesablanması aparılır. Ərizədə qeyd etdiyiniz hallar Sizin tərəfinizdən yol verilən səhvlərin nəticəsi kimi qiymətləndirilir.” Göründüyü kimi, yuxarıda qeyd edilən imtina məktubundan, həmçinin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən tərəflərin izahatından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən sertifikasiya imtahanının nəticələrindən narazı qalan T.Abdullayevin müraciəti mövcud qanunvericiliyə uyğun olaraq onun iştirakı ilə araşdırılmamışıdr. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanan məktubdan müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaradılan Sertifikasiyası Şurasına mövcud qanunvericilikdə göstərilən müddətdə müraciət etməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan X1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən X1 prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən X1 Şurası (bundan sonra — Sertifikasiya Şurası) yaradılır və Əsasnaməsi təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Sertifikasiya Şurası 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən Sertifikasiya Şurasının tərkibi Səhiyyə Nazirliyi, sahə həmkarlar ittifaqı, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlərdən və aparıcı mütəxəssislərdən formalaşır. Sertifikasiya Şurasının tərkibi Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən təsdiq edilir. Həmin Qaydaların 3.26-cı bəndinə əsasən sertifikasiya imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır. Həmin Qaydaların 3.27-ci bəndinə əsasən cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Sertifikasiya Şurası tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, sertifikasiya imtahanın nəticələrindən narazı qalan T.Abdullayevin müraciətinin mövcud qanunvericiliyə uyğun olaraq onun iştirakı ilə araşdırılması iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaradılan Sertifikasiyası Şurasına mövcud qanunvericilikdə göstərilən müddətdə müraciət etməsi işin mübahisələndirilməyən halı olduğundan iddia tələbi mübahisəyə aydınlıq gətirilməsi üçün İddiaçı Xalıqverdi oğlunun sertifikasiya imtahanının nəticələrinin onun iştirakı ilə Sertifikasiya Şurasında araşdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməlisi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin sertifikasiya imtahanının nəticələrinin mütəxəssislərin iştirakı ilə Sertifikasiya Şurasında araşdırılması hissəsi ilə bağlı qeyd edir ki, Sertifikasiya Şurasının tərkibi Səhiyyə Nazirliyi, sahə həmkarlar ittifaqı, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlərdən və aparıcı mütəxəssislərdən formalaşdığından iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək, mübahisəyə aydınlıq gətirilməsi üçün İddiaçı Xalıqverdi oğlunun sertifikasiya imtahanının nəticələrinin onun iştirakı ilə Sertifikasiya Şurasında araşdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. Mübahisəyə aydınlıq gətirilməsi üçün İddiaçı Xalıqverdi oğlunun sertifikasiya imtahanının nəticələrinin onun iştirakı ilə Sertifikasiya Şurasında araşdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilsin İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-642/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-642/2020
14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver