Məhkəmə qərarları › İş №2-1(112)-6421/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6421/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6421/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 2 sayı Vəkil Bürosu) iştirakı ilə, iddiaçı İran İslam Respublikasının “Səhənd Ab Azərbaycan Səhmdar Cəmiyyəti” – "xxxx" şirkətinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin üzərinə X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair inzibati işə "xxxx" MMC və X4 üçüncü şəxs qismində cəlb olunmaqla məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdi: İddiаçı İran İslam Respublikasının “Səhənd Ab Azərbaycan Səhmdar Cəmiyyəti” – "xxxx" şirkəti Bakı İnzibati Məhkəməsində Cavabdehnə qarşı iddia qaldıraraq cavabdehin üzərinə X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İran İslam Respublikasının Səhənd AB Azərbaycan Səhmdar Cəmiyyəti (SAACO) və Azərbaycan Respublikasının vətəndaşı X5 nizamnamə kapitalında 50 faizi miqdarında bərabər paylarla təsisçilərin 1 saylı ümumi yığıncağının 08 fevral 2002-ci il tarixli qərarına və 12 fevral 2002-ci il tarixli təsis müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdirlər. Təsisçilərin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə İran İslam Respublikasının vətəndaşı X11 MMC-nin baş direktoru-qanuni təmsilçisi təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət reyestrində 04 aprel 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. X11 isə MMC-nin qanuni təmsilçisi kimi 14 iyun 2011-ci il tarixdə hüquqi qeydiyyata alınmışdır. Şirkətin qanuni möhürü onda saxlanılır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X5 təkbaşına 03 noyabr 2021-ci il tarixdə MMC-nin təsisçilərinin ümumi yığıncağını keçirmiş və X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruqanuni təmsilçisi təyin etmişdir. Təsis sənədlərindəki həmin dəyişikiliklə bağlı cavabdeh, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən reyestrdə 04 noyabr 2021-ci il tarixdə qeydiyyat aparılmış və ona reyestrdən müvafiq çıxarış verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisi X5 MMC-nin təsisçilərinin ümumi yığıncağının çağırılması barədə təklifini digər təsisçi "xxxx" şirkətinə bildirməmişdir. Belə ki, "SAACo” şirkətinin faktiki və hüquqi ünvanı İran İslam Respublikası, Şərqi Azərbaycan vilayəti, Təbriz şəhəri, Abresan kəsişməsi, Rəsa Binası, mərtəbə 5 olmasına baxmayaraq təklifi iki dəfə səhv ünvanlara göndərmişdir. X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının keçiriləcəyi barədə birinci bildirişi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Rabitə Müəssisəsi vasitəsilə 19 oktyabr 2021-ci il tarixli, EE001741729AZ nömrəli qaimə ilə İran İslam Respublikasındakı "Bahman boulevard, in front of water and sewerage department Emerald building 4 th floor, Grele A, Tabriz, İran" ünvanına, ikinci bildirişi isə 29 oktyabr 2021-ci il tarixli EE**********0AZ nömrəli qaimə ilə "Bahman boulevard, Tabriz city 29, in front of water and sewerage department Emerald building 4 th floor, Grele, İran” ünvanına göndərmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Rabitə Müəssisəsinin 15 aprel 2022-ci il tarixli, PİKNŞ-137/163 saylı arayışından (inzibati işə əlavə edilmişdir) görünür ki, poçt qaimələrində bildirişlərin çatdırılma ünvanları səhv göstərildiyindən "SAACO” şirkətinə çatdırılması mümkün olmamış, hər iki göndəriş 30 noyabr 2022-ci il tarixdən "xxxx" Rabitə Müəssisəsinin AZ9602 məntəqəsinə geri qaytarılmışdır. Bildirişlərin geri qaytarılmasının səbəbi ünvanların səhv göstərilməsi olmuşdur. Tağı İbrahimova həmin vaxtdan bildirişləri məntəqədən geri götürməsi telefonla bir neçə dəfə təklif edilsə də, gəlib götürməmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Tağı İbrahimov tərəfindən yeni direktorqanuni təmsilçi təyin edilməsi barədə təsis sənədlərinə edilmiş yeni dəyişikliyin qeydə alınması üçün ərizə və digər sənədlər təqdim edilərkən dəyişikliyin qanuni əsaslarla aparılmasını araşdırmadan, ancaq poçt qaimələrinin surətlərini tələb etməklə kifəyətlənmiş, bildirişlərin "SAACO” şirkətinə çatdırılıb-çatdırılmaması ilə maraqlanmamış, bu barədə təsdiqedici sənədlər tələb etməmişdir. Cavabdeh təsis sənədlərində aparılmış qanunsuz dəyişikliyi qeydə alan zaman "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1, 9.2, 11.3, 11.3.1 və 11.3.1-1-ci maddələrinin tələblərini pozmuşdur. X5 03 noyabr 2021-ci il tarixli qərarla X2 “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru-qanuni təmsilçisi təyin edərkən, həmçinin əmək qanunvericiliyinin və MMC-nin Nizamnaməsinin tələblərini pozmuşdur. Belə ki, Tağı İbrahimov MMC-nin həmin vaxt fəaliyyətdə olan təsisçilərinin ümumi yığıncağının 25 aprel 2002-ci il tarixli iclasının qərarı ilə MMC-nin baş direktoru təyin edilmiş İran İslam Respublikasının vətəndaşı X11 MMC-nin baş direktoru-qanuni təmsilçisi vəzifəsindən azad etmədən X2 həmin MMC-nin direktoru-qanuni təmsilçisi təyin etmişdir. MMC-nin Nizamnaməsinin 9.2.3-cü maddəsinə əsasən direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilənin müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. Nizamnamənin 15.1 və 15.2-ci bəndlərinə görə “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətində işəgötürmə və işdən azad etmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Cavabdeh təsis sənədlərindəki dəyişikliyi qeydə alarkən həmin pozuntulara görə də qeydiyyatdan imtina etməli idi. Qeyd edilir ki, “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü direktor Fakhari Ahmadda saxlanılır. X6 hüquqi qeydiyyat barədə ərizəyə vurduğu möhürdə “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı qeyd olunmuşdur. Bu isə ehtimal etməyə əsas verir ki, həmin möhür qanunsuz üsullarla əldə edilmişdir. X9 Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qanunsuz tərtib etdiyi 03 noyabr 2021-ci il tarixli qərarı təqdim etməklə X1 “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi-baş direktoru kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən hüquqi qeydiyyatının aparılmasına və çıxarışı almağa nail olmuşdur. Cavabdehin vəzifəli şəxsi təqdim edilmiş sənədlərin qanuniliyini araşdırmadan, imtina etməli olduğu halda hüquqi qeydiyyatı həyata keçirməsi nəticəsində “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin bərabər paylarla digər təsisçisi kimi "xxxx" şirkətinin qanunla qorunan mənafelərinə, ona məxsus böyük bazar qiymətlərinə malik daşınmaz əmlaklarının özgəninkiləşdirilməklə əldən çıxmasına real təhlükə yaratmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 mart 2022-ci il tarixli, **********12 saylı arayışından göründüyü kimi “AZACO" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 89, 10 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 89, 11 saylı mənzil, ünvan 1 qeyri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 87A saylı əmlak kompleksi, ünvan 1 ünvanda yerləşən 116,9 kv.metr (xx.xx.2005ci il tarixli, 005472 saylı şəhadətnaməyə əsasən), 104,1 kv.metr (xx.xx.2005-ci il tarixli, 005473 saylı şəhadətnaməyə əsasən) və 28,8 kv.metr (xx.xx.2006-cı il tarixli, 000525 saylı şəhadətnaməyə əsasən) qeyri-yaşayış sahələri vardır. Hüquqi qeydiyyat qanunsuz aparıldığından vurula biləcək maddi zərərə görə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi də hüquqi məsuliyyət daşıya bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 19-cu maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Qeyd olunanlara əsasən X1 “AZACO“ Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi 24 yanvar 2022-ci il tarixli, ******* saylı məktubla Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi xanım Lalə Cəfərovadan xahiş edilmişdir. Cavabdehin rəhbəri xanım Lalə Cəfərovanın imzası ilə təqdim edilmiş 08 fevral 2022-ci il tarixli **********489000 saylı məktubu ilə rədd cavabı verilmişdir. Cavab məktubunda göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin orqanını yaratmaq və onun səlahiyyətinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adına "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Həmin qanuna əsasən baş verilmiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Hüquqi şəxsin rəhbərinin dəyişilməsinin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə cəmiyyətin əvvəlki təmsilçisinin (direktorun) vəzifədən azad edilməsi və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə təsisçinin qərarı və yeni qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir. Qanunvericiliyə əsasən qeydiyyat orqanı ona təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlayır və müsbət halda qeydiyyatı həyata keçirir. ”AZACO” MMC-nin rəhbərinin dəyişilməsi faktının həyata keçirilməsi məqsədilə cəmiyyətin təsisçilərindən X5 xx.xx.2921-ci il tarixli protokol ilə ümumi yığıncağın ilk iclasını təşkil etmiş, daha sonra Mülki Məcəllənin 91.1.-5-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ümumi yığıncağın növbəti iclasını təşkil etmiş və X4 Cəmiyyətə qanuni təmsilçi təyin edilmişdir. Qərar və digər sənədlər hüquqi şəxslərin dövlət reyestrini aparan qururma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və X1 adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddiaçı İran İslam Respublikasının "xxxx" Şirkətinin iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin, habelə üçüncü şəxslərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində Kommersiya qurumlarının dövlət reyestri məlumatları, cavabdehə edilmiş müraciəti, cavabdehin imtina məktubu,poçt göndərişlərinin izlənilməsi haqqında sənəd, "xxxx" MMCnin adına olan daşınmaz əmlaklar barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu, "xxxx" MMC-nin xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə poçt müəssisəsinə təqdim edilmiş göndərişlərin ünvana çatdırılmaması barədə məktubu təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh məhkəməyə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli protokolunu, xx.xx.2021-ci il tarixli ümumi yığlncağının protokolunu,”AZACO” MMC-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini, "xxxx" MMC-nin nizamnamələrini (2002, 2005-ci illərdə qeydiyyata alınmış), hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin məlumatını, kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəsini, X1 şəxsiyyət vəsiqəsini, poçt qaimələrini, poçt qəbzlərinin surətini, "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2002-ci il tarixli iclas protokolunu, xx.xx.2002-ci il tarixli təsis müqaviləsini təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, xx.xx.2002-ci ildə "xxxx" MMC-nin yaradılması haqqında təsis müqaviləsinə əsasən iddiaçı (İran İslam Respublikasının hüquqi şəxsi "xxxx" Şirkəti və Azərbaycan Respublikasının vətəndaşı X5 "xxxx" MMC-ni təsis etmişlər, tərəflərin hər birinin payı 50% müəyyən edilmişdir, 2002-ci ildə yaradılmış hüquqi şəxsin nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir,2005-ci ildə həmin hüquqi şəxsin nizamnaməsi Naxçıvan MR Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi X8muşdur, sonradan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdə keçirilmiş ümumi yığıncağının qərarına əsasən qanuni təmsilçi kimi X4 təyin edilmişdir, üçüncü şəxs "xxxx" MMC-nin müraciəti əsasında həmin şəxs üçüncü şəxsin qanuni təmsilçisi kimi cavabdeh tərəfindən kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınmışdır, iddiaçı cavabdehə mraciət edərək hazırki qanuni təmsilçinin təyin edilməsinin onun iştirakı olmadan keçirilmiş ümumi yığıncağın qərarı ilə təyin edildiyini, bununla da iddiaçının təsisçi kimi hüquqlarının pozulduğunu bildirərək X1 "xxxx" MMC-nin qanuni təmsilçi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 5.2-ci maddəsinə əsasən investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 5.2.1. əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi; 5.2.2. investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı:87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir; Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-4-cü maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-5-ci maddəsinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-6-cı maddəsinə əsasən yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 91.1-7-ci maddəsinə əsasən bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.15-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir; Həmin Qanunun 2.0.16-cı maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – əcnəbi və vətəndaşlığı olmayan şəxsə məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: Həmin Qanunun 11.3.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:14.1.1. qurumun adı (firma);14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat);14.1.3. qurumun təşkilati-hüquqi forması;14.1.4. maliyyə ili;14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; "xxxx" MMC-nin Nizamnaməsinin 9-cu bəndinə əsasən Cəmiyyətin ali idarə orqanı iştirakçıların ümumi yığıncağıdır, Ümumi yığıncağın müstəsna səlahiyyətinə cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən Direktor və baş mühasibi təyin etmək və vəzifədən azad etmək (9.1.2.2),hər bir iştirakçının ümumi yığıncaqda iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə işttirak etmək, şəxsən iştirak etmək və ya qanunvericilikə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır (9.1.3),cəmiyyətin iştirakçılarını yarıdan çoxunun iştrirak etdiyi ümumi yığıncaq səlahiyyətli hesab edilir (.1.6-cı bənd). İş materiallarından göründüyü kimi iddiaçı "xxxx" MMC-nin iki iştirakçısından biridir, onun həm qanunvericiliyin tələblərinə, həm də müəssisənin nizamnaməsinin müddəalarına əsasən cəmiyyətin icra orqanlarının (qanuni təmsilçisinin) təyin edilməsində iştirak etmək hüququ vardır, eyni zamanda cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktoru təyin etmək və vəzifədən azad etmək səlahiyyətlərinin aid olduğu cəmiyyətin ümumi yığıncağı cəmiyyətin iştirakçılarının yarıdan çoxu, hazırki halda iki iştirakçısı olduğu üçün iştirakçıların hər iksinin iştirakı olduqda səlahiyyətlidir. İşin faktiki hallarına əsasən "xxxx" MMC-nin icra orqanı – qanuni təmsilçisi dəyişdirilərək X1 təyin edilməsi zamanı iddiaçı ümumi yığıncaqda iştirak etməmişdir, yəni keçirilmiş ümumi yığıncaq səlahiyyətli olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş, "xxxx" MMC-nin yeni qanuni təmsilçisinin qeydə alınması zamanı əsas götürülmüş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən xx.xx.2021-ci ildə ümumi yığıncağın iclası keçirilmiş, təsisçilərə ümumi yığıncaqda iştirak etmək üçün bildirişlər göndərilmiş, cəmiyyətin təsisçisi olan iddiaçı heç bir əsas bildirmədən ümumi yığıncaqda iştirak etməmiş və buna görə də iclas xx.xx.2021-ci ilə təxirə salınmış və yenidən iştirak etmək üçün bildiriş göndərilmişdir.Bildiriş göndərilməsinə baxmayaraq iddiaçı ümumi yığıncaqda iştirak etməmişdir, odur ki, Mülki Məcəllənin 91.1-5-ci maddəsinə yetərsay mövcud olması qərara alınmışdır. Habelə həmin bildirişlərin iddiaçıya ünvanlanmasına dair EE001741729AZ VƏ EE001742004AZ nömrəli qaimələrin surətləri də məhkəməyə təqdim edilmişdir. Lakin "xxxx" MMC-nin "xxxx" Rabitə Müəssisəsinin filialının iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən EE001741729AZ nömrəli göndəriş xx.xx.2021-ci ildə AZ 9602 kodlu stasionar qəbul məntəqəsində qəbul edilmiş və xx.xx.2021-ci il tarixində təyinatı üzrə İran İslam Respublikasına yola salınmışdır.Göndəriş xx.xx.2021-ci ildə (artıq birinci xx.xx.2021-ci il tarixli ümumi yığıncaq keçirildikdən sonra) İİR poçt xidmətində qeydiyyatdan keçmiş, xx.xx.2021-ci ildə alıcıya çatdırılmaq üçün yerli çatdırılma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci ildə çatdırma məntəqəsinə çatmışdır. Lakin İİR-nin poçt xidməti göndərişi ünvan səhvi səbəbindən çatdıra bilməmiş və onu xx.xx.2021-ci ildə Azərbaycana geri qaytarmışdır. Göndəriş xx.xx.2021-ci ildən müəssisənin AZ9602 məntəqəsindədir və göndəriciyə telefonla bir neçə dəfə məlumat verilsə də bu günə kimi göndərişi gəlib götürməmişdir, EE001742004AZ nömrəli göndəriş xx.xx.2021-ci ildə X3 müəssisənin AZ9602 kodlu stasionar qəbul məntəqəsində qəbul edilmiş və xx.xx.2021-ci ildə təyinatı üzrə İran İslam Respublikasına yola salınmışdır.Göndəriş xx.xx.2021-ci ildə (xx.xx.2021-ci ildə ikinci ümumi yığıncaq keçirildikdən sonra) İİR-in poçt xidmətində qeydiyyatdan keçmiş. xx.xx.2021-ci il tarixində alıcıya çatdırılmaq üçün yerli çatdırma məntəqəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixində çatdırma məntəqəsinə daxil olmuşdur.Lakin İİR-nin poçt xidməti göndərişi ünvan səhvi səbəbindən çatdıra bilməmiş və onu xx.xx.2021-ci ildə Azərbaycana geri qaytarmışdır. Göndəriş xx.xx.2021-ci ildən müəssisənin AZ9602 məntəqəsindədir və göndəriciyə telefonla bir neçə dəfə məlumat verilsə də bu günə kimi gəlib götürməmişdir. Beləliklə, göründüyü kimi iddiaçının təsisçisi olduğu cəmiyyətin gündəlik məsələsi yeni qanuni təmsilçinin təyin edilməsi olan hər iki ümumi yığıncağı iddiaçı lazımi qaydada məlumatlandırılmadan keçirilmişdir, belə ki, bildiriş göndərilərkən iddiaçının həm ünvanı səhv göstərilmişdir, həm də bildirişin çatdırılması üçün tələb olunan müddət nəzərə alınmamışdır, belə ki, iddiaçının hətta ünvanı düzgün göstərilsə idi belə bildirişlərin iddiaçıya çatdırıldığı tarix artıq ümumi yığıncaqların keçirildiyi tarixlərdən sonraya təsadüf edəcəkdi, çünki birinci ümumi yığıncaq xx.xx.2021-ci il tarixə təyin edildiyi halda göndəriş xx.xx.2021-ci ildə (artıq birinci xx.xx.2021-ci il tarixli ümumi yığıncaq keçirildikdən sonra) İran İslam Respublikasına çatmışdır, birinci ümumi yığıncaqdan 5 gün sonraya xx.xx.2021-ci il tarixə təyin edilmiş ümumi yığıncaq haqqında bildiriş isə İran İslam Respublikasına xx.xx.2021-ci ildə çatmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi təyin edilməsi barədə qərar qəbul etmiş "xxxx" MMC-nin ümumi yığıncağı bir iştirakçının iştirakı ilə keçirildiyi, digər iştirakçının iştirakı təmin edilmədiyi üçün səlahiyyətli olmamışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, nəticədə "xxxx" MMC-nin ikinci qanuni təmsilçisi haqqında qeydiyyat əsassız aparılmış, sonradan həmin qeydiyyatın ləğv edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh üzərinə X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflrər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh üzərinə X1 "xxxx" MMC-nin qanuni təmsilçisi kimi qeydə alınması barədə dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə verilmiş müvafiq çıxarışın ləğv edilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar