Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6440/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək veriləcək mənzil sahəsinin ailə tərkibinə və yerləşdiyi ərazi isə qeydiyyatda olduğu ünvana (şəhərə, rayona) uyğun olması şərtilə ailəsi ilə birlikdə Nəsimi Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vasitəsi ilə dərhal dövlətdən mənzil verilsin və bu öhdəliyi (vəzifəni) Nəsimi Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, X1 atası İddiaçı olaraq xahiş edir ki, qızı 1-ci qrup müddətsiz əlil olduğuna görə mənzil növbəsində olduğu üçün onun tez bir zamanda dövlətdən mənzil almağına köməklik göstərilsin. O və ailəsi Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 06.06.1997-ci il tarixli 765 saylı sərəncamına əsasən növbədənkənar mənzil almaq hüququna malik olan vətəndaşlar növbəsinə qəbul edilib. Lakin 1997-ci ildən ala bilmir. 2021-ci il tarixdə dəfələrlə müraciət etməyinə baxmayaraq, ona bildirilib ki, onlara verəsi ev hələ ki yoxdur. Ailəsi 1997-ci ildən bugünə kimi çox böyüyüb, lakin hələ sərəncamdakı kimi 6 nəfər ailə üzvü sayılsa da, onda onlara 3 otaqlı mənzil verilməlidir və nəzərədə alınsa ki, Bakıda qeydiyyatdad olmaqla yaşayırlar, düşünür ki, mənzil Bakıdan verilməlidir. Qeyd edir ki, onda olan dəqiq məlumata əsasən həm Bakıda, həm də Abşeronda içi əşya ilə dolu çox sayda boş mənzillər var.
3. Cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vətəndaş Əliyev X2 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 6 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı və 3 oğlu) özünə məxsus, Nəsimi rayonu, M.Sənani küçəsi 7k saylı fərdi yaşayış evində (yaşayış sahəsi 22 kv.m olan) yaşadığını bildirmiş, qızı Təranə Əliyeva İ dərəcə ümumi səbəbdən əlil olduğuna görə və ailəsinin mənzil şəraitin yaxşılaşdırılması üçün mənzil uçotuna alınmasını xahiş etmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 06.06.1997-ci il tarixli, 765 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı 6 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı və 3 oğlu) növbədənkənar mənzil almaq hüququna malik olan vətəndaşların mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi 7k saylı evində yaşayan Əliyev X2 rayon İcra Hakimiyyətinə Ə-11-068 saylı, 11.01.22-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, mənzillə təmin edilməsinə köməklik göstərilməsi barədə xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin 4/Ə-11-068 saylı, 24.01.2022-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, hal-hazırda rayon İcra Hakimiyyətinin balansında boş mənzil fondu olmadığından mənzillə təmin olunması mümkün deyil. Əlavə olaraq vətəndaşa bildirilmişdir ki, qızı Təranə Əliyeva İ dərəcə ümumi səbəbdən əlil olduğuna görə İddiaçı 06.06.1997-ci il tarixdən Nəsimi rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Cavabdehin imtinası qanunsuz hesab edərək iddiaçı 15.02.2022-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin fikrincə, tərəfindən milli qanunvericilik pozulmadığı üçün ərizəçi tərəfindən ona qarşı iddia tələbləri əsassızdır və rədd edilməlidir. Hazırda Bakı şəhərində vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı məsələlər Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürülməyin nümunəvi Qaydaları”na və Bakı şəhər X5 4-cü sessiyasının 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş ’’Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən həll edilir. Həmin Qaydaların 13-cü bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar bir qayda olaraq yaşayış yeri üzrə rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələrində uçota alınırlar. Həmin Qaydaların 16-cı bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar yaşayış yeri üzrə rayon X5 icraiyyə komitəsinin qərarı ilə, iş yeri üzrə isə sonradan rayon X5 icraiyyə komitəsinin təsdiqinə təqdim edilməklə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Qaydaların 36-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotunda duran vətəndaşlara mənzillər onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbə qaydası ilə istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 06.06.1997-ci il tarixli, 765 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı 6 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı və 3 oğlu) növbədənkənar mənzil almaq hüququna malik olan vətəndaşların mənzil növbəsinə götürülmüşdür. Hal-hazırda onun siyahıda sıra sayı 79- dir. Qeyd etmək lazımdır ki, son 30 il ərzində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yaşayış binaları inşa edilmədiyindən, mənzil fondunda boş mənzil olmadığından, Azərbaycan Respublikasının dövlət büdcəsində bu sahə üçün vəsait ayrılmadığından və dövlət mənzil fondunun 95 faizi Azərbaycan Respublikasının vətəndaşları tərəfindən özəlləşdirildiyindən, hal-hazırda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara mənzil verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edirik ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 4/Ə-11-068 saylı, 24.01.2022-ci il tarixli məktubu qanuni və əsaslı olmuşdur.
4. İddiaçı tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış ərizədə bildirilmişdir ki, eyni tələblə iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır (e- 1(112)-6317/2022, hakim Şəlalə Həsənova), ona görə də hazırkı işin həmin işə birləşdirilməsini xahiş edir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bildirilmişdir ki, X3 “ümumi xəstəlik” səbəbindən 26.01.2000-ci ildən müddətsiz birinci dərəcə əlillik statusuna malikdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında tərəflər iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
11. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni tələblə bağlı məhkəmədə daha əvvəl qeydə alınmış e-1(112)-6317/2022 nömrəli iş mövcuddur (hakim Şəlalə Həsənova).
12. Məhkəmə işlərə birgə baxılması və vahid qərarın qəbul edilməsi üçün hər hansı hal müəyyən etmir və hesab edir ki, hazırki inzibati iş üzrə məhkəmə icraatının e-1(112)- 6317/2022 iş üzrə məhkəmə icraatına birləşdirilməsinə dair vəsatət əsaslı olmadığından təmin olunmamalıdır.
13. Belə ki, İPM-in 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır.
14. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia hazırki mübahisənin qaldırıldığı 21.02.2022-ci il tarixdə məhkəmənin icraatında artıq mövcud olduğu üçün hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. İPM-in 83.3-cü maddəsinə əsasən, müstəqil qaydada şikayət verilə bilməyən qərarlar istisna olmaqla digər məhkəmə qərardadlarından şikayət verilməsi mümkün hesab edilir. Konstitusiya Məhkəməsinin M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardadın vəsatətin təmin edilməyən hissəsindən də şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.
17. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Vəsatət təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva