Məhkəmə qərarları › İş №2-1(112)-6427/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6427/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6427/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 4.01.1968-ci ildə Şuşa şəhəri, Malıbəyli kəndində doğulmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – cavabdeh) Cəbrayıl rayon Şöbəsinə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında edilmiş dəyişiklərdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli qərarından sonra mövcud qanunvericiliyin tələblərində şahid ifadələri əsasında vətəndaşlar tərəfindən imzalanmış aktlar və ya ərazi icra nümayəndəlikləri tərəfindən verilmiş arayışlar “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilməmişdir. Bu səbəbdən qeyd edilən kateqoriyadan olan vətəndaşlardan “Müharibə veteran” adı və vəsiqəsinin verilməsi üçün müvafiq məhkəmə orqanına müraciət etməsi tələb olunmuşdur. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyul 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixə kimi könüllü özünümüdafiə dəstəsinin tərkbində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş və erməni millətçi dəstələrinə qarşı Şuşa rayonu ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddia ərizəsinə əlavə etdiyi Şuşa Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli 22/734 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən də 1968-ci il təvəllüdlü İddiaçı 1988-ci ilin iyul ayının 14-dən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, lakin həmin məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair işdə hər hansı sübut olmadığından və iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən məhkəmə iddiaçı tərəfindən iddia müddətinə riayət edildiyi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı Şuşa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22/734 saylı, xx.xx.2019-cu il tarixli arayışa istinad edərək özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etdiyini iddia edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 22/734 saylı, xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 1988-ci ilin iyul ayının 14-dən 1991-ci ilin oktyabr ayının 9-na kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı rayon ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Arayışın verilməsinə əsas kimi Şuça RİH tərəfindən xx.xx.1999-cu il tarixli 245 nömrəli Şuşa rayon Hərbi Komissarlığına göndərilən məktuba (səh 24, sıra № 476) istinad edilmişdir. Məhkəmə araşdırması zamanı Şuşa Rayon İcra Hakimiyyətinə verilmiş sorğuya 28 iyul 2024-cü il tarixli 5-77/2-209/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 1968-ci il təvəllüdlü, Şuşa rayon sakini İddiaçı həqiqətən 1988-ci ilin iyul ayının 14-dən 1991-ci ilin oktyabr ayının 9-na kimi Malıbəyli kənd könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas Şuşa RİH başçısının Malıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi siyahı. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...başa düşülür. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların status haqqında” Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu status əldə edir və Azərbacan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən status itirirlər (7 oktyabr 1997-ci il tarixli, 378- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteran adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxarıda qeyd olunduğu kimi hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin hallarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən, yəni könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməsi Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 22/734 saylı, xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiq olunur və Şuşa Rayon İcra Hakimiyyəti məhkəmə sorğusunda cavab məktubunda iddiaçının özünü müdafiə dəstələrinin erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1765/2023 nömrəli iş üzrə, xx.xx.2024-3-cü il tarixli qərarı ilə (üç ulduzla işarələnmiş) məhkəmə kollegiyiası qeyd etmişdir ki, “…cavabdehin kassasiya şikayətinin Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nda iddiaçının adının mövcud olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallara cavabdehin müvafiq qurumu tərəfindən vaxtilə verilmiş arayışlar əlavə edilmişdir və həmin arayışlarda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-cı il tarixə kimi Gədəbəy rayon Mutudərə kənd Özünümüdafiə Batalyonunun tərkibində könüllü surətdə xidmət etdiyi qeyd edilmiş və bunu təsdiq edən sənədlər sırasında Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyinin aktına istinad olunmuşdur. bağlı qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə Gədəbəy rayon İsalı kənd icra nümayəndəliyi yuxarıda istinad olunan normada nəzərdə tutulmuş yerli icra hakimiyyəti orqanı qismində təfsir olunmalıdır. Yəni həmin norma yalnız rayon və ya şəhər icra hakimiyyəti orqanlarını deyil, ümumi olaraq yerli icra hakimiyyəti orqanlarını, o cümlədən də icra hakimiyyəti orqanları sisteminə daxil olan icra nümayəndəliyini də nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Başqa sözlə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. Odur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır”. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar