Məhkəmə qərarları › İş №2-1(112)-642/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-642/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-642/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarla razı olmadığını bildirirərək 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 16927,4 manat vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdehlər xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı ləğv etməyərək 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul etmişdir, (qərar əlavə edilir). 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Belə ki, cavabdeh 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarını onunla əsaslandırmışdır ki, fərdi sahibkar Şükürov Yahya tərəfindən 2019-eu il ərzində 212990.77 (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesabına ümumilikdə 217 990,61 manat məbləğində vəsait daxil olduğu, müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alınaraq Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlamışdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkarlar işçilərin sayı 10-dək, ilkin gəliri 200 min manatadək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək orta sahibkar isə işçilərin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçimnin satışdankənar gəlirlər aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasının mübahisələndirdiyi 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati qərarı, cavabdeh Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı (qərar) bu əsaslarla ləğv edilməlidir. xx.xx.2020-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə təqdim etmiş, vergi orqanı həmin bəyannamə üzrə uyğunsuzluq aşkar etdiyindən xx.xx.2020-ci il tarixdə **********322200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərmişdir. Bundan sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş, gəlir vergisi kimi 5642,46 manat (112849,21 x75%)x20%=5642.46 manat) hesablamış, cavabdeh həmin bəyannamə əsasında xx.xx.2021-ci il tarixdə **********567000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edərək 24926.37 manat vergi məbləği hesablamışdır. Daha sonra vergi orqanı tərəfindən yenidən müvafiq hesablama aparılaraq xx.xx.2020-ci il tarixli **********785600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmiş, 19.927,38 manat məbləğində əlavə vergi hesablanmışdır. 10 yanvar 2021-ci il tarixdə vergi orqanına kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə müraciət etmiş, sonuncu bu müraciət əsasında hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı qəbul edərək iddiaçının 2019-cu ilin gəlir vergisi üzrə ödəməli olduğu məbləği 22569,84 manat (112849,21*20%=22569,84 manat) müəyyən etmişdir. Bu qərardan 29 mart 2021-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayət etmiş, şikayət nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Halbuki vergi orqanının xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməli idi. Belə ki, vergi orqanına 2019-cu il üçün təqdim etdiyim gəlir vergisi Bəyannaməsində 2019-cu il üçün gəlir məbləği 197990,77 manat göstərilmişdir. Eyni zamanda 2019-cu il üçün 15000 manat dəyərində daşınma ilə bağlı gəlir əldə etdiyimi bildirmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarında 2019-cu il üçün gəlir məbləği 212990,77 manat hesablanmışdır. Belə ki, vergi orqanı iddiaçı tərəfindən daşınma xərci kimi əldə olunmuş 15000 manatı da 2019-cu il üçün ümumi gəlir məbləğinə əlavə etmiş və yekunda 212990,77 manat alınmışdır. Nəticədə vergi orqanı tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, bank hesablarına ümumilikdə 217990,61 manat məbləğində vəsaitin daxil olduğunu müəyyən etmiş və bununla da Nazirlər Kabinetinin 2018- ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini hesab etmişdir. 2019-cu il ərzində bank hesablarıma mişar daşı satışına görə - 197990,77 manat; daşınma xidmətinə görə - 15000 manat; mişar daşı satışına görə (imtina olunmuş) - 5000 manat pul məbləği daxil olmuşdur. Bu məbləğlərdən yalnız 197990,77 manat 2019-cu il üçün gəlir vergisinə cəlb olunmalıdır, daşınma xidmətinə görə 15000 manat müstəqil vergiyə cəlb olunduğu üçün onun vergisi də müstəqil icra olunmalı və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməli idi. Həmçinin mişar daşı satışına görə əldə olunmuş 5000 manat üzrə xidmətdən imtina olunduğuna və ödənilmiş pul geri tələb olunduğuna görə sözgedən məbləğ gəlir kimi qiymətləndirilməməli və mikro sahibkarlıq üçün nəzərdə tutulmuş məbləğə daxil edilməməli idi. Həmçinin daşınma ilə bağlı gəlir sadələşdirilmiş vergi ödəyicisi üçün nəzərdə tutulmuş illik gəlirə (200000 manatadək) daxil edilən məbləğ kateqoriyasına aid deyil. Çünki daşınma ilə bağlı əldə olunmuş gəlir üçün vergi dərəcəsinin müəyyən edilməsi ilə bağlı Vergi Məcəlləsində konkret olaraq norma nəzərdə tutulmuşdur. Bundan başqa iddiaçı ilə “X1” MMC arasında mişar daşının alınması ilə bağlı 27 avqust 2019-cu il tarixdə Müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X1” MMC avans olaraq 5000 manat məbləği iddiaçının bank hesabına köçürmüşdür. Sözügedən müqavilə əsasında alqı-satqı üçün nəzərdə tutulmuş mişar daşı iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında mövcud razılığa əsasən müqavilə şərtlərindən tərəflər imtina etmiş və “X1" MMC iddiaçının bank hesabına ödədiyi 5000 manat məbləği geri istəmişdir. Lakin cavabdeh orqan bank hesabına məhdudiyyət qoymuş və nəticədə də hər hansı bir bank əməliyyatı aparmaq mümkün olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən eyni əməliyyatlar üzrə hesablanmış 24926.37 manat vergi məbləği mübahisələndirilmiş, şikayətləri üzrə “İnzibati şikayətin təmin edilməməsi haqqında” 08 aprel 2021-ci il tarixli, **********747900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən fərdi sahibkar olaraq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli, **********708600 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tərəfindən həmin qərar mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6641/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərkən Bakı Apellyasiya məhkəməsi gedişində cavabdeh vergi orqanı mübahisələndirdiyi qərarı öz qərarı ilə ləğv etmiş və bu səbəbdən də xx.xx.2022-ci il tarixli 2-1(103)-377/2021 saylı qərarla iş üzrə icraata xitam verilmişdir, o əsasla ki, mübahisələndirdiyi qərarı vergi orqanı ləğv etdiyi üçün mübahisə olmaması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, vergi orqanı mübahisələndirdiyi qərarı özü ləğv etsə də, eyni məbləğlə bağlı təkrar başqa, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, keçirilmiş kameral vergi yoxlamasının nəticələrə dair xx.xx.2022-ci il tarixli **********830300 saylı qərar qəbul edilmişdir. Həmin qərar tərəfindən mübahisələndirilmiş,uzunmüddətli yazışmalar getmiş və nəhayət Apellyasiya Şurasına müraciət etmiş, Şura xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktı ləğv etməyərək 21 oktyabr 2022-ci il tarixli 90 saylı inzibati aktla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası inzibati şikayətin təmin edilməməsi barədə qərar qəbul etmişdir, (qərar əlavə edilir) Mübahisələndirilən qərar ləğv edilməli və iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. VM-in 218.4.1-ci maddəsinə əsasən həmin Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər VM-in 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. VM-in 221.6-cı maddəsinə əsasən həmin Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı "xxxx" MMC-yə göstərdiyi yük daşınması xidmətinə görə 15000 manat məbləğində gəlir əldə etmiş və həmin gəliri ilə bağlı sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Göründüyü kimi, gəlir vergisi üçün ayrı, sadələşdirilmiş vergi üçün ayrı bəyannamə vermiş, sahibkar olaraq mikro sahibkar kateqoriyasına aid edilməsini yalnız gəlir vergisinə cəlb edilən dövriyyə ilə məhdudlaşdırmış və gəlir vergisinə cəlb edilən illik dövriyyəsinin 200000 manatdan az olmasına istinad edərək mikro sahibkarlara gəlir vergisi üzrə tətbiq edilən güzəşti özünə aid etmişdir (iddiaçının hazırda daşıma xidmətindən əldə etdiyi gəlir 15000 manatdır, lakin onun mövqeyinə əsasən daşıma xidmətindən əldə etdiyi gəlir 100.000 manat olsa belə, nə qədər ki, həmin xidmətə görə o gəlir vergisi ödəmir, deməli, o mikro sahibkar hesab olunmalıdır). VM-in 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Vergi Məcəlləsinin 221.4.2ci maddəsinə görə, bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrinin qeydiyyata alındığı yerdən asılı olmayaraq sərnişin və yük daşımalarının faktiki həyata keçirildiyi ərazi üçün bu Məcəllənin 220.5-220.7-ci maddələrinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsaəsn, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1- ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Vergi Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Göründüyü kimi iddiaçının daşınma xərci kimi əldə etdiyi 15000 manat Vergi Məcəlləsinin 221.1-ci maddəsinə uyğun olaraq Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq edilməməli və Məcəllənin 221.4-cü maddəsinin tələblərinə uyğun olaraq müstəqil formada bəyan edilməli və müəyyən edilmiş məbləğdə vergi ödənilməlidir. Hesabına avans kimi daxil olmuş 5000 manatlıq məbləğ tərəflər arasında bağlanmış müqavilə öhdəliklərindən imtina edildiyindən iddiaçı satdığı malı qarşı tərəfə təqdim etməmiş və bunun nəticəsi olaraq da qarşı tərəf iddiaçıya ödədiyi 5000 manatlıq məbləği geri tələb etmişdir. Belə halda sözügedən 5000 manatlıq məbləğin hesabat ili üçün nəzərdə tutulmuş illik gəlir Bəyannaməsinə daxil edilməsi əsassızdır. Bundan başqa, vergi orqanına etdiyi sorğu əsasında vergi orqanı mübahisələndirdiyi əməliyyatlar üzrə vergi borcunun yaranmaması barədə cavab vermişdir. X2 canlı iclasında da bu barədə məlumat versə də, nəzərə alınmamışdır. Belə ki, Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubu ilə də iddiasının əsaslı olması təsdiq edilir. Həmin məktubla xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq ona yazılı izah edilmişdir ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında” qəbz əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq meyarına aid edilmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Apellyasiya Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hazırkı iş üzrə cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh qismində nəzərə alınmışdır. İş üzrə iddia tələbi “xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktın ləğv edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində elektron qaimə-faktura əsasında satılmış malların (işlər, xidmətlər) dəyəri 212990,77 manat müəyyən edildiyindən vergi ödəyicisinin mikro sahibkarlıq subyektindən istifadə hüququ olmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2022-ci il tarixli **********120100 nömrəli “Elektron kameral üçün uyğunsuzluq” məktubu göndərilmiş və müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən 16927,38 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının satışı ilə bağlı dəyəri 197990,77 manat və mişar daşının daşınması ilə bağlı isə 15000,0 manat təşkil etməklə ümumilikdə 212990,77 manat (ƏDV-siz) elektron qaiməfakturaların təqdim edildiyi müəyyən edilmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu il ərzində mişar daşının Beyləqan rayonuna daşınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 15000,0 manat, mişar daşının satışı ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 38540,32 manat, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 45372,9 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 21000,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 19375,0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 10000,2 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 34702,35 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 29000,0 manat, ümumilikdə 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturalar təqdim edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Meyarlara əsasən mikro sahibkar işçilərin sayı 10-dək, illik gəliri 200 min manatədək olan, kiçik sahibkar işçilərin sayı 11-50, illik gəliri 3 milyon manatadək, orta sahibkar isə işçilərinin sayı 51-250, illik gəliri 3-30 milyon manat olan sahibkarlardır. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aiddir. Göründüyü kimi normaya əsasən vergi ödəyicisinin müəyyən sahibkarlıq subyekti kateqoriyasına aidiyyətini müəyyən etmək üçün onun (ödəyicinin) gəlirinin hansı vergiyə cəlb edilməsinin hər hansı əhəmiyyəti yoxdur. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Fərdi sahibkar tərəfindən 2019-cu il ərzində 212990,77 manat (ƏDV-siz) məbləğində elektron qaimə-fakturaların təqdim edildiyi, fərdi sahibkar tərəfindən müvafiq dövr ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar subyekti meyarına uyğun gəlmədiyini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********830300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi odayicisinin vəzifəsidir. Habelə Vergi Məcəlləsinin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. Həmin məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İddiaçı eyni predmet barəsində daha əvvəl məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6641/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilməyərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli **********830300 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 8 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********747900 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********708600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsində isə qeyd edilmişdir ki: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt) inzibati aktların mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 3.4-cü bəndində görə isə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu isə öz növbəsində iddianın mümkün sayılmamasına əsasdır. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələr tərəfindən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış iddia növünə görə mübahisələndirmə haqqında iddia hesab edilir. Lakin qeyd edilən iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” yuxarıda sadalanan inzibati aktlardan heç birinə aid edilmədiyindən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. İstinad olunan Plenum qərarının 3.4-cü bəndində görə mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının inzibati şikayəti əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********708600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərar dəyişdirilmədiyindən, o cümlədən inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan hər hansı qərar qəbul edilmədiyindən İPM-nin 32.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Beləliklə, iddia ərizəsi ilə mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********747900 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarın ləğv edilməsi iddiaçının tələb etdiyi hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********747900 saylı 08 aprel 2021-ci il tarixli qərara əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə 10 yanvar 2021-ci il və 29 mart 2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” 19 yanvar 2021-ci il tarixli **********708600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə xx.xx.2022-ci il tarixdə 2019-cu ilin gəlir vergisi üzrə bəyannamə və həmin bəyannaməyə 1 saylı və 3 saylı əlavələr təqdim edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən həmin bəyannamə üzrə uyğunsuzluq aşkar edildiyindən **********120100 nömrəli xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Məhkəmənin 2-1(112)-6641/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********708600 saylı 19 yanvar 2021-ci il tarixli qərarının və Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" **********747900 saylı 08 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-377/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********830300 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı 16927,38 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən fiziki şəxs İddiaçı inzibati şikayəti təmin edilməyərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 may 2022-ci il tarixli **********830300 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 8 aprel 2021-ci il tarixli **********747900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********830300 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı 16927,38 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq ünvanlanmış **********011300 saylı məktubda bildirilmişdir ki, yükdaşıma fəaliyyəti üzrə əldə olunan gəlirlərin mikro sahibkarlıq subyekti meyarına aid edilib-edilməməsi haqqında müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində baxılmışdır. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 000 manat və az olan şəxslər mikro sahibkarlıq hesab olunur. “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq subyekti meyarına aid edilmir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102.1.30-cu və 221-ci maddələri (http://www.e-qanun.az/code/12) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları (http://www.e-qanun.az/framework/41048) ilə tənzimlənir. Vergi qanunvericiliyi və inzibatçılığa, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), Ağdam xidmət mərkəzinə (Bərdə şəhəri, Heydər Əliyev prospekti, 117) və eləcə də bütün digər Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli **********830300 saylı inzibati aktın ləğv edilməsi üçün iddiaçı tərəfindən şikayət instansiyasına müraciət edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 90 saylı 14 oktyabr 2022-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə iddiaçıya təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş poçt qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Belə olan halda, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının hüquqi marağı vergi ödəyicisi barəsində qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022ci il tarixli **********830300 nömrəli qərarın ləğvinə yönəlmişdir. İddiaçının 2019-cu il üzrə malların satışından 197990,77 manat, daşıma xidmətindən 15000 manat olmaqla, ümumilikdə 212990,77 manat gəlir əldə etməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd edir ki, “Vergi qanunvericiliyi ilə qanunvericinin hüquq pozuntusu kimi qəbul etdiyi əməllərin xarakteri, dəqiq müəyyən edilməlidir ki, bu məsələ hər hansı hüquq tətbiqedicinin subyektiv mülahizəsinə, o cümlədən vergi orqanı vəzifəli şəxsinin mülahizəsinə buraxılmasın”. Baxılan işdə isə hüquqpozma kimi təqdim edilən hallar yalnız vergi orqanının vəzifəli şəxsinin mülahizələrinə əsaslanır və hüquq pozuntusu kimi təqdim edilən halların heç biri dəqiq müəyyən edilmir. Vergi Məcəlləsindən: 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 106. Azadolmalar və güzəştlər 106.1. Vergidən azaddır: ... 106.1.20. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; ... Maddə 129. Vergi ili Vergi ili təqvim ili sayılır. Maddə 149. Bəyannamənin verilməsi ... 149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. ... 218.4.1. (28 dekabr 2023-cü ilədək qüvvədə olan redaksiyasına əsasən) Bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər adələşdirilmiş verginin ödəyiciləridir. 221.6. Bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı yükdaşıma fəaliyyəti üzrə əldə olunan gəlirlərin mikro sahibkarlıq subyekti meyarına aid edilib-edilməməsi haqqında xx.xx.2021-ci il tarixli Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 000 manat və az olan şəxslər mikro sahibkarlıq hesab olunur. ... “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə yük daşıma fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu fəaliyyətdən əldə olunan gəlirlər vergi ödəyicisinin dövriyyəsinə daxil edilmir və mikro sahibkarlıq subyekti meyarına aid edilmir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçı "xxxx"MMC-nə göstərdiyi yük daşıma xidmətinə görə 15000 manat məbləğində gəlir əldə etmiş, həmin gəliri ilə bağlı sadələşdirilmiş vergi bəyənnaməsi təqim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mikro sahibkarlıq subyekti hesab edilməklə mikrosahibkara gəlir vergisi üzrə tətbiq edilən güzəşt ona tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********830300 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar