Məhkəmə qərarları › İş №2-1(112)-6425/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6425/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6425/2023 18.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “İripanelli” mənzil tikinti kooperativi üçüncü şəxs qismində cəlb olunmaqla “orderin surətinin tapılıb ona təqdim edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil – Kooperativ Təsərrüfatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil – Kooperativ Təsərrüfatı İdarəsinin üzərinə onun Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39B saylı binanın 20-ci mənzilinə dair orderinin surətinin tapılıb ona verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə iddia ərizəsinin “xahiş edirəm” hissəsində texniki yanlışlıqla olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39B saylı binanın 20-ci mənzili kimi qeyd olunduğunu bildirmiş və məhkəmədən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil Kooöerativ İdarəsinin üzərinə onun Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 38 B saylı binanın 20-ci mənzilinə dair orderinin surətinin tapılıb ona verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İPM 45.4-nin maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “İripanelli” mənzil tikinti kooperativi üçüncü şəxs qismində işə cəlb olunmuş, məhkəmənin eyni tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-6425/2023 saylı qərardadı ilə əsl olmayan cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil – Kooperativ Təsərrüfatı İdarəsi əsl cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə əvəz olunmuşdur. Cavabdehin və üçüncü şəxsin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin: 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “İripanelli” mənzil tikinti kooperativi üçüncü şəxs qismində cəlb olunmaqla “orderin surətinin tapılıb ona təqdim edilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar