Məhkəmə qərarları › İş №2-1(112)-644/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-644/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-644/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsi və X3 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “hüquqların qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail Bələdiyyəsi və X3 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmış Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında onun adına sənədləşdirilməsi və Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında onunla Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır. Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı əsasında Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. m. torpaq sahəsinə dair onunla Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilmiş və onun adına sənədləşdirilməsi nəzərdə tutulmuş 600 kv. m. torpaq sahəsinin planı tərtib edilərək, ona verilmiş, həmçinin torpaq sahəsi faktiki ayrılaraq, onun istifadəsinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göstərilənlərə və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsaslanaraq cavabdehə ərizə ilə müraciət edərək, Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda ona ayrılmış 600 kv. metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasını xahiş etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 16 oktyabr 2020-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmadığı, cizgidə dəqiq istinad məsafələrinin göstərilmədiyi və sahəyə digər şəxsin müraciət etdiyi müəyyən edilmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən hallara əsaslanmaqla Səbail Bələdiyyəsinin 511 saylı, 30 dekabr 2004-cü il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda ona ayrılmış 600 kv. m. torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasından imtina etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Bakı şəhəri Səbail Bələdiyyəsi və X3 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2020-ci il tarixli, ********** nömrəli ərizə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı təqdim edilməmiş (sərəncam təqdim edilib), torpaq sahəsinə dair təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Təqdim edilən cizgidə dəqiq istinad məsafələri göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2020-ci il tarixli, **********21 saylı məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X4 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “X4 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “X4 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. 6.5-ci maddəsinin əvvəlki redakiyasında deyilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxslər Bakı şəhəri Səbail Bələdiyyəsinin və X1 iddia tələbinə dair yazılı münsaibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı, cavabdeh və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi X2 izahatında iddianı müdafiə edərək, və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi–X5 izahatında iddianı qəbul etməyərək, və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. Səbail Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 511 №-li, xx.xx.2004-cü il tarixli qərarın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş İddiaçı adına sənədləşdirilməsi; Bakı şəhəri, 5-ci zona üzrə mövcud qiymət qaiməsindən çıxarış əsasında vətəndaş İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktının tərtib edilməsi qərara alınmışdır. “Torpaqların alqı-satqısına dair” aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı müraciətinə Bələdiyyənin iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 600 kv. m. torpaq sahəsi satılması barədə 2004-cü ildə 30 dekarb tarixli 511 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən 2496 manat ödənilmişdir. Səbail Bələdiyyəsi tərəfindən İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulmuş 600 kv. m. torpaq sahəsinə dair plan tərtib olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 3-16/2- 09/3-11-1844/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 511 saylı qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Səbail Bələdiyyəsinin 05-76 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, istintaq zərurəti olduğundan Səbail Bələdiyyəsinin arxiv sənədləri Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən götürülmüşdür. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********56 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan məktuba əlavə olumuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, Səbail rayonu, Səlyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600,00 kv. m, faktiki sahəsi 600 kv. m. təşkil edir, torpaq sahəsi dörd tərəfdən mişar daşından hasarla sərhədlənib, darvaza qapısı yoxdur, giriş sərbəstdir. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin cizgisində göstərilən perimetrik ölçülərdə faktiki ölçülər arasında fərq vardır. Göstərilən faktiki sahənin koordinatı baxılması üçün akta əlvə olunmuşdur. Üst-üstə düşmə halı ilə bağlı idarənin elektron baza məlumatlarında baxılması məqsədəuyğundur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 3-35-1/2-519/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 31 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı təyin verilib verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə təqdim edilməsi ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********96 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarında torpaq sahəsinin Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Həmçinin cizgidə dəqiq istinad məlumatı yoxdur. Alqı-satqı aktı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində təsdiqlənməyib. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********21 №-li, xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmışdır. Təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmadığı, cizgidə dəqiq istinad məsafələrin göstərilmədiyi və sahəyə digər şəxsin üraciət etdiyi müəyyən edilmişdir. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri Səbail bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 511 №-li, xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. metr torpaq sahəsi Bakı şəhəri Səbail bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşirmi? Bakı şəhəri Səbail bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 511 №-li, xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış və hazırda istifadəsində olan Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. metr torpaq sahəsinin faktiki ölçüləri nə qədərdir və həmin torpaq sahəsi üçüncü şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşürmü? Bakı şəhəri Səbail bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” 511 №-li, xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış və hazırda istifadəsində olan Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv. metr torpaq sahəsinin faktiki ölçüləri və yerləşməsi həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Səbail bələdiyyəsi tərəfindən tərtib olunmuş cizgiyə uyğundurmu? DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********56 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəsis rəyində aşağıda qeyd olunan nəticələr göstərilmişdir: 1-ci sual üzrə - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. metr təşil edir (üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mükiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. 2-ci sual üzrə - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. m. təşkil edir. Vahid elektron kadastr məlumat bazasında torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı məlumat aşkar edilməmişdir. 3-cü sual üzrə- Cizgidə heç bir istinad, istinad məsafəsi göstərilmədiyindən, perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/947 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-40456/2023 nömrəli xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən: - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. metr təşil edir (üzərində tikili yoxdur). Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mükiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - Göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv. m. təşkil edir. Vahid elektron kadastr məlumat bazasında torpaq sahəsinin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşmə halı ilə balı məlumat aşkar edilməmişdir. - Cizgidə heç bir istinad, istinad məsafəsi göstərilmədiyindən, perimetrik ölçü və konfiqurasiya fərqi olduğundan sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 511 nömrəli qərarı ilə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 600 kv. metr torpaq sahəsinin şimal, cənub, qərb və şərq sərhədlərində qonşu torpaq sahələrinin qeydə alınıb-alınmaması, alındığı təqdirdə qeydə alınmalarına əsas olmuş hüquqmüəyyənedici sənədlərin surətlərinin verilməsi barədə müvafiq sorğuya əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, göstərilən ərazidə torpaq sahələrinə dair ilkin mülkiyyət hüquqları qeydə alınmış fiziki şəxlərin (iki fiziki şəxs) hüquqlarının qeydə alınmasına əsas olan ilkin hüquqmüəyyənedici sənədlər - Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən 2003 və 2005-ci illərdə torpaq sahələrinin sənədləşdirilməsinə dair verilmiş sərəncam və qərar və bələdiyyə ilə fiziki şəxs arasında bağlanmış alqı-satqı müqavilələri olmuşdur. Tətbiq edilən hüquq. “X4 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür (maddə 2.2). Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər (maddə 2.3). Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər (maddə 2.4). Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır (maddə 4.0). qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) (maddə 6.5). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (maddə 6.9). Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1 xx.xx.2008-ci il tarixədək olan redaksiyası). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "X4 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nda göstərilmişdir ki; 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Beləki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aid olmaqla yanaşı, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair nə inzibati orqana, nə də məhkəməyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 511 nömrəli qərarı ilə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən 600 kv. metr torpaq sahəsinin sərhədlərində yerləşən qonşu torpaq sahələrinə dair ilkin mülkiyyət hüquqları qeydə alınmış fiziki şəxlərin (iki fiziki şəxs) hüquqlarının qeydə alınmasına əsas olan ilkin hüquqmüəyyənedici sənədlər kimi Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən 2003 və 2005ci illərdə verilmiş torpaq sahələrinin sənədləşdirilməsinə dair sərəncam və qərar və bələdiyyə ilə fiziki şəxs arasında bağlanmış alqı-satqı müqavilələri olmasına rəğmən, cavabdeh inzibati orqan tərəfindən həmin şəxslərin hüquqlarının qeydə alınmasına baxmayaraq, eyni mühüm faktiki hallara malik olan hazırki iş üzrə iddiaçıya münasibətdə müraciətdən imtina olunması sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş olsa da, aşağıda qeyd olunanlara əsasən hazırki iddianın təmin olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqan, eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarlar qəbul etməklə, qanunvericiliyin göstərilən tələblərini nəzərə almamışdır. Bununla belə yuxarıda da qeyd olunduğu kimi, məhkəmə araşdırması zamanı mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olmaqla yanaşı, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazır iddia təmin oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar