Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6428/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli ********** nömrəli təyin edilmiş pensiya ödənişinin dayandırılması və ödənilmiş vəsaitin geri qaytarılmasına dair qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 9 yanvar 2022-ci il tarixdə Xətai rayon İcra və Probasiya şöbəsindən xx.xx.2021-ci il tarixli, 271154/2021-1-13-003 saylı məktubda və qəbul olunmuş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarda AR ƏƏSMNin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli ********** nömrəli qərarının nəticə hissəsində artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarında əsassız və qanunsuz olaraq, İddiaçı xx.xx.2006xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 29192,37 manat artıq ödənilmiş əmək pensiyasının həmin qurumun hesabına ödənilməsi göstərildiyi bildirilmişdir. İddiaçı 13 il 6 ay (16.09.75-17.03.89) AR SSR Nazirlər Sovetinin Qərarı ilə 1975-ci il sentyabr ayında yaradılmış və adı bir neçə dəfə dəyişdirilmiş X4 işləmişdir. 2006-cı ildə Xətai Rayon Sosial Müdafiəsi Fondu tərəfindən ona dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. 2006-cı ilin yanvar ayından 2020-ci ilin dekabr ayına qədər dövlət qulluqçusu kimi pensiya almışdır. 2021-ci ilin yanvar ayından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış audit yoxlaması nəticəsində 16.09.75-21.09.81-ci il tarixə qədər AR SSR Nazirlər Sovetinin “Azmeyvətərəvəz Sənaye” birliyindəki əmək fəaliyyəti dövlət qulluğu stajından çıxarılmışdır. Bundan sonra, o, məsələnin aydınlaşdırılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin qurumdan bildirilmişdir ki, “Dövlət qulluqçularının Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında “Azmeyvə-tərəvəz sənaye” birliyi nəzərdə tutulmamışdır. Həmin qərarda inzibati orqan qeyd etmişdir ki, nəzarət departamenti tərəfindən aparılmış araşdırma əsasında bu nəticəyə gəlinmişdir. Lakin qərarda araşdırmanın detalları qeyd edilməmişdir. Halbuki, səlahiyyətlərini aşmaqla, özbaşınalıq göstərərək, pensiya hüququnu kobud şəkildə pozaraq sözügüdən qanunsuz qərarı qəbul edən sözügedən dövlət orqanı belə araşdırma aparmaq səlahiyyətinə malik olmadığından aparılmış araşdırma və qəbul olunmuş qərar da tamamilə əsassız və qanunsuzdur. İddiaçı bu məsələnin qanunvericilik müstəvisində qiymətləndirilməsi və müvafiq rəy verilməsi üçün Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə işlədiyi müddətdə həmin idarə və vəzifənin müvafiq olaraq dövlət orqanı, habelə dövlət qulluqçusu statusunda olub-olmaması məsələsinə rəy verilməsi üçün müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq, həmin idarənin xx.xx.2021-ci il tarixli, xx/xx-3007/4 nömrəli cavab məktubunda bu məsələnin aydınlaşdırılması X2 X3 Komissiyasının müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən dövlət orqanı olduğuna görə birbaşa bu orqanın səlahiyyətində olduğu, eyni zamanda dövlət qulluğu ilə bağlı bütün məsələlərin, o cümlədən dövlət orqanlarında hansı vəzifələrin dövlət qulluğu vəzifəri olması barədə rəy vermək də birbaşa bu orqanın səlahiyyətində olduğu, habelə dövlət tərəfindən bu sahədə bütün səlahiyyətlər üzrə müvəkkil orqan qismində müəyyən edildiyi bildirilməklə, məsələ ilə bağlı rəsmi rəy verilməsi üçün məhz DİM-in nəzdində X3 üzrə Komissiyaya müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də iddiaçı bu məsələ ilə bağlı rəy verilməsi üçün dövlət tərəfindən müvəkkil edilmiş orqan olan X5 müraciət etmişdir. Müraciəti ilə bağlı qanuna uyğun olaraq müvəkkil edilmiş, səlahiyyətli orqan X6 müvafiq məsələ üzrə araşdırma aparmış, aqrar-sənaye birlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Nazirliyin rayon səviyyəli idarəetmə orqanlarının siyahısı”na əsasən 1991-ci il oktyabrın 18-dək vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış vəzifələri tutan şəxslərin dövlət qulluqçusu statusuna malik olduğunu bildirmişdir. İşin hallarından göründüyü kimi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının hüququ pozan sözügedən qərarı qəbul edərkən səlahiyyətli orqanlardan rəy almadan, səlahiyyətlərini aşmaqla, özbaşınalıq nümayiş etdirərək qanunsuz qərar qəbul etmişdir. Lakin bu məsələ ilə bağlı qəbul edilmiş qərarda araşdırma aparıldığı qeyd edilmişdir. Hazırkı iş üzrə müvafiq rəy olmadan nəinki aparılan araşdırmanın, hətta çıxarılan qərarın da heç bir hüquqi nəticəsi olmamalıdır. Hazırkı iş üzrə cavabdeh - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılıması və ödənilmiş pensiya vəsatilərinin geri verilməsi barədə qərar vermək səlahiyyəti olmadığı halda, habelə müvafiq rəy olmadan belə qərar verməsi qanunsuz və əsassızıdır. Həmçinin həmin qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Bununla bağlı həmin quruma sorğu yazılsa da müvafiq sorğuya cavab gəlməmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2006-cı il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 199,00 manat və qulluq stajına görə əlavəsi 18,65 manat olmaqla orta aylıq əmək haqqı 217,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən 6 il 9 ay 20 gün qulluq stajını uyğun olaraq orta aylıq əmək haqqının (217,65 manat) 47 faizi - 102,30 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 182,80 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1046,50 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 250,00 manat və qulluq stajına görə əlavəsi 23,43 manat olmaqla orta aylıq əmək haqqı 273,43 manat təşkil etmişdir. Bununla əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 6 il 9 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (273,43 manat) 47 faizi - 128,52 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 227,95 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1690,31 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 400,00 manat və qulluq stajına görə əlavə 37,48 manat olmaqla orta aylıq əmək haqqı 437,48 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 6 il 9 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (437,48 manat) 47 faizi - 205,62 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 347,41 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 9216,35 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510.00 manat və qulluq stajına görə əlavə 47,79 manat olmaqla orta aylıq əmək haqqı 557,79 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 6 il 9 ay 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (557,79 manat) 47 faizi - 262,17 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 445,20 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 9334,53 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin editmiş əmək pensiyasının ümumi məbiəği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasil nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 6 il 9 ay 20 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 22,50 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 560,00 manat və qulluq stajına görə əlavə 52,47 manat olmaqla orta aylıq əmək haqqı 612,47 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (557,79 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (612,47 manat) arasındakı fərq məbləğinin (54,68 manat) 22,50 faizi - 12,30 manat 1 mart 2018-ci il tarixinədək hesablanılmış pensiyanın (262,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 274,47 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 473,29 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 3578,76 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 840,00 manat və qulluq stajına görə əlavə 78,71 manat olmaqla orta aylıq əmək haqqı 918,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (612,47 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (918,71 manat) arasındakı fərq məbləğinin (306,24 manat) 22,50 faizi - 68,90 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanılmış pensiyanın (274,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 343,37 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 613,74 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 4325,92 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2006xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 29192,37 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə göndərilmiş iddiaçıya aid pensiya işinə dair sənədlərin surətindən görünür ki: - DSMF Xətai rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli qərarı ilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarı ilə İddiaçı xx.xx.2006-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 29192,37 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın - xx.xx.2021ci il tarixli **********5 qərarın ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarın iddiaçıya poçt vasitəsilə təqdim edildiyini, iddiaçının poçt xəbərnaməsinə imza edərək xx.xx.2021-ci il tarixində qəbul etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili mübahisələndirilən qərarın iddiaçıya poçt vasitəsilə göndərildiyi, lakin iddiaçının həmin qərarın mahiyyətini başa düşməyərək cavabdehlə müvafiq yazışmalar apardığını bu səbəbdən məhkəməyə gec müraciət etdiyini nəzərə alaraq buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin: -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə sözügedən qərarın icra edilməsi üçün cavabdeh tərəfindən Xətai rayon İcra şöbəsinə icra sənədi göndərildiyini, İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icraata başlanıldığını, iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2022-ci il tarixdə cavabdehə müraciəti əsasında ona mübahisələndirilən qərarın surətinin xx.xx.2022-ci il tarixli məktubla təqdim edidliyini, eləcə də müddətin bərpasına dair ərizənin müddətin buraxılmasından 1 il ərzində verildiyini nəzərə alaraq hesab edir ki, 30 günlük iddia müddəti bərpa edilməlidir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini mübahisələndirdiyindən məhkəmə həmin qərarın “İnzibati icraat haqqında”, “Əmək pensiyaları haqqında” Qanunların prosessual normalarının tələbləri baxımından qanuniliyini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin qərarla ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarın qəbul edilməsi yolverilməzdir. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyanın geri qaytarılması barədə qərar qəbul edə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyanın qaytarılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyanın geri qaytarılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmiş və eyni zamanda həmin qərarın icra edilməsinin təşkili icra şöbəsinə həvalə edilmişdir. Mübahisələndirilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, artıq ödəmə üçün əsas yaranmışdırsa, bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qeyd edildiyi kimi qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6428/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6428/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver