Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6429/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sirac qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sirac qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamına əsasən fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının mərhum həyatına yoldaşına torpaq sahəsi ilə ayrılmış, həmin torpaq sahəsinin 0,03 ha sahəsi sonuncunun adına qeydiyyatdan keçmişdir. Sonradan, vərəsəlik hüququ haqqında şəhadətnaməyə və miras payın bağışlanması müqaviləsinə əsasən iddiaçının adına qeydiyyatdan keçmişdir. İddiaçı torpaq sahəsinin qalan 0,03 ha sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsinə texniki baxışın keçirilməsi üçün mühəndisin göndərilməsinə dair müraciəti İdarəyə daxil olmuş, lakin iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Həmçinin, faktiki göstərilən torpaq sahəsi ilə İdarənin arxivində mövcud olan yerləşmə cizgisi arasında ciddi uyğunsuzluq mövcuddur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin qalan 300 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınarıq çıxarışın verilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia)tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər cavabdehin nümayəndəsinin izahatından və yazılı etirazından, istərsə də hazırkı iş üzrə cavabdehin imtina məktublarının verilməsinə əsas olan müraciələrdən, həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmiş, müraciətlər yalnız cavabdehin arxivində torpaq sahəsi ilə bağlı saxlanılan sənədlərin təqdim edilməsi (28.10.2020-ci il tarixli müraciət) və torpaq sahəsinə texniki baxışın keçirilməsi üçün mühəndisin göndərilməsi (15.05.2020-ci il tarixli müraciət) ilə bağlı olmuşdur. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13-cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək çıxarışın verilməsi barədə iddia tələbinin öhdəliyin icrası haqqında iddia hesab edildiyindən və qeyd olunan iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsinin zəruri olduğu bildirilmiş, iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi ilə bağlı əvvəlcədən inzibati orqana müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə həmin müraciət və onun cavabdehə rəsmi qaydada təqdim edilməsi barədə müvafiq sənədin (xəbərnamə və ) təqdim edilməsi təklif olunmuşdur Sözügedən hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərildiyi ünvana göndərilmiş və poçt xəbərnaməsinə əsasən iddiaçıya çatdırılmışdır.Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi ilə bağlı əvvəlcədən inzibati orqana müraciət etdiyini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi (çıxarışın verilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi təqdirdə, onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6429/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6429/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver