Məhkəmə qərarları › İş №2-1(112)-642/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-642/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-642/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naizrliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı qərarın etibarsız (qanunsuz) sayılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tullantı akkumlyator satışına görə məcburi şəkildə vergi uçotuna alınmağını, adına ********** nömrəli açılmış vergi uçotu haqqında şəhadətnamənin ləğv edilməsini, xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinin və həmin qərara əsasən hesablanmış (faiz ilə birlikdə) 5378.45 manat gəlir vergisinin silinməsinin cavabdeh vergi orqanına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslansırılmışdır ki, tullantı akkumulyator satdığına görə vergi orqanında məcburi şəkildə uçota alınmış və adına ********** nömrəli vergi uçotu haqqında şəhadətnamə açılmışdır. Bununla da, cavabdeh vergi orqanı barəsində xx.xx.2021-ci il tarixə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqqının hesablanması barədə” qərar qəbul edərək ona 5.378,45 manat məbləğində əlavə vergi məbləği hesablamışdır. Hesab edir ki, onun məcburi şəkildə vergi uçotuna alınmağı və tullantı akkumulyator qırıntısı satdığına görə gəlir vergisinin hesablanması əsassız və adına vergi uçotu haqqında şəhadətnamə açılması qanunsuzdur. Belə ki, məcburi şəkildə vergi uçotuna alınmağına səbəb olan və cavabdeh vergi orqanı tərəfindən sahibkarlıq fəaliyyəti kimi adlandırılan fəaliyyəti sadəcə olaraq köhnə akkumulyator tullantıları satmağı olmuşdur. Hansı ki, vergi qanunvericiliyinə əsasən metal qırıntıları satmaq vergi orqanında uçota alınmayan şəxs tərəfindən də həyata keçirilə bilər. Başqa sözlə, tullantı akkumulyator satdığını hər hansı vergidən yayındırdığı, gizli əməliyyat nəticəsində deyil, məhz qanuni şəkildə tərtib edilmiş elektron alış aktı əsasında aşkar edilmişdir. Bu isə həm də o deməkdir ki, həmin elektron alış aktı əsasında malalan şəxs ondan ödəmə mənbəyində 2% vegi tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdeh təşkilat tərəfindən qəbul edilmiş **********006400 nömrəli qərarın ləğv edilməsinin cavabdeh vergi orqanına həvalə edilməsinə dair qəbul edilməsini xahiş etmiş və həmin ərizə xx.xx.2022-ci il tarixli, 2-1(112)-5198/2022 nömrəli qərardadla icaata qəbul edilmişdir. Cavabdeh məhkəməyə yazılı vəsatət təqdim etmişdir. Vəstətdə qeyd edilmişdir ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********195600 nömrəli qərarı ilə mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********006400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” Qərarı ləğv edilərək, vergi ödəyicisinə hesablanmış 4445,0 manat vergi məbləği azaldılmış və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. Qeyd edilənləri və mübahisələndirilən qərarların ləğv olunduğu nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdeh təşkilat tərəfindən qəbul edilmiş **********006400 nömrəli qərarın ləğv edildiyi nəzərə alınaraq həmin qərarın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə xx.xx.2022-ciil tarixli, 2-1(112)-5198/2022 nömrəli qərardadla icaata qəbul edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya və onun nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilmiş, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və dəqiqləşdirilmiş iddia tələbi üzrə (qərarın etibarsız hesab edilməsi) çatmaq istədikləri hüquqi maraqlarının nədən ibarət olması barədə məhkəməyə məlumat verilməsi təklif olunmuşdur. Həmin məktublar iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində, onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixində qəbul edilsə də, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasına qədər hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi xx.xx.2021-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinin və həmin qərara əsasən hesablanmış (faiz ilə birlikdə) 5378.45 manat gəlir vergisinin silinməsi olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********372700 №-li vəsatətindən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən artıq ləğv olunmuş və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədən müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndiridiyi xx.xx.2021-ci il tarixli qərarın cavabdeh tərəfindən ləğv edildiyindən həmin qərarın etibarsız (qanunsuz) salınmasını xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən: -Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi ləğv edilmiş inzibati aktın etibarsızlığının tanınması olmuşdur. Belə olan halda iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktın etibarsız sayılmasının ona nə üçün lazım olduğu, onun hansı hüquq və mənafeyinə xidmət etdiyi göstərilməmişdir. Həmçinin iddiaçının çatmaq istədiyi hüquqi marağı məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia mümkün sayıla bilməz. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naizrliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı qərarın etibarsız (qanunsuz) sayılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar